Məsud Pezeşkian Şahin Mustafayevi qəbul edib

Məsud Pezeşkian Şahin Mustafayevi qəbul edib

14 Oktyabr 2024

İran prezidenti Məsud Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə İran prezidenti bu gün (14 oktyabr) Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onu müşayiət edən heyəti qəbul edərkən deyib.

Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cinayət işinin araşdırıldığına toxunan İran prezidenti bildirib ki, bu məsələ qanuni proseslər tam şəkildə icra olunana qədər diqqət mərkəzində saxlanılacaq.

Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İran üçün çox əhəmiyyətlidir:

"İran iki ölkə arasında dəmiryol və magistral istiqamətlərin çeşidlənməsini müsbət qarşılayır, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam və inkişaf etdirilməsini istəyir. İran bu sahədə əldə olunan razılaşmalara sadiqdir".

Pezeşkian əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır:

"İranın qənaətincə, başqa ölkələrin regiona gəlişi region ölkələrinin xeyrinə olmayacaq. Çünki region ölkələri bir-birləri ilə əməkdaşlıq edərək, təhlükəsizliyi və digər məsələləri həll edə bilərlər. Bu, İranın prinsipial siyasətidir və həmişə onu qeyd edir".

Görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də Azərbaycanın İranla iqtisadi, ticarət, enerji svopu, mədəniyyət, tranzit, müştərək yol və dəmiryol xətlərinin təkmilləşdirilməsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.

Mustafayev qeyd edib ki, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur və qarşılıqlı olaraq heç bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiasını qəbul etmir. Region problemləri region ölkələri arasında müzakirə yolu ilə həll oluna bilər.

Mustafayev İranla əldə oluna öncəki razılaşmaların icra olunmasına Azərbaycanın hazır olduğunu bildirib və İran prezidentini yaxın gələcəkdə Bakıda keçiriləcək İqlim Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəfdaşlar konfransına (COP29) dəvət edib.