Məntiq, diplomatik istedad, tutarlı mühakimə…
Əsrin müqaviləsi – 30 il
Böyük Vətən müharibəsində bizə qələbə qazandıran neftin yanacaq funksiyası Vətən müharibəsində iqtisadi dəyərə çevrildi.
Bu gün ölkə həyatının bütün əhəmiyyətli sahələrində özünü göstərən uğurların, həyata keçirdiyimiz böyük layihələrin, hətta böyük qayıdışda yeni zəfər tariximizin təməlində Azərbaycanın qan damarları sayılan neft və qaz kəmərləri, enerji təhlükəsizliyimiz dayanır.
Neft və enerji sənayesi 1993-cü ildən başlayaraq daha da geniş inkişaf etməyə başladı. Fəaliyyətə başladığı, millətə sədaqət andı içdiyi andan dövlətçilik prinsiplərini önə çəkən və boynuna ağır tale yüklü məsuliyyət götürən Ulu öndər daxili sabitliyin və xarici siyasətin nəzəri konseptual layihəsini gerçəkləşdirməyə başladı. Bu sırada birinci növbədə aktual əhəmiyyət kəsb edən xaos və anarxiyadan çıxmış bir dövlətin beynəlxalq münasibətlərinin qurulması üçün önəmli rol oynayan neft məsələsi dururdu. İndi artıq neft amili təkcə iqtisadi səciyyə daşımırdı, bu fakt həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və dövlətin mövcudluğuna beynəlxalq təminatının alınması demək idi. Ancaq qərb şirkətlərinin mövqeləri ilə uzlaşmayan milli maraqlar, Xəzərin hüquqi statusu ilə bağlı problemlər neft müqavilələrinin bağlanmasını əngəlləyirdi.
Ümummilli mənafeyi hər şeydən uca tutan dövlət rəhbəri ulu öndər Heydər Əliyev 1993-cü ilin iyul ayının 18-də "Çikaqo Tribun" qəzetinə verdiyi müsahibədə deyirdi: "Mən başa düşürəm Azərbaycana cəlb olunan neft şirkətlərinin öz iqtisadi mənafeləri var, bu tamamilə təbiidir. Lakin eyni zamanda biz də öz ölkəmizin mənafelərini kompaniyaların mənafelərindən yüksək tutmalıyıq”.
Məntiq, diplomatik istedad, tutarlı mühakimə
1994-cü ilin aprelində özünün siyasi xətti ilə nüfuz qazanmış İlham Əliyev ADNŞ-nin xarici əlaqələr üzrə birinci vitse-prezidenti təyin olundu. Gənc olmağına baxmayaraq, İlham Əliyev diplomat kimi çox mühüm geopolitik əhəmiyyət daşıyan bir problemin – “Əsrin müqaviləsi”nin imzalanmasının operativ həll yolunda fəaliyyətə başladı. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə həmin ilin yazında İstanbulda, yayında isə Hyustonda qərb şirkətləri ilə danışıqlara start verildi. Dövlət başçısı, ulu öndər Heydər Əliyev İlham Əliyevi Ağ evə (White House) göndərdi. İlham Əliyevin qarşısında siyasi fəaliyyətinin ən çətin və şərəfli missiyası dayanırdı. Gənc diplomat qərbi nəhəng bir layihənin vacibliyinə inandırmaq, geosiyasi problemi həll etmək məcburiyyətində idi. ABŞ-ın energetika nazirliyində aparılan danışıqlar uğurla nəticələndi. Məntiq və diplomatik istedad, tutarlı mühakimə qalib gəldi!
1994-cü ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə bağlanmış neft sazişi müstəqil Azərbaycanın yeni tarixində şanlı bir səhifə açdı. Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və sonradan bütün dünyada haqlı olaraq “Əsrin müqaviləsi” adı ilə tanınan bu sazişin imzalanması ilə Azərbaycan xalqı öz təbii sərvətlərinə sahib çıxmaq haqqını reallaşdırdı. Hətta strateji maraqlarını qorumaq haqqını bütün dünyaya beynəlxalq kürsülərdə bəyan etdi. Amma bu hələ başlanğıc idi. Tarixin sonrakı gedişatında bu müqavilə regionun taleyinə ümumilikdə isə dünya siyasətinə təsir gücündə olan faktora-Əsrin möcüzəsinə çevrildi. Bu möcüzə təkcə 20-ci əsrin uğurları deyil, həm də 21-ci əsrin və sonrakı əsrlərin də düşünülmüş ən böyük uğuru olaraq qalacaq.
“Əsrin möcüzəsi”... Əfsanənin reallığı.
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü məqsədilə 6 ölkəni təmsil edən 11 xarici şirkətlə müqavilə bağlandı. Dünya siyasətinin korifeylərindən olan Heydər Əliyev bununla yeni neft erasının təməlini qoydu. Milli sərvətimizin 3-cü minillikdə Azərbaycan xalqına gələcək nəsillərə xidmət etmək istiqamətlərini müəyyənləşdirdi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı. Xəzərin dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə “Dədə Qorqud” və “İstiqlal” üzən qazma qurğular, “Çıraq 1” platforması müasir standartlara uyğun olaraq bərpa olundu. 1997-ci ilin noyabr ayının 12-də isə ümummili liderimiz Heydər Əliyevin yeni neft strategiyalarının ilk bəhrələrindən olan “Çıraq 12 platformasında ilk neft quyusu istismara buraxıldı. Həmin platformadan hasil olunan neft “Azərlayt” adı altında Supsa terminalı ilə dünya bazarına ixrac olunmağa başladı.
1997-ci ilin 17 aprelində müstəqil Azərbaycanın tarixində daha bir əlamətdar hadisə yaşandı. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 mln ton Bakı- Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac neft terminalı istismara verildi. 1999-cu ilin dekabr ayında Azərbaycanın mənfəət neft ilə doldurulmuş ilk tankeri dünya bazarına çıxarıldı. Amma bu kəmərlər Azərbaycanın getdikcə artan tələblərini ödəmək iqtidarında deyildi. “Əsrin müqaviləsi” çərçivəsində neft yataqlarının mənimsənilməsinə başlanması əsas ixrac boru kəmərinin qısa zamanda inşasını zərurətə çevirdi. 1998-ci ilin oktyabr ayının 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Bakı-Tiblisi-Ceyhan neft kəmərinin inşası ilə bağlı Ankara bəyannaməsi bağlandı. 1999-cu ilin noyabr ayının 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tiblisi-Ceyhan boru kəməri ilə nəql edilməsinə dair razılaşma əldə olundu.
Bakı-Tiblisi-Ceyhanın reallaşması “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb etdi. 2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiblisi-Ceyhan əsas boru kəmərinin təməl qoyma mərasimi keçirildi. Bu tədbir ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının uğurlu nəticəsi, cənab İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi sonluğu idi. Bakıdan Ceyhana qədər keçilən 1774 km-lik çətin və şərəfli yol müstəqil Azərbaycan dövlətinin, ümummilli liderin siyasi iradəsinin məntiqi yekunudur. Layihənin uğurla başa çatdırılması ölkəmizin beynəlxalq təşkilatlarla, maliyyə qurumları ilə, investorlarla birgə işləmək səriştəsini də nümayiş etdirdi. 2010-cu ilin noyabr ayında Azərbaycanın neft-qaz sənayesində xüsusi rolu olan neftçilərin gərgin və qətiyyətli əməyi sayəsində “Ümid”, 2011-ci ilin sentyabrnda isə Fransanın Total şirkəti tərəfindən “Abşeron” qaz yataqları kəşf olundu. Bu hadisələr Azərbaycanın bölgədə siyasi və geoiqtisadi gücünün daha bir təntənəsi idi.
Əsrin yeni müqaviləsi. TAP və TANAP.
“Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan neftinin dünya bazarına çıxarılması, neftin təkcə iqtisadi səmərəsindən deyil, həm də siyasi funksiyasından istifadə edilməsi bölgənin iqtisadi əhəmiyyətini, geosiyasi mövqeyini bir daha dünyaya bəyan elədi. Avropada baş verən hadisələr göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz. Tam müstəqil siyasət apara bilməz. Bu müstəqilliyin bəhrələrindən olan TAP və TANAP-ın tam şəkildə istifadəyə verilməsi ölkəmizin regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına bir addım da yaxınlaşdırdı.
Prezident İlham Əliyevin çıxışı.
“Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.
İki qardaş ölkə arasındakı uğurların mümkünlüyü ancaq güclü siyasi iradə nəticəsində olubdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bəlkə də bu layihələr kağız üzərində qalacaqdı. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır. İki qardaş ölkənin birliyi, iqtisadi gücü nəticəsində yaranan TANAP layihəsi yeni əsrin yeni müqaviləsi kimi Azərbaycan və Türkiyə qardaşlığının siyasi bir gücə söykəndiyinin əyani təzahürüdür. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Bakıdan Avropaya qədər keçilən 1850 km-lik yol müstəqil Azərbaycan dövlətinin, ümummilli liderin siyasi iradəsinin məntiqi yekunudur. Təbii ki, bu əzəmətli layihələr günü-günüdən Azərbaycanın gələcəyinə hesablanır və layihələrin genişləndirilməsi Azərbaycanın təkcə bölgədə yox, həm də siyasi müstəvidə, böyük dövlətlərlə əməkdaşlığında mühüm rol oynayır.
Neftlə neftsiz iqtisadiyyat.
Azərbaycanda neftlə neftsiz iqtisadiyyat qurulmalıdır. Prezident cənab İlham Əliyev ölkənin neçə illər sonrakı inkişaf perspektivlərini nəzərdə tutaraq söylədiyi bu sözlərin arxasında geniş iqtisadi təhlillərə, hesabatlara söykənən proqram dayanır. Ölkə başçısı iqtisadiyyatın dayanıqlı və rəqabətə davamlı, müasir elmi tərəqqinin nailiyyətlərinin tətbiqindən asılı olduğunu gözəl bilir. Ona görə də ölkədə texniki tutumlu iqtisadiyyatın qurulması, informasiya kommunikasiya texnologiyalarının geniş tətbiq olunması, ən yeni texnologiyaların Azərbaycana gətirilməsi Prezidentin daim diqqət mərkəzində saxladığı məsələlərdir. Milli maraqların təminatına çalışan ölkəmizin enerji diplomatiyası əməkdaşlığın dərinləşməsinə, birliyin möhkəmləndirilməsinə, bölgədə, dünyada sabitliyin qorunmasına xidmət edir. Ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı əsasında yaradılan Dövlət Neft fondunun təşkilində qarşıya qoyulan ən başlıca məqsədlərdən biri də məhz Azərbaycanın neftdə əldə etdiyi gəlirlər üzərində şəffaflığın tam təmin olunmasından, ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılmasından ibarətdir. Fondun yaradılmasında digər başlıca məqsəd isə ondan ibarətdir ki, Azərbaycan xalqının milli sərvəti olan neft hasilatından əldə olan gəlirlər təkcə indiki deyil, həm də gələcək nəsillərin rifahı naminə düzgün istifadə olunsun.
Bu gün Azərbaycanda artıq neftlə neftsiz iqtisadiyyat qurulub. Ulu öndərimiz Heydər Əliyevin ciddi əsaslara söykənən yeni neft strategiyası Azərbaycana böyük iqtisadi uğurlar vəd etdi. İndi hər bir azərbaycanlı yeni neft strategiyasının gətirdiyi bu uğurları gündəlik həyatlarında qabarıq hiss edir və gələcəyə böyük ümidlə baxır. Neftdən gələn gəlirlərin hesabına bu gün Azərbaycanda qeyri-neft sektoru inkişaf dövrünün yaşayır. Düşünülmüş siyasi təfəkkürün nəticəsi idi ki, ölkəmiz ikinci dəfə müstəqillik qazanandan sonra Ulu öndərimiz neft sənayesinə diqqət göstərdi. Neftin hesabına biz daha da gücləndik. Bütün sahələrdə paralel inkişafa nail ola bildik. Son illər prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında müxtəlif infrastruktur layihələri həyata keçirilib. Bu gün Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı ilə rəqabət aparır. Ölkənin artan maliyyə imkanları hesabına beynəlxalq əhəmiyyətli layihələr də uğurla həyata keçirilir. Bu gün Azərbaycanın neftdən heç bir asıllığı yoxdur, çünki biz neftlə neftsiz iqtisadiyyatımızı qurmuşuq. Qısa xatırlatma olaraq deyə bilərəm ki, neft bizim həm də Zəfərimiz oldu. Neft sektorundan iqtisadi güc alan qeyri-neft sektorumuz həm də güclü ordumuzun möhkəmlənməsinə, maddi-texniki təminatının yaxşılaşmasına səbəb oldu. Böyük Vətən müharibəsində bizə qələbə qazandıran neftin yanacaq funksiyası Vətən müharibəsində iqtisadi dəyərə çevrildi. Azərbaycanın güclü iqtisadiyyatı naminə alınan müasir hərbi texnikalar, silahlar, peşəkar hərbi qulluqçularımız bizə tariximizin ən böyük qələbəsini yaşatdı. Bu gün düşmən tapdağından azad olunan Qarabağımızda təbii sərvətlərin istismarı, yeni faydalı qazıntı yataqlarının fəaliyyətə başlaması bizə daha böyük əzəmətli layihələr qazandıracaq. Reallaşdırdığımız hər bir layihələrdə isə xalqımızın əzəməti, intellekti, böyüklüyü özünün təcəssümünü tapır. Bu gün ölkə həyatının bütün əhəmiyyətli sahələrində özünü göstərən uğurlar əslində “Əsrin müqaviləsi”nin xalqın taleyində oynadığı müstəsna rolu əyani sürətdə göstərir.
Mətin KAMAL
Araşdırmaçı-jurnalist