Uzunömürlü ailə ilə gənclərin görüşü olub -

Uzunömürlü ailə ilə gənclərin görüşü olub - FOTO

07 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti dəfə “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi çərçivəsində Culfa rayonunun Gülüstan kəndində uzunömürlü, nümunəvi Hüseynovlar ailəsi ilə gənclərin görüşü keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” nümunəvi ailənin üzvləri, 60 ildir evli olan Hüseynov Əhməd Məmmədxan oğlu və Hüseynova Səməngül Müslüm qızının qonağı olublar.

Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mədinə Əlisoy nümunəvi ailələrin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən, Hüseynovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 60 illiyi tamam olan uzunömürlü ailə başçısı Əhməd Hüseynov ailəsinin qayğısına qalaraq 5 övlad böyüdüb, 12 nəvə, 3 nəticə sahibidir. Onun ömür-gün yoldaşı Səməngül Hüseynova qayğıkeş ana olmaqla gələcəyin vətənpərvər övladlarını yetişdirib.

Uzunömürlü ailənin üzvləri, Culfa rayonunun Gülüstan kəndində yaşayan, evliliklərinin 60 illiyi tamam olan Əhməd Hüseynov və Səməngül Hüseynova 60 illik ailənin möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmət və ehtiramın oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlər veriblər.

Tədbirin sonunda Komitə tərəfindən Hüseynovlar ailəsinə hədiyyə təqdim edilib.