Azərbaycanın müstəqil siyasətinin nəticəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilib. Məlum olduğu kimi, bu il ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 30 ili tamam olur və eyni zamanda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan tarixi Zəfərimizdən artıq 5 il ötür. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması mühüm tarixi əhəmiyyət kəsb edir.
1993-cü ildə xalqın təkidli tələbindən sonra yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, ilk növbədə, ölkədə baş verən hərc-mərcliyə son qoydu və müstəqil dövlət quruculuğu yolunda effektiv reformlar keçirməyə start verdi. İlk olaraq müstəqil dövlətimizin hüquqi “yol xəritəsi” hesab edilən Konstitusiyanın hazırlanmasına başlanıldı. Ulu öndərin rəhbərliyi ilə komissiya formalaşdırıldı və Konstitusiya üzərində intensiv iş aparılaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Dahi şəxsiyyətin şah əsərlərindən biri olan yeni Konstitusiya dünyəvi, hüquqi və demokratik Azərbaycan dövlətinin idarə olunmasının bütün tərəflərini özündə ehtiva etdi. Beləliklə, 12 Noyabr 1995-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı.
Düz 30 il əvvəl Azərbaycan Respublikası Konstitusiyasının qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.
Böyük öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. Bu, bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.
Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur. Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Konstitusiyamız özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir.
Hər bir demokratik ölkədə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Təsadüfi deyil ki, Konstitusiyamızın birinci maddəsi Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edir. Əsas Qanunda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur. Konstitusiyamızın ikinci fəsli ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənləşdirilmiş, siyasi-hərbi, sosial-iqtisadi inkişafının əsas prinsipləri təsbit olunmuşdur. Dövlətin idarəetmə mexanizmi isə dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış hakimiyyətin səlahiyyətlər bölgüsü əsasında həyata keçirilməsi prinsipinə əsasən təşkil olunmuşdur.
Konstitusiya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə, şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu baxımdan, təsadüfi deyil ki, Konstitusiyanın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən böyük vəzifələrdən biri yeni hüquq sisteminin formalaşması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Bu sahədə atılmış ciddi addımlar nəticəsində ölkədə müasir tələblərə cavab verən üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına geniş imkan yaratmışdır. Məhkəmə hakimiyyətinin ali orqanı sayılan, Konstitusiya nəzarətini həyata keçirən Konstitusiya Məhkəməsinin statusu da məhz ilk dəfə olaraq ali qanunumuzda müəyyən olunmuşdur.
Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.
Qeyd edilməlidir ki, Əsas Qanunun qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə öz təbiətinə görə kifayət qədər sabit normativ-hüquqi akt olan Konstitusiyaya da bir daha nəzər salınması, onun müəyyən müddəalarının təkmilləşdirilməsi, mütərəqqi əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır. Məhz bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlətin sosial-iqtisadi bazasının gücləndirilməsinə, vətəndaş hüquq və azadlıqlarının yeni müstəvidə genişləndirilməsinin təminatına, dövrün tələblərinə uyğun olaraq, ali dövlət, məhkəmə orqanları və bələdiyyələrin təkmilləşdirilməsinə şərait yaratmışdır.
“Bu gün tariximizin ən parlaq, vüqarlı, o cümlədən şərəfli günlərini yaşayırıq”, – desək, yanılmarıq. Bu il Azərbaycan xalqı Zəfər Gününü qürur və fəxarət hissi ilə qeyd etdi. Azərbaycanın siyasi tarixində parlaq iz qoyan ümummilli liderimiz Heydər Əliyevin ideyalarını və siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il sentyabrın 27-dən başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini qələbə ilə başa vurdu. Nəticədə, ərazi bütövlüyümüz bərpa edildi, torpaqlarımız işğaldan azad olundu, düşmən üzərində parlaq qələbə qazanıldı. Böyük zəfər və tarixi qələbə, eyni zamanda, 30 ilə yaxın müddətdə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərimizin doğma yurdlarına yenidən qayıtmasına zəmin yaratdı. Bu mənada, qazanılan Zəfər bir milyondan artıq vətəndaşımızın Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan hüquqlarını da bərpa etdi.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamında da qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Bəli, Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, respublikamızın ərazisi özgəninkiləşdirilə bilməz. Artıq dövlət başçımızın uzaqgörən və uğurlu siyasəti nəticəsində bu maddədə yer alan prinsiplər də tam təmin olunub. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu və ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu qalibiyyətlər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı hazırda suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu baxımdan yeni qədəm qoydumuz 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması çox mühüm əhəmiyyət kəsb edir və bu gün Azərbaycan milli Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıdakı strateji hədəflərinə doğru inamla irəliləyir. Bir sözlə, “Konstitusiya və Suverenlik ili” Azərbaycanın uzun illərdir apardığı qətiyyətli və müstəqil siyasətinin məntiqi nəticəsidir.
Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Bələdiyyələrlə iş şöbəsinin rəisi kiçik ədliyyə müşaviri