İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -

İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - FOTO, YENİLƏNİB

13 Mart 2025

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

XII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Sonra çıxış üçün sözü Prezident İlham Əliyevə verdi.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi:

-Xanımlar və cənablar!

Sabahınız xeyir, Bakıya xoş gəlmisiniz.

Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir.

Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Mən dünən İdarə Heyətinin üzvləri ilə görüşdüm.

Bu gün söyləmək istərdim ki, biz Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Mən, həmçinin söyləmək istəyirəm ki, biz Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi.

Biz həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, bizə olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır.

Biz artıq həmin layihələrin icrasını görürük. Beləliklə, düşünürəm ki, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir.

Bir daha qeyd etmək istəyirəm ki, ölkə enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir.

Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.

Bağlantı məsələlərinə gəldikdə, mən demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Biz bunun üçün yaxşı hazırıq, çünki biz üzərimizə düşən işi artıq icra etmişik. İndi isə biz, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin - Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə biz sülhün bərqərar olunması üçün hələ də çalışırıq.

COP-la bağlı əlavə daha nəyi deyə bilərəm? Birincisi, çox çətin idi, çünki biz tədbiri bir ildən az olan müddətdə təşkil etməli idik. Adətən, ölkələrə hazırlaşmağa iki il vaxt verilir. Bu, yekdil rəy əsasında uğurla həyata keçirildi.

İkincisi, biz nəticələrə nail olmalı idik. Burada, bizə şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, biz Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, biz uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi.

Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin biz burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.

Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politco”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər.

İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi.

Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı.

Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi.

Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq.

Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq. Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır.

Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Eyni zamanda, əlbəttə, artıq qeyd etdiyim kimi, bizim yaddaşımız yaxşıdır. Hamımız xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın cari hökuməti özünü necə aparırdı. Hamımız “Qarabağ Ermənistandır” söyləyən Ermənistan rəhbərinin bəyanatlarını xatırlayırıq. Bu, Xankəndidə deyilmişdir. Hamımız işğal olunmuş Şuşa şəhərində onun davranışını xatırlayırıq. Bunu internetdə tapa bilərsiniz. Çox maraqlı videodur.

Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Biz Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı.

Bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Biz Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Biz bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq.

Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?

Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.

Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq.

Birmənalı olaraq, Forumda yeni geosiyasi vəziyyət müzakirə olunacaqdır. Siz, yəqin, mənim şərhlərimdən təsəvvür edirsiniz ki, biz hazırda Amerikada nə baş verirsə, ona çox böyük maraq göstəririk. Nəyə görə? Səbəb çox sadədir. Çünki cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər. Xatırlayıram ki, bu, Azərbaycanda böyük məyusluq yaratdı. Mən onların bəzi nümayəndələrinə söylədim ki, biz sizə necə inana bilərik? Biz sizə lazım olanda sanksiyanı dayandırırsınız. Biz sizə artıq lazım olmayanda, sanksiyanı yenidən tətbiq edirsiniz. Onda uzunmüddətli münasibətləri sizinlə necə qura bilərik? Beləliklə, çox maraqla baxırıq. Birincisi, ona görə ki, biz Azərbaycanda Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərini uçurumdan tam xilas etdik. İkincisi, ümid edirik ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.

Birmənalı olaraq, bu gün Forumda bütün natiqləri dinləmək çox maraqlı olacaq. Həmişə olduğu kimi, əminəm ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə ideya və yanaşmalar irəli sürəcəklər.

Bir daha bizimlə olduğunuza görə təşəkkür edirik. Dəvətimizi qəbul etdiyinizə görə minnətdarıq və Foruma uğurlar arzu edirəm.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay çıxış edərək dedi:

-Təşəkkür edirəm. Sabahınız xeyirli olsun.

Hörmətli Prezident Əliyev, icazə verin, fikirlərimi təşəkkür sözləri ilə başlayım. Dəvətə görə minnətdaram və qonaqpərvərliyə görə təşəkkür edirəm. Sizi əmin edirəm ki, COP29 ölkə üçün böyük nailiyyət idi.

Hörmətli Prezident Əliyev, dəyərli qonaqlar, hörmətli dostlar.

Sizinlə birlikdə olmaq bizim üçün çox böyük şərəfdir. Biz çoxtərəfli dialoqa sadiqliyimizi nümayiş etdiririk. Bu günün şüarı çağırışların fürsətlərə çevrilməsidir. Bu, sadəcə, məqsəd deyil, həmçinin ehtiyacdır. Qlobal Bakı Forumu çox mühüm bir Forumdur və qeyri-müəyyənlik dünyasında ümid yaradan bir Forumdur. Pandemiyadan əvvəl dünyada baş verən silahlı münaqişələr artıq dünyanı dəyişib və müəyyənlik qeyri-müəyyənliklə əvəz olunub. Böhran genişlənir və dünya səviyyəsində qeyri-sabit vəziyyət inkişaf edir, müxtəlif bölgələrdə münaqişələr davam edir və tarixin kölgələri bəzi hallarda müasir dünyanı üstələyir. Çağdaş dünyamız yalnız siyasi böhranla üzləşməyib, eyni zamanda, iqtisadi tənəzzül də baş verir. Bu gün dünya keçid dövründədir və azadlıq, demokratiya, insan ləyaqəti, ədalət və təhlükəsizlik kimi məfhumlar bu keçidin sınağından keçməkdədir. Dünyada münaqişələr var, kibertəhlükələr, mütəşəkkil cinayətkarlıq və saxta məlumatlar dominantlığa çevrilir və beləliklə, bizdən cəsarət, birlik tələb olunur. Gücdən istifadənin ədaləti əvəzlədiyi bir dövrdə cəmiyyətlər, nəsillər iflasa uğrayır və düşünürük ki, çağırışların məqsədi yeni imkanlar yaratmaqdır. Çağırışlar yeni dünya düzəni üçün sınaqdır. Ukraynadakı münaqişə və digər münaqişələr təhlükəsizliyi sarsıdır, kontinental və qlobal səviyyədə əməkdaşlığa böyük təhdiddir. Biz sülhün bərpasına nail olmalıyıq, biz sərhədlərin və dövlət suverenliyinin qorunmasına çalışmalıyıq. Milli çağırışlardan məqsəd mütəşəkkil cinayətkarlıqla və kibertəhlükələrlə mübarizədən ibarətdir. Bunlar sözsüz ki, regional və beynəlxalq səviyyədə əməkdaşlığımızı tələb edir.

Qeyri-qanuni miqrasiyanın Avropaya axını bir daha onu göstərdi ki, sərhədlərdə nəzarət bu baxımdan kifayət deyil. Çünki bu, bütövlükdə həmin axının qarşısını ala bilmir və mexanizm tam işlək deyil. COVID-19 pandemiyasının idarə edilməsi təcrübəsi onu göstərdi ki, ən səmərəli həllər vahid reaksiya mexanizmindən irəli gəlir, elm və texnologiyaya uzunmüddətli investisiyalar yatırılmalıdır. Biz texnoloji inkişafa dəstək olmalıyıq, süni zəkanı inkişaf etdirməliyik. Bu, fərdlərə, icmalara və xalqlara yeni fəslə, yeni mərhələyə keçməyə imkan yaradacaq. Beləliklə, bu, həyatımızın hər bir sahəsinə aid olacaq. Biz öz dəyərlərimizə sadiq qalmalıyıq. Çağdaş dünya hazırda ən çox texnoloji inkişaf dövrünü yaşayır və bu da heç asanlıqla mümkün olmayıb. Bir çox çağırışlardan keçmişik. İndi cəsarət və aydın bir baxış lazımdır ki, sülhü və təhlükəsizliyi, iqtisadi inkişafı və siyasətləri vətəndaşlarımızın xeyrinə çevirək. Bizə elə bir dünya lazımdır ki, iqtisadiyyat dayanıqlı olsun, münaqişələr həll edilsin və cəmiyyətlərimiz güclənsin, parçalanmasın, daha çox həmrəy olsun, sülh çox tutarlı və möhkəm əsaslarda qurulsun. Bu, sözsüz ki, sabahkı dünyanı yaşamaq üçün daha da məqbul edəcək.

Xanımlar və cənablar, öz ölkəmin təcrübəsindən deyə bilərəm ki, o, çətin və çağırışlı, qalmaqallı dövrlər keçib, Albaniya bunu yaşayıb. Totalitarizmdən demokratiyaya keçib. Təhlükəsizlik olmayan dövrdə NATO üzvlüyünə, mərkəzləşdirilmiş iqtisadiyyatdan azad iqtisadiyyata və təcrid olunmuş ölkədən ildə 10 milyona qədər turist cəlb edən ölkəyə çevrilmişik. Hazırda biz Avropa İttifaqına üzv olmağa yaxınıq. Albaniya demokratiyaya üstünlük vermişdir.

Albaniya ABŞ ilə tərəfdaşlığına sadiqdir, biz Avroatlantik dəyərlərə inanırıq. Biz Avropa İttifaqına üstünlük veririk. Bu, sülhün, təhlükəsizliyin və firavan yaşamın zəminidir. Albaniya həm ölkə daxilində, həm də ölkə xaricində olan albanları birləşdirərək çağırışları fürsətlərə çevirib. Bizim gənc nəslimiz iddialıdır və bu prosesdə mühüm rola malikdir.

Hörmətli iştirakçılar, hörmətli dostlar. Albaniya tam şəkildə inanır ki, əməkdaşlıq və dialoq fövqələhəmiyyətli məsələlərdir və onlar bizə gələcəyi gətirəcək. Biz düşünürük ki, sülh və təhlükəsizlik olmadan nəyəsə nail olmaq mümkün deyil. Buna görə biz dialoqa və demokratik sabitliyə sədaqətimizi bir daha ifadə edirik.

Çıxışımın sonunda istərdim Albaniya ilə Azərbaycan arasında dostluq haqqında söz açım. Bizim uzunmüddətli dostluğumuz qarşılıqlı əməkdaşlıqda öz əksini tapır, ələlxüsus iqtisadiyyat və infrastruktur layihələrini nəzərdə tuturam. Mən bu əməkdaşlığa və onun inkişafına sadiqəm. Bu, bizim xalqların marağına cavab verir və baxmayaraq ki, biz coğrafi baxımdan yaxın deyilik, xalqlarımızla, qonşularımızla, tərəfdaşlarımızla gələcəyi birgə qura bilərik.

Bu Forum çox gözəl bir platformadır. Sülh, təhlükəsizlik və inkişaf naminə qurulan çox gözəl bir müstəvidir.

Hər birinizə uğurlar diləyirəm və xoş gün arzulayıram. Təşəkkür edirəm.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç çıxış edərək dedi:

-Təşəkkür edirəm. Sabahınız xeyir, cənab Prezident.

Hörmətli iştirakçılar.

Bu mühüm müzakirəyə dəvətə görə təşəkkür edirəm. Biz dünyadakı bir çox qalmaqallı və çətin bölgələr haqqında danışırıq. Doğrudan da bu çağırışlar fürsətlərə çevrilə bilərmi? Mən də belə bir ölkəni təmsil edirəm ki, bizdə 30 il ərzində konstitusion və siyasi böhran olub. Biz bu uzunmüddətli böhranın bir çox fəsadlarını yaşamışıq. Ümumi yanaşsaq, hamı gözləyir ki, beynəlxalq münasibətlər hansı duruma çatacaq və hazırda Tramp administrasiyası bunu necə dəyişəcək? Deməliyəm ki, Amerikanın dərin hökuməti bir çox hallarda Bosniya və Herseqovinanı da qurban kimi seçmişdi. Burada müəyyən proseslərə təsir etməyə və onu mərkəzləşmiş dövlətdən təmərküzləşdirilmiş dövlətə çevirməyə çalışırdı. Bununla da biz uğursuz bir dövlət olacaqdıq və vahid bir milli mənsubiyyəti olmayan xalqlara çevriləcəkdik. Əsas alətlərdən biri məhkəmə sistemindən silah kimi istifadə etmək idi. Bizim Konstitusiya Məhkəməsində üç xarici hakim və digər hakimlər də var idi ki, onlar sülh sazişinə öz mənfi təsirlərini göstərirdilər. Bu Konstitusiya Məhkəməsi bizim Konstitusiyanı dəyişərək, mövcud konstitusiyanı müdafiə etmirdi. Digər nümunə isə Bosniya və Herseqovina məhkəməsidir. Bu siyasi məhkəmə bir qətnamə qəbul edir ki, nəticədə Bosniya və Herseqovina zorakılıq mənbəyinə çevrilir. Serbiya Prezidenti çalışmışdır ki, öz konstitusion hakimiyyətini həyata keçirsin və orada öz iradəsini tətbiq etsin. O, bu konstitusional öhdəliklər çərçivəsində səlahiyyətlərinə təsir etmişdir və onları pozmuşdur. Beləliklə heç bir digər prezident buna oxşar bir hərəkət etməyib. Bu, ona görə baş verir ki, xaric Kristian Şmidti yüksək elçi adlandırırdı. O, hakimiyyəti mənimsəmişdir və beynəlxalq hüquqa, Deytona prinsiplərinə və Bosniya və Herseqovinanın Konstitusiyasına və Serbiya Respublikasının Konstitusiyasına laqeyd yanaşaraq, öz iradəsini, qeyri-qanuni və avtokratik qərarlarını yeritməyə çalışırdı. Konstitusiyaya, qanunvericiliyə zidd olaraq qərar vermişdir ki, bizim cinayət məhkəməsi sistemi dəyişsin və Herseqovinanın seçilmiş şəxslərinə qarşı cəza mexanizminə çevrilsin. Bu, müharibənin bir nümunəsidir, müasir hüquqi sistemin yanlış istifadəsidir və bu, siyasi müxalifətin ədalət adı altında irəli çəkilməsidir. Bizim gördüyümüz odur ki, hesablanmış bir yanaşma var: demokratik seçilən şəxslərin yerindən tərpədilməsi və sosial dəyərləri sarsıtmaq üçün Bosniya və Herseqovina bu proseslərdən çıxmalıdır. Həqiqətən də demokratik sistem qurulmalıdır ki, yalnız demokratik yolla seçilmiş şəxslər, nümayəndələr siyasəti müəyyənləşdirsin və qanun insanlara xidmət etsin. Seçilməmiş və heç bir seçicinin səsini almayan şəxslərə xidmət etməsin. Məhkəmə sistemindən sui-istifadə, seçilmiş Serbiya nümayəndələrinin Deytona sazişlərinə qarşı addım atması bizim respublikaya və bizim insanlara, ümumiyyətlə hamıya qarşı təhdiddir. Beləliklə Almaniyanın cavabı və münasibəti bizim daxili siyasətimizdə münaqişəni daha da dərinləşdirir və biz yalnız və yalnız bunun mənfi təsirlərini görürük. Biz Bosniya və Herseqovinada bunun şahidi olmuşuq. Beləliklə, demokratiya, yeni dünya düzəni, əhalinin hüquqlarını qorumaq üçün həqiqi mexanizmlər haqqında danışanda Bosniya və Herseqovina bir müstəmləkədir və bəlkə də mövcud olan yeganə müstəmləkədir. Təəssüf ki, Bosniya və Herseqovina haqqında tam mənada danışmaq, tam vəziyyəti başa düşmək istəmirlər. Xaricilərin yanlış addımları beynəlxalq ictimaiyyətdən gizlədilir. Mən iştirak etdiyim bütün forumlarda bu məsələ, bu ədalətsizlik, səhv addımlar haqqında danışıram və xaricilərin fəaliyyətlərini tənqid edirəm. Düşünürəm ki, bu, Forumda çox gözəl imkandır. Bosniya və Herseqovina yalnız və yalnız daxili dialoq vasitəsilə irəli gedə bilər. Ölkənin üç əsas xalqının nümayəndələri məsələləri birlikdə müzakirə etməlidirlər. Bu ölkə Kristian Şmidtin deyil, Avropa İttifaqının deyil, ABŞ-ın deyil və yaxud digərlərinin deyil, bizim ölkəmizdir. Odur ki, burada yeganə çıxış yolu dialoqdur, ünsiyyətdir, bizim indi və gələcəkdə birgə yaşayışımızdır.

Təşəkkür edirəm, cənab Prezident. Təşəkkür edirəm ki, biz öz hekayələrimizi və fikirlərimizi burada paylaşa bilirik.

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova çıxış edərək dedi:

-Hörmətli Prezident Əliyev, Zati-aliləri.

Xanımlar və cənablar.

Fürsətdən istifadə edib bizim çox gözəl ev sahibinə təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəvətə görə minnətdarlığımı bildirirəm. Bizi Azərbaycanda XII Qlobal Bakı Forumunda iştirak üçün dəvət ediblər. Coğrafi məsafəyə baxmayaraq, bizim iki dost ölkəmiz dərin bağlara malikdir. Bu iki ölkə bəşəriyyətin qovuşduğu nöqtələrdə yerləşir və burada çoxmillətli, çox dinlərə malik xalqlar birgə yaşayır. Hər iki ölkə 1991-ci ildə müstəqilliyini bərpa edib, öhdəlik olaraq çoxtərəflilik və əməkdaşlıq kimi dəyərləri seçib. Həmçinin digər bir məsələ var ki, bizim iki ölkə üçün oxşardır - Azərbaycan Odlar yurdudur, mən isə Günəş ölkəsini təmsil edirəm. Bizim makedon şairlərdən biri demişdir ki, Günəş insanın qazana bildiyi ən qədim odlardan biridir. Son bir neçə gün ərzində dost Azərbaycan Respublikasına rəsmi səfər çərçivəsində çox geniş müzakirələr aparmışıq.

Möhtərəm Prezident Əliyev, qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycanın qonaqpərvərliyi, həmçinin beynəlxalq səviyyədə Qlobal Bakı Forumu vasitəsilə daha da tanınır. Son illərdə Forum dünyada ən qabaqcıl platformalardan birinə çevrilib, bura bir neçə nəsil liderlərin müdrik, dərin fikirlərinin və ideyalarının paylaşıldığı bir yerdir. Bu, regional və beynəlxalq məsələlər ətrafında qurulan bir Forumdur.

Hörmətli qonaqlar, bu məsələlər 2025-ci ildə xüsusilə əhəmiyyətlidir. Çünki bu ili hamı keçid ili, dəyişikliklər ili kimi düşünür. Günbəgün yeni suallar ortaya çıxır, lakin onların cavabları yoxdur. Dünya çox fərqli bir məkana çevrilir. Çoxtərəflilik qütbləşməyə, siyasi mübarizəyə yol açıb və birgə təhlükəsizlik sistemini sarsıdır. Birləşmiş Millətlər Təşkilatı qütbləşən bir quruma çevrilir. Lazım olan vaxtda istənilən nəticəni vermir və dünyada konsensus artıq sual altındadır. Biz yeni mərhələdə - beynəlxalq sistemə əsaslanan qərarların dəyərdən düşdüyü dövrdə necə yaşamalıyıq?

Bir müddət əvvəl Almaniya Prezidenti Ştaynmayer Münxen Təhlükəsizlik Konfransında qeyd etmişdir ki, güc yeni dünya düzəninin aparıcı dəyəri olmamalıdır. Çünki bu, bəşəriyyətin əldə etdiyi nailiyyətləri, 80 il əvvəl BMT-nin təsis olunduğu günlərdə qərara gəldiyi və bizi birləşdirən dəyərləri heçə endirəcək. Yeni qaydalar nədən ibarət olacaq, nəyə əsaslanacaq? “Pacta Sunservanda” prinsipinə, yoxsa güc prinsipinə əsaslanacaq? Bu, dəyərlərin, reallığın, yoxsa maraqların toqquşmasıdır? Ümumiyyətlə, bu böhranın öhdəsindən gələ biləcəyikmi? Qarşımızdakı bu çağırışların öhdəsindən birgə qaydalarla gələ biləcəyikmi? Ümumiyyətlə, gələcək nəsillər üçün biz hansı dünyanı qoyub gedəcəyik? Düşünürəm ki, bu il Qlobal Bakı Forumunda müzakirə edəcəyimiz suallar sırasında bunlar da var. Mənim üçün böyük şərəfdir ki, Forumun Birləşmiş Millətlər Təşkilatının gələcək naminə fəaliyyətinə həsr olunmuş üçüncü panelində çıxış edib fikirlərimi bildirəcəyəm.

Bildiyiniz kimi, vaxtilə ABŞ Dövlət Departamentinin Dövlət katibinə Nobel Sülh Mükafatı verilmişdir. Sırf 80 il əvvəl BMT-nin təsis olunmasına görə müraciətində Dövlət katibi qeyd etmişdir ki, insanlar və xalqlar üçün əsas məsələ odur ki, onlar kifayət qədər əziyyət çəkiblərmi, ibrət dərsi çıxarıblarmı ki, şübhələri, yanlış təsəvvürləri arxada qoyub, birləşib vahid dəyərlər, vahid maraqlar naminə inkişaf etsinlər. Burada vahid maraqlar uzunmüddətli sülhə yol açır. İnsanların yaratdığı texnologiyanın açdığı yeni imkanlardan istifadə edib bəşəriyyətin inkişafına, təkamülünə yönəltməliyik, nəinki onun dağıdılmasına.

Mən səmimi-qəlbdən inanıram ki, Qlobal Bakı Forumu yeni düşüncələr üçün gözəl məkan, bu fikirləri, bu ali maraqları qorumaq və yaşatmaq üçün gözəl bir imkan olacaq.

Sonra Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edərək, XII Qlobal Bakı Forumunun fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban mühitdə bir araya gətirdiyini bildirdi. Sabiq Prezident Forumun dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparılmasına imkan yaratdığını vurğulayaraq dedi: “Çıxışıma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Məşvərət Şurasının və həmkarım İsmail Serageldinin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm bu təşəbbüsün başlanmasına, həm də onun davamlı şəkildə inkişafına verdiyi dəstəyə görə təşəkkür sözləri ilə başlamaq yerinə düşər. Cənab Prezident dünyanın müxtəlif dövlətlərindən artan sayda liderlərin, fərqli fikir daşıyan insanların birləşməsi üçün çox neytral və dostcasına bir mühit yaratmağa dəstək göstərmişdir, qapıları açmışdır”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirərək dedi: “Mən buraya bir neçə ay öncə COP29 üçün gəlmişdim və qısa müddət sonra bu cür yaxşı təşkil olunmuş tədbirə ev sahibliyi etdiyinə görə Prezident Əliyevi təbrik edirəm. Lakin Zati-aliləri, ən vacibi isə mən əldə edilmiş əhəmiyyətli nəticələrə görə Sizi təbrik edirəm. Hamımız bilirik ki, danışıqlar asan deyildi, lakin nəticədə iqlim maliyyəsi, qabaqlayıcı və uyğunlaşma tədbirləri üçün mühüm öhdəliklər müəyyən olundu. Qısa desək, bu, elə çoxtərəflilikdir. Ümumi problemlərlə bağlı dövlətlər ümumi həll variantlarının tapılmasında bir araya gəldilər”.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos dünya düzənini təhdid edən problemlərin müzakirəsi və həlli baxımından XII Qlobal Bakı Forumunu mühüm platforma adlandıraraq bildirdi: “Yenidən Bakıda olmaq hər zaman böyük məmnuniyyət hissi doğurur və mən bu fürsətə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm.

Mən çıxışıma dünən məni qəbul etdiyinə və bir çox mühüm məsələlərin konstruktiv müzakirəsinə görə Zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirməklə başlamaq istərdim. Zati-aliləri, bu dəfə Bakıya səfərimin qısamüddətli olmasına baxmayaraq, iş cədvəlinizin sıxlığına vaxt taparaq məni qəbul etdiyinizə görə təşəkkür edirəm”.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan son dövrlər sürətlə inkişaf edən süni zəkanın, yeni innovasiyaların qeyri-bərabər paylanmasına diqqət çəkdi və Azərbaycan hökumətinin bu istiqamətdə də dialoq üçün dəstəyinə görə minnətdarlığını ifadə edərək dedi: “Dəyərli həmkarlar, xanımlar və cənablar. Əvvəlcə cənab Prezident, belə bir Forumu təşkil etdiyinizə görə təşəkkürümü bildirirəm. Cənab Prezident, bu gün bizimlə burada olmağınıza görə Sizə təşəkkürümüzü bildiririk. Biz, əslində, Sizin, hökumətinizin güclü dəstəyini hiss etdik. Biz, həmçinin burada ticari sahədə də bəzi addımların atılmasını birgə düşündük. Düşünürük ki, ümumiyyətlə, problemlərin aradan qaldırılmasında da, ticarətdə də bu sahədə addımların atılması vacib olar. Buna görə Sizə təşəkkürümüzü bildiririk və burada olmağımıza çox məmnunuq”.

BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya vurğuladı ki, XII Qlobal Bakı Forumu beynəlxalq sülh və təhlükəsizliyin təmini üçün mühüm tədbirdir. O qeyd etdi: “Mən səmimi-qəlbdən Zati-aliləri Prezident Əliyevə bizə göstərilmiş qonaqpərvərliyə, verdiyi dəstəyə və qlobal dəyişikliklər üçün bu dialoq platformasını qurduğuna görə təşəkkürümü bildirirəm. Gözəl Bakı şəhərində olmaqdan məmnunuq. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə də XII Qlobal Bakı Forumunu təşkil etdiyinə görə minnətdaram və bildiyimiz kimi bu tədbir hər il keçirilir”.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol çıxışında enerji təhlükəsizliyi və iqlim dəyişmələri məsələlərinə diqqət çəkdi və Azərbaycanı Avropanın, eləcə də digər ölkələrin enerji böhranının həllində etibarlı tərəfdaş adlandıraraq bildirdi: “Bir çox ölkələr enerji böhranı zamanı bir daha anladılar ki, Azərbaycan etibarlı və etimadı doğuran tərəfdaşdır. Bu, bir daha sübuta yetirildi. Mən ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı gələcəkdə artacaq. Mən, həmçinin ümid edirəm ki, Azərbaycanın yaşıl dəhliz gündəliyi - Qara dənizin dibi ilə Avropaya gedən elektrik enerji kabeli layihəsi uğurlu olacaqdır”.

Sonda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirdi ki, XII Qlobal Bakı Forumu dünyanın aparıcı liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və alimlərini açıq, məzmunlu diskussiyalar üçün bir araya gətirən mühüm platformadır. “Biz burada çox müxtəlif mövzular ətrafında bir-birindən fərqlənən rəyləri eşitdik və eşidəcəyik. Dəyərli iştirakçıların burada olması bizə körpüləri salmaq, bu məsələləri təhlil etmək imkanı yaradacaqdır. Əlbəttə ki, ənənəvi Qlobal Bakı Forumu hər zaman öz rəylərinin şaxələndirilməsi ilə seçilmişdir, o cümlədən rasional arqumentlərin irəli sürülməsi ilə yadda qalmışdır”, - deyə İ.Serageldin fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər.

Martın 15-dək davam edəcək XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək.

Bundan əlavə, “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa İttifaqı məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. “COP29: Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olunacaq.

Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən maraqlı panellərindən biri isə gənclərin fikirlərinə həsr edilən “Gənclər danışsın, biz dinləyək” mövzusunda təşkil olunacaq.

18:12