
Elbrus İsayev: Bu aylıq təlimlər universitetin akademik heyətinin peşəkar inkişafına töhfə verəcək
Aprelin 2-də Naxçıvan Dövlət Universitetində (NDU) "Beynəlxalq Təlim Aylığı"nın açılış tədbiri baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə ilə bağlı universitetin rektoru Elbrus İsayev jurnalistlərə açıqlamalar verib.
"Bu il aprel ayı çərçivəsində universitetimizdə ilk dəfə beynəlxalq təlimlərin aylıq formatda keçirilməsinə start verdik. Əvvəlki illərdə universitetimizdə mütəmadi təlimlər keçirilirdi, lakin bu dəfə prosesi daha sistemli şəkildə təşkilatlandırdıq. Aprel ayı ərzində 21 təlimçi tərəfindən beş fərqli istiqamətdə təlimlər aparılacaq," – deyə rektor bildirir.
Elbrus İsayevin sözlərinə görə, təlimlər dünyanın müxtəlif universitet və tədqiqat institutlarından olan professorlar tərəfindən keçiriləcək. Buraya ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olan alimlər daxildir. Tədbirin əsas auditoriyası universitetin akademik heyəti və tələbələridir, lakin digər dövlət qurumlarının işçiləri də bu təlimlərdə iştirak etmək imkanına malikdir.
"Təlimlərin mövzuları öncədən elan olunub. Maraq göstərən hər kəs təlimlərə ödənişsiz qatıla bilər. Beynəlxalq sertifikat almaq imkanı da mövcuddur. Təlimlərin sonunda təlimçilərimiz iştirakçıları qiymətləndirəcək və onları beynəlxalq səviyyədə tanınan sertifikatlarla təmin edəcəklər," – deyə Elbrus İsayev qeyd edib.
Rektor, eyni zamanda, təlimlərlə yanaşı dəvət olunmuş professorların universitetin tələbələri üçün ustad dərsləri, master-klasslar keçəcəklərini vurğulayıb.