
Sədərəkdə Zərifə xanım Əliyevanın anım günü qeyd olunub - FOTO
Aprelin 15-də Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar “Nurlu sabahlara” adlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev, TMİB-in şöbə müdiri İsmayıl Qəribli, həmçinin xəstəxananın həkim-stomatoloqu Ərrəhman Nəcəfov çıxış ediblər.
Çıxışlarda akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, Zərifə xanım ölkədə geniş yayılmış traxoma və sənaye ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində mühüm tədqiqatlar aparıb. Eyni zamanda, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına böyük töhfələr verib.
Vurğulanıb ki, Zərifə Əliyeva yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də insanlara nur bəxş edən qayğıkeş və nəcib şəxsiyyəti ilə hər kəsin yaddaşında əbədi iz qoyub. Onun həyat və fəaliyyəti bu gün də nümunə kimi dəyərləndirilir.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.