“Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib -

“Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib - FOTO

27 Aprel 2024

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, 8 mərkəzdə təşkil olunan olimpiadada 800-dən artıq şagird iştirak edib və məktəblilərə qapalı test formatında 30 sual təqdim edilib, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Mənsurə Hümbətova