Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

26 Noyabr 2024

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 1 489 müraciət daxil olub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, müraciətlərin 90,3 %-ni ərizələr, 9,6 %-ni şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Müraciətlərin 98 %-nin baxılması 10 ay ərzində başa çatdırılıb, 2 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,3 %-i həll olunub, 3,1 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Hesabat dövründə yerli Dövlət Vergi Xidmətində vəzifəli şəxslər ümumilikdə 96 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.