İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Şuşa və Xankəndidə olublar

İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Şuşa və Xankəndidə olublar

14 Oktyabr 2024

Otuz ilə yaxın davam edən torpaq həsrəti bitsə də, 4 minə yaxın ailənin gözü yollardan çəkilmir. Elə bu məqsədlə də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşəbbüsü ilə 40-a yaxın itkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Bakı-Ağdam-Xocalı-Şuşa-Xankəndi-Bakı marşrutu üzrə səfəri təşkil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər zamanı onlar Xankəndi və Şuşa şəhərlərində yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Ağdam və Xocalıda yerləşən Şəhidlər xiyabanı da ziyarət olunub.

Səfərdə iştirak edən Elmira Dadaşovanın oğlu İlham Dadaşov 1992-ci ildə itkin düşüb. Ermənilər oğlunun cəsədini yalnız ona benzin qarşılığında verə biləcəklərini deyiblər. Lakin o, başqa ailələrin gözünün yaşlı qalmaması üçün bundan imtina edib: “Oğlu cəbhədə döyüşən anaların övlad itkisi ilə üzləşməməsi üçün erməni quldur birləşmələrinin təklifi ilə razılaşmadım. Digər anaların da mənim kimi əzab çəkməyini istəmədim. Səfər zamanı oğlumun uğrunda canını fəda etdiyi torpağı qucaqladım, balamın ətrini həmin torpaqlardan aldım”.

Sevinc Hacıyeva isə itkin düşmüş atası Əhməd Məmmədovun intizarındadır. 1992-ci ildə gedən döyüşlər zamanı onun atası itkin düşsə də, indiyədək ondan heç bir xəbər yoxdur. “Oğul yolu gözləyə-gözləyə nənəm dünyasını dəyişdi, qardaş həsrəti ilə bibilərim dünyasını dəyişdi, ərindən soraq gözləyən anam dünyasını dəyişdi. İndi də illərdir mən ata həsrətində gözü yolda, qulağı səsdəyəm”, - deyə o bildirib.

1993-cü ildə Səxavət Caniyev Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb. Düz 31 ildir ki, onun həyat yoldaşı Reyhan Caniyevin gözləri yollarda qalıb. Şirindil Həsənquliyevin bacısı Nazilə Həsənquliyeva isə illərdir intizarla qardaşının yolunu gözləyir.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib: “İtkin düşənlərin ailə üzvlərinin harayına qoşularaq onların doğmalarının tapılması üçün dünya ictimaiyyətinə, beynəlxalq qurumlara üz tutaraq bu işdə yardım göstərməyə çağırırıq”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 4 minədək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. 44 günlük Vətən müharibəsində 6 soydaşımız itkin düşüb. Son vaxtlar aşkarlanan kütləvi məzarlıqlarda isə 155 nəfərin nəşi aşkarlanıb.