Naxçıvan Dövlət Universitetində elmi konfransı keçirilib -

Naxçıvan Dövlət Universitetində elmi konfransı keçirilib - FOTO

09 Noyabr 2024

Naxçıvan Dövlət Universitetində Yaşıl dünya naminə “Orqanik Naxçıvan” mövzusunda I Respublika Elmi konfransı keçirilib. Konfransda NDU-nun rəhbər heyəti, müəllim və tələbələri ilə yanaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Bioresurslar İnstitutunun əməkdaşları iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransın girişində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasından söz açan rektor Elbrus İsayev müxtəlif sahələr üzrə tədbirlər planının hazırlandığını və icra edildiyini diqqətə çatdırıb. NDU üçün nəzərdə tutulan planlar barədə danışan rektor həyata keçirilmiş layihələrə toxunub: “Universitetdə Kembric məktəbinin formalaşdırılması, tibb tələbələrindən ibarət SABAH qruplarının yaradılması və ikili diplom proqramlarının reallaşdırılması kimi nailiyyətlərimizlə ön sıralardayıq. Yaxın keçmişdə Macarıstanda imzalanan ikili diplom proqramı da bu fəaliyyətin mühüm hissəsini təşkil edir”.

Elmin müxtəlif sahələrinə dair mülahizələrin dinlənildiyi konfranslarda məhz  universiteti, o cümlədən cəmiyyəti inkişafa aparan ideyaların əsası qoyulur. Yaşıl dünya naminə “Orqanik Naxçıvan" mövzusunda keçirilən I Respublika Elmi Konfransını belə görüşlərdən biri hesab edən Elbrus İsayev konfransda qoyulmuş məsələlərin aktuallığını vurğulayaraq ekoloji dayanıqlılığın və kənd təsərrüfatının inkişafının ölkə daxilində orqanik istehsalın genişlənməsinə, ətraf mühitin qorunmasına və ekosistemin sağlamlaşdırılmasına dəstək verdiyini bildirib. Konfransın davamı olaraq Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat işləri ilə yanaşı, növbəti ildə Muxtar Respublika məhsullarını beynəlxalq səviyyədə tanıtmaq və onları brendə çevirmək istiqamətində ciddi addımların atılacağı vurğulanıb. Elmi tədbirin müxtəlif institutlar və təşkilatlarla birgə keçirilməsinin elmi əlaqələrin möhkəmlənməsi və qarşılıqlı bilik və təcrübə mübadiləsi baxımından faydalılığı qeyd olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru, Botaniklər Cəmiyyəti ictimai birliyinin sədri, professor Səyyarə İbadullayeva Naxçıvanın orqanik potensialını tanıtmaq, regionun təbii zənginliklərini qorumaq və orqanik məhsulların ekoloji dəyərlərini geniş ictimaiyyətə çatdırmaq baxımından keçirilən belə elmi müzakirələrin əhəmiyyətindən danışıb. Bu mərhələdə Naxçıvanda davamlı inkişaf və ekoloji dayanıqlığa dəstək olaraq aparılan tədqiqatların əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsini onun beynəlxalq miqyasda artan güc və nüfuzunun göstəricisi kimi qiymətləndirən  Səyyarə İbadullayeva bu faktın ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki liderliyini nümayiş etdirdiyini qeyd edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov Yaşıl dünya naminə “Orqanik Naxçıvan” konfransında yalnız orqanik kənd təsərrüfatının deyil, eyni zamanda qida təhlükəsizliyinin də vacib bir məsələ olduğunu vurğulayıb. O, qida təhlükəsizliyinin təmin edilməsi üçün düzgün bitki mühafizəsi və texniki bitkilərin yetişdirilməsi ilə bağlı aparılan elmi tədqiqatlara diqqəti yönəldib. Professor  ölkə daxilində qida istehsalının artması və ekoloji təmiz məhsulların istehsalının təmin edilməsi üçün müvafiq elmi əsasların yaradılmasının vacibliyini bildirərək, bu sahədəki davamlı təkmilləşdirmələrin həm daxili bazarda, həm də beynəlxalq ticarətdə Azərbaycanın rəqabət qabiliyyətini artıracağını ifadə edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru, dosent İsmayıl Məmmədov Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsinin ekoloji müstəvidə həyata keçiriləcək təşəbbüslər üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. O bu çərçivədə “Yaşıl dünya naminə: Orqanik Naxçıvan” konfransının da xüsusi yer tutduğunu vurğulayıb. İsmayıl Məmmədov konfransın, həmrəylik ilinə uyğun olaraq, ekosistemlərin qorunması, orqanik kənd təsərrüfatının inkişafı və təbii sərvətlərin səmərəli istifadəsi mövzusunda elmi müzakirələrə və praktiki addımlara dəstək verdiyini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının müdiri, dosent Mahir Məhərrəmov Naxçıvanın orqanik məhsullarının yüksək keyfiyyətini və bu məhsulların beynəlxalq bazarda tanıdılmasının vacibliyinə toxunub, elmi mülahizələrin mübadiləsinin bölmə iclaslarında davam edəcəyini diqqətə çatdırıb.

Üz-üzə və onlayn davam edən konfrans 6 bölmədə ayrı-ayrı müəssisələrdən qoşulan 80-ə yaxın elm adamlarının iştirakı ilə 30-a yaxın mövzu ətrafında aparılıb.

Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.