Şərur Rayon Elektrik Şəbəkəsində Muxtariyyətin 100 ilinə həsr olunan tədbir keçirilib -

Şərur Rayon Elektrik Şəbəkəsində Muxtariyyətin 100 ilinə həsr olunan tədbir keçirilib - FOTO

18 İyul 2024

Tədbiri giriş sözü ilə Şərur Rayon Elektrik Şəbəkəsinin direktoru Həbib Məmmədov açaraq bildirib ki, Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 30 dekabr tarixli müvafiq Sərəncamla muxtar respublikanın 100 illik yubileyi geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı belə bir dövlət sənədinin imzalanması çox böyük əhəmiyyət daşıyır. Çünki 1924-cü ildə Naxçıvana Azərbaycanın tərkibində muxtar respublika statusunun verilməsi tarixi zərurətdən yaranmışdı.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, il ərzində 100 illik yubiley tədbirlərinin keçirilməsi muxtar respublikada bir çox sahələrin tarixi inkişaf yoluna yenidən nəzər salmağa imkan verəcək.

Həbib Məmmədov Naxçıvanda elektroenergetikanın keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, bütün sahələrdə olduğu kimi, energetika sistemində də yüksək nailiyyətlər əldə edilib. Müstəqilliyin ilk illərində cəmi 22 meqavolt generasiya gücünə malik Naxçıvanın enerji sisteminin ümumi gücü 244,8 meqavolta çatdırılıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən gələckdə Naxçıvanda mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması daha çox enerji ixracının həyata keçirilməsini təmin edəcəkdir.

Şəbəkənin əməkdaşı mühəndis David Mahmudov çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və bundan irəli gələn məsələlərin həlli üçün müxtəlif illəri əhatə edən “Təfsilatlı Tədbirlər planının” təsdiq edilməsi də qarşıdakı illərdə Naxçıvanın inkişafında yüksək nəticələrin əldə edilməsinə hesablanmış müdrik addımdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Mətin Abbaslı çıxışında bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə dövlət başçısı qədim diyarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, Dövlət proqramları imzalayıb. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.

Sonda mövzu ilə bağlı müzakirə aparılıb.