Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq

Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq

29 Aprel 2024

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bin Abdullah əl Attiyah ilə görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüşdə S.Əliyeva mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. O, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin edilməsi, ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini deyib.

Milli Preventiv Mexanizm fəaliyyəti barədə də danışan müvəkkil əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin icrasının nəzarətdə saxlanıldığını qonağın diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumatın olmadığını vurğulayıb.

İşğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan bəhs edən müvəkkil mina probleminin vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Səbinə Əliyeva bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini xatırladıb, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məryəm bin Abdullah əl Attiyah öz növbəsində mandatı, sədri olduğu qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, birgə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər və əməkdaşlığın perspektivləri müzakirə edilib.

Mənsurə Hümbətova