
NQTA-nın yeni veb-saytı istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid veb səhifələrin yenilənməsi, dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin mühəndis-proqramçıları tərəfindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytı (www.nfsa.gov.az) yenidən hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, müasir metodlardan istifadə edilərək hazırlanmış veb-saytda əsas səhifədə Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən dövlət və elektron xidmətlər, qanunvericilik və digər istiqamətlər üçün bölmə və alt bölmələr yerləşdirilib.
Vətəndaşların Agentliyə elektron formada müraciət etmələri üçün onlayn müraciət bölməsi yaradılıb, həmçinin qurumun rəsmi sosial şəbəkə hesablarına və rəsmi qurumların veb-saytlarına birbaşa keçid təmin edilib. Həmçinin, saytın ingilis və rus dillərində variantları da hazırlanıb.
Saytın Google və digər axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunub.
Yenilənən veb-sayt funksionallıq və məzmun cəhətdən təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. Bu da öz növbəsində vətəndaşlar üçün saytın əlçatanlığını təmin edəcək.