NDU-da “Keyfiyyətli təhsil – Müasir çağırışlar” forumu keçirilib -

NDU-da “Keyfiyyətli təhsil – Müasir çağırışlar” forumu keçirilib - FOTO

20 Dekabr 2024

Forumdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Keyfiyyətli təhsil – Müasir çağırışlar” mövzusunda forum keçirilib. Forumda TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin Naxçıvan Dövlət Universitetinin 300 nəfərdən artıq  akademik və inzibati heyəti, media nümayəndələri iştirak edib.

Forumun məqsədi regionlarda yerləşən ali təhsil müəssisələrinə  keyfiyyət təminatına dair faydalı məlumatların verilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, eləcə də müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönümlü prinsiplər əsasında qurulmasına dəstək olmaqdır.

Forum çərçivəsində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, elmi potensialın gücləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı universitetin əsas prioritetlərindəndir. Rektor bildirib ki, universitetdə müxtəlif ixtisaslarda təhsil alan tələbələr real iş mühiti ilə tanış olmaq üçün yerli idarəetmə və inzibati qurumlarda təcrübə keçir, bununla da əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnirlər. Rektor həmçinin qeyd edib ki, bu il universitetdə keçirilən karyera sərgisi çərçivəsində 2000-dən artıq vakansiya elan olunub və məzunların işlə təmin olunmasında ciddi nailiyyətlər əldə edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına ali təhsil sisteminin müasir çağırışları ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, təhsil sisteminin inkişafı üçün müasir dövrün tələblərinə uyğun islahatlar aparılması zəruridir. O, ali təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşmasının, eləcə də tələbələrə keyfiyyətli təhsil imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. Tural Əhmədov ali təhsildə innovativ yanaşmaların tətbiqi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, həmçinin universitetlərdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin prioritet məsələlər olduğunu bildirib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev “Akkreditasiya prosesinin konseptual müzakirələri”, Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov “Təhsildə müasir çağırışlar”, Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Elnur Xəlilov “Kvalifikasiyaların tanınması necə həyata keçirilir?” mövzularında çıxış ediblər.

Tədbirin ikinci hissəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyininin  əməkdaşları tərəfindən “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” və “Məlumatəsaslı qərarvermə yolu ilə ATM-də keyfiyyət mədəniyyətinin formalaşdırılması” mövzularında praktiki təlimlər təşkil edilib.

Tədbirin sonunda təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi alətlərinin tələbləri və tətbiqi mexanizmi barədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, eyni zamanda TKTA tərəfindən təşkil olunan “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair təlimlərdə iştirak edən  universitet əməkdaşları sertifikatlarla təltif olunub və  xatirə şəkili çəkilib.