Cabbar Musayev vətəndaşları qəbul edib -

Cabbar Musayev vətəndaşları qəbul edib - FOTO

13 Fevral 2025

Fevralın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.

Həmçinin Naxçıvan Şəhər İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-ci il tarixdə imzaladığı Sərəncamının ölkəmiz və Naxçıvan Muxtar Respublikası üçün önəmli olan məqamlarını vətəndaşların diqqətinə çatdırıb.

Eyni zamanda Naxçıvan Şəhər İcra hakimiyyətinin başçısı Cabbar Musayev bildirib ki, Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Sənaye Parkı”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixdə imzaladığı Fərmanı ölkə əhalisinin və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının, işsizliyin azalması və ticarət dövriyyəsinin artmasına zamanla öz böyük töhfəsini verəcəkdir.

Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən məhəllə və küçə yollarının asfaltlanmasından, müvafiq iş ilə təmin olunmalarına köməklik göstərilməsindən, sosial yardım almalarına müvafiq köməkliyin göstərilməsindən, mülkiyyət hüququ pozulduğu üçün kompensasiya və ya torpaq sahəsinin verilməsindən və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.

Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.