Məcid Seyidov Culfada vətəndaşları qəbul edib -

Məcid Seyidov Culfada vətəndaşları qəbul edib - FOTO

19 Dekabr 2024

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Culfa şəhərində vətəndaşların müraciətlərinə baxılıb. Rayon İcra Hakimiyyətində reallaşan qəbul zamanı vətəndaşların fikir, təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, vətəndaşların yaşadıqları ərazilərdə idman qurğularının, futbol və minifutbol meydançalarının və idman zallarının inşa edilməsi və digər məsələlərlə bağlı olub. Xüsusən də, rayonun idman infrastrukturu ilə bağlı uzun illərdir dəyişməyən əlverişsiz şəraitlə bağlı fikirlər səsləndirilib. Müraciət edənlər arasında şəhid ailəsi üzvü və qazilər də olub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, məsləhətləşmələr aparılıb.

Nazir müavini Məcid Seyidov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi milli prioritetlərdən biridir. Bu istiqamətdə Naxçıvanda da davamlı işlər görülür, tədbirlər keçirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər barədə danışan nazir müavini artıq Naxçıvan şəhərində açıq hava idman qurğularının əhalinin istifadəsinə verildiyini xatırladıb. Dövlətin dəstəyi ilə həyata keçirilən işlərin nəticəsi olaraq Kəngərlidəki minifutbol meydançasında yenidənqurmadan sonra fəaliyyətinin bərpa olunması, o cümlədən Culfa şəhərində də özəl investisiya hesabına universal qapalı idman obyektinin inşası üçün ilkin işlərə başlanılması barədə məlumat verilib.

Məcid Seyidov vətəndaşlarla söhbəti zamanı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsinin Babək və Şahbuzla yanaşı, Culfa şəhərini də əhatə edəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, layihə çərçivəsində inşaat işlərinin startı növbəti ilin əvvəlinə planlaşdırılır.