İsa Həbibbəyli: Türk Dövlətləri Birinci Kardionkoloji Konqresi elmi hadisədir

İsa Həbibbəyli: Türk Dövlətləri Birinci Kardionkoloji Konqresi elmi hadisədir

07 Oktyabr 2024

Azərbaycan Türk dünyasının inteqrasiyasında müstəsna rol oynayır, türkdilli ölkələr arasında əlaqələrin genişlənməsində özünəməxsus körpü funksiyasını yüksək səviyyədə yerinə yetirir. Bugünkü konqres də Azərbaycan Respublikasının aparılan dövlət siyasətinin, yəni Türk dünyasına inteqrasiyanın genişlənməsi və möhkəmlənməsi siyasətinin inkişafına öz töhfəsini verəcək. Konqres Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Türk dünyasına, türk birliyinə verdiyi əməli töhfə kimi də yüksək əhəmiyyətə malikdir. Türk Dövlətləri Birinci Kardionkoloji Konqresinin Bakıda keçirilməsini ölkəmizdə gedən proseslərlə əlaqəli şəkildə əlamətdar elmi hadisə kimi yüksək qiymətləndirirəm.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir k, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Türk Dövlətləri Birinci Kardionkoloji Konqresinin açılışında deyib.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının əsas qurucularından biri olduğunu bildirən İ.Həbibbəyli fikirlərinə belə davam edib: “Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il keçib. Bu müddət ərzində Türk dünyasına inteqrasiya istiqamətində önəmli addımlar atılıb. Artıq ortaq tanışlıqlar, ünsiyyət dövrü başa çatıb. Qarşımızda yeni bir mərhələ başlayıb. Bu da tanışlıqdan, ümumi ünsiyyətdən iş birliyinə keçməkdir. Birgə layihələr, nəşrlər, klinikalar yaratmaq, cərrahiyyə əməliyyatları həyata keçirmək və s. layihələr üzərində işi genişləndirmək mərhələsinin başladığı dövrdə keçirilən konqres yeni çağırışlara da elmi və praktik cəhətdən töhfəsini verəcək. Konqresin işini Türk dünyasında birliyi artırmağa və səhiyyə sisteminin əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən platforma kimi faydalı hesab edirəm”.