Hərbi Prokurorluq DİN-in Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları ilə birgə N saylı hərbi hissədə tədbir keçirib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və DİN-in Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçularının Qəbələ rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən ölkəmizdə keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən və uğurla təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs edilib.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.