Naxçıvanda Rabitə Administrasiyaları arasında  koordinasiya görüşü keçirilib

Naxçıvanda Rabitə Administrasiyaları arasında koordinasiya görüşü keçirilib

15 İyul 2024

Naxçıvan Muxtar Respublikasının ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də bu sahəyə əlavə investisiyaların qoyulması ilə yanaşı, radiotezliklərdən istifadə ilə bağlı monitorinq və koordinasiya görüşlərinin keçirilməsi üzrə işlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycan və Türkiyə Respublikalarının Rabitə Administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair müzakirələr aparılıb.

Kordinasiya görüşünü Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Əziz Hümbətov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda telekommunikasiya sahəsinin, o cümlədən mobil rabitə xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir.

Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən mobil operatorların telekommunikasiya şəbəkələrinin Mərkəzi Baza Sisteminə inteqrasiyası, muxtar respublikanın yaşayış məntəqələrində mobil infrastrukturun zəif inkişaf edən hissələrinin (şəbəkənin zəif olduğu və ya mövcud olmadığı yerlər) müəyyənləşdirilməsi və keyfiyyətli radio-TV yayımının təmin edilməsi istiqamətində addımlar atılır.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Qulam Abdullayev qeyd edib ki, Türkiyə Respublikası ilə sərhədyanı ərazilərində TV/radio yayımlarının və mobil rabitə xidmətlərinin tənzimlənməsinə dair 15-17 noyabr 2021-ci il tarixlərində Ankara şəhərində mütəxəssislər arasında ilk görüş keçirilib və müvafiq texniki razılaşmalar əldə olunub. O da diqqətə çatdırılıb ki, ötən dövr ərzində hər iki ölkədə mobil rabitə texnologiyalarının inkişaf etdirilməsi, o cümlədən Naxçıvan Muxtar Respublikasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi və inkişaf etdirilməsi üzrə müvafiq tədbirlərin görülməsinin zəruriliyi nəzərə alınaraq, Türkiyənin rabitə administrasiyası ilə əldə olunmuş razılaşmaya əsasən, cari ilin 8-10 iyul tarixlərində sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib və bu radiomonitorinqlərin nəticələri üzrə texniki razılaşmalara yenidən baxılması üçün müzakirələrin aparılmasına başlanılıb.

Türkiyə Respublikasının İnfomasiya, Kommunikasiya Texnologiyaları Qurumunun radiotezliklərin idarə olunması departamentinin rəhbəri Afşin Büyükbaş görüşün mövzusu, əhəmiyyəti barədə fikirlərini bölüşüb.  Bildirib ki, radiotezliklərdən istifadə ilə bağlı sərhədyanı ölkələrlə texniki razılaşmalardan asılı olduğundan qardaş Azərbaycan respublikası ilə bu istiqamətdə birgə monitorinq və koordinasiya görüşlərinin keçirilməsi üzrə işlərə başlanılıb. Bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edilir.

Görüşdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Radiotezliklər İdarəsinin, Azərcell, Bakcell, Azərfon və Naxtel mobil rabitə operatorlarının nümayəndələri, eləcə də Türkiyə Respublikasının İnfomasiya, Kommunikasiya Texnologiyaları Qurumunun və Türk telekom, Turkcell və Vodafone mobil operatorlarının mütəxəssisləri iştirak ediblər.

Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio və televiziya yayımının tezlikləri və digər texniki parametrləri, koordinasiyanın prinsip və meyarları, mobil sistemlər üçün tezliklərdən istifadə və texniki parametrlər müzakirə olunub.