Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib -

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib - FOTO

15 İyul 2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində cari ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Dövlət Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, iclası giriş sözü ilə açan xidmət rəisi general-leytenant İlqar Musayev dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər və çətin geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında əldə edilmiş uğurlar və nailiyyətlərin olduğunu vurğulayıb.

Müşavirədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, informasiya təhlükəsizliyinin təmin olunması və onun tələblərin gücləndirilməsi, o cümlədən görülən işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

Respublika ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fiber-optik kabellərin çəkilməsi, burada fəaliyyət göstərən dövlət qurumların “AzStateNet” şəbəkəsinə qoşulması və digər görülmüş işlər barədə hesabat verilib.

Xidmət rəisi Azərbaycanda 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar məlumat verib və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Müşavirədə cari ilin sentyabr ayında xidmət tərəfindən Azərbaycanda ilk dəfə keçiriləcək “Kiberdiplomatiya Konfransı”nın təşkili ilə bağlı qarşıda duran işlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təltif olunmuş bir sıra əməkdaşlarına mükafatlar təqdim olunub.