AZAL təyyarəsinin "qara qutu"ları Qazaxıstana gətirilib
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bəyan edib ki, Azərbaycan insidentlə əlaqədar 3 şərt irəli sürüb: Rusiya tərəfi üzr istəməli, öz günahını etiraf etməli, eləcə də günahkarları cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycana, zərərçəkən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.