Naxçıvanın su təminatı diqqət mərkəzində saxlanılır

Naxçıvanın su təminatı diqqət mərkəzində saxlanılır

07 Oktyabr 2024

Muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan 1000 metr, adıçəkilən kəndlərdə yerləşən mövcud subartezian quyularından Məmmədsabir kəndinə 370 metr, Kalbaoruc kəndinə 100 metr, Zeynəddin kəndində məktəbə 400 metr, Culfa rayonunun Bənəniyar kəndində 570 metr, Şahbuz rayonunda isə “Cin dağı” adlanan ərazidə rayon mərkəzi və ətraf kəndlərini içməli su ilə təmin etmək məqsədilə yeni tikilən kaptajdan 1400 metr uzunluğunda yeni içməli su xətti çəkilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Belə ki, Şərur rayonunda “Zeyvə-1”, “Zeyvə-2”, “Alışar”, “Qorçulu”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,06 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Qoşadizə”, “Hacıvar”, “Şəkərabad” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,37 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Daylaqlı”, “Şahbuzkənd” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,07 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,03 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Böyükdüz” “Şahtaxtı”,    “4№-li” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,32 kilometr hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-1”, “Qaraçuq-2”, “Azərbaycan”, və “Şıxmahmud-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,35 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin sentyabr ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 1 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 106 metr kürə təmizlənərək 42 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla, 55 ədədi əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Vayxır kəndində  1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb, Culfa rayonunun Əbrəqunus kəndində isə 1 yeni subartezian quyusunun qazılmasına başlanılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 16 evin içməli su xəttinə, 30 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.