Emin Əmrullayev: Gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq

Emin Əmrullayev: Gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq

08 Oktyabr 2024

Elm adamları elmini kommersiyalaşdırmaq haqqında düşünmürlər. Onlar fikirləşirlər ki, alimdirsə, sadəcə elmlə məşğul olmalıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, digər ölkələrdə, o cümlədən Türkiyədə buna yanaşma fərqlidir:

"Hazırda təhsilə investisiya məsələsi ən çox xaricdə təhsillə bağlıdır. Ötən il Azərbaycan xaricdə təhsil almaq hüququ qazanmış 500 nəfərdən 168-i dünyanın "Top10" təhsil müəssisəsinə qəbul olub.

300-ə yaxın startap var ki, bunu ancaq tələbələr yaradıb. Onlardan 14-ü kənardan sərmayə cəlb edə bilib. Bu sərmayənin həcmi 8.5 milyon manatdır. Düşünürəm ki, bu məsələdə tamam fərqli nəticələr görəcəyik".

Nazir hesab edir ki, qarşıdan gələn nəsil elmə, biliyə daha fərqli baxır:

"Onlar auditoriyada oturub, ancaq mühazirə dinləməklə elm əldə edəcəklərini düşünmürlər. Tələbələr iş alan deyil, iş verən tərəf olmaq istəyirlər. Ona görə, gələcəkdə elmə yanaşmada dəyişikliklər olacaq.

Fundamental elmi tədqiqatların olması vacibdir. Təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə edilməsi çətindir. Bəzi insanlara "Siz alim deyilsiniz, sadəcə elmi dərəcəniz var deməliyik. Elmi tədqiqatı olmayan insanlara görə elm geri gedir. Bizdə elmin özü deyil, sadəcə imitasiyası var. Bu insanların şəxsiyyəti ilə deyil, fəaliyyəti ilə bağlı məqamdır".

E.Əmrullayev diqqətə çatdırıb ki, son dövrlərdə bu tənqidlərin nəticəsi olaraq azərbaycanlı alimlərin elmi tədqiqatları, dərc olunan məqalələri artır:

"Bu müsbət haldır. Biz isə nazirlik olaraq, buna dəstək üçün bu aydan etibarən 100-dən artıq alimə əlavə mükafatların verilməsinə başlamışıq. Bu hər alimə 500-1000 manat həcmindədir.

Qarabağ Universiteti bu cür layihələrin ən çox tətbiq ediləcəyi elm ocağı olacaq".