Naxçıvan Modul Elektrik Stansiyasında seminar-müşavirə və təlim keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Modul Elektrik Stansiyasında “Fövqəladə hallarda fəaliyyəti zəruri olan energetika obyektlərində fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə və təlim keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin keçirilməsində məqsəd təhlükə potensiallı obyektlərdə insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələrə qarşı tədbirlər görmək, işçilərə fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydalarını öyrətmək, eləcə də energetika obyektlərində baş verən yanğınların qarşısının alınması və söndürülməsi işini təşkil edilməsində fəaliyyət göstərən idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin fəaliyyətini əlaqələndirməkdən ibarət olub.
Əvvəlcə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış və yanğın təhlükəsi qaydaları barədə ətraflı məlumat verilib.
Sonra Naxçıvan Modul Elektrik Stansiyasında Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsi ilə birgə fövqəladə hadisələr zamanı “zərərçəkən” insanlar xilas edilib, onlara ilk tibbi yardımın göstərilib və stansiyada baş verən “yanğınlar” könüllü yanğın dəstələri ilə birgə söndürülüb.
Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.