
“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə biçin aparılır - FOTO
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan "Orqanik Naxçıvan" PHŞ üçün Kəngərli rayonunun Böyükdüz kəndində 2069 hektar torpaq sahəsi ayrılıb. Torpaq sahəsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Aqropark yaradılacaq.Hazırda ərazidə tender yolu ilə layihələndirmə işləri aparılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihələndirmə tədbirləri başa çatanadək torpaqların boş qalmaması üçün ilkin olaraq birillik bitkilərin əkini həyata keçirilib. Ərazinin 751 hektarında buğda və arpa əkilib. Əkinlərdə muxtar respublikada ilk dəfə olaraq orqanik gübrələrdən istifadə edilib. Hazırda sahələrdə biçin aparılır. Dövlət Proqramının icrası məqsədilə əldə edilən məhsul toxumçuluğun inkişaf etdirilməsinə yönləndiriləcək.
Qeyd edək ki, sözügedən ərazidə Naxçıvanda ilk dəfə olaraq pilot layihə kimi yeni bir bitkinin – Maralfalfanın da əkinini həyata keçirilib. Naxçıvan iqliminə uyğun, heyvandarlıq üçün məhsuldar olan bu bitkinin əkini sınaq məqsədilə aparılıb.