Hər gün səninlə başlayacaq
1992-ci il iyul ayı. Zeynəb ana oğlu Cəfərlə birlikdə bacısıgildən evlərinə qayıdırdı. İsti yay günümü, yoxsa içinə dolan sıxıntımı onu səhərin o başından onsuz da narahat etmişdi. Oğluna taksi ilə gedək, desə də məsafə yaxın olduğu üçün oğlu onu yerdə qayıtmağa razı salmışdı. Sadəcə on dəqiqəlik məsafə ana üçün bitməyən bir yola çevrilmişdi. Qonşu binanın yanına yaxınlaşdıqda gördükləri izdiham onların əhvalını pozmuşdu. Bütün camaat cəm olmuşdu bir maşının ətrafına. Cavan ana ayaqları getməsə də, ağlı o insan kütləsinin yanında qalsa da, evinə getmək məcburiyyətində idi. Çünki orada toplaşanlar sadəcə kişilər idi. O sinəsinə çökən ağırlığın altında öz yaşayış binasına tərəf yol aldı. Binanın həyətinə çatanda bu dəfə qadınların izdihamı onu qarşıladı. Dizləri taqətini itirir, ürəyinin döyüntüsü kimin nə dediyini eşitməyinə imkan vermirdi. Qapı qonşusunun onu qucaqlaması artıq hər şeyi məlum etdi ana üçün. Gözünün ilki, ciyər parası, nəfəsinə nəfəs, ömrünə həvəs olan, ananın Canpolad balasına torpaq can deyərək bağrına basacaqdı artıq. İsti bir yay günündə haradansa bir çovğun əsdi, buz bağladı ana ürəyi, qanı dondu. Bax elə nə oldusa o gün oldu. Bitdi ananın yaşamaq həvəsi, sardı canını bala adlı dərd.
Əzizim dərd qalandı,
Bağrım başı talandı.
Fələk elə dağ çəkdi,
Dağ yanında yalandı.
O, bir soyuq qış günü dünyaya gəlmişdi. Bapbalaca qədəmləri ilə yuvasına cahana sığmayan böyük xoşbəxtlik, hər kəsin qızına biləcəyi istilik gətirmişdi. Ailənin ilki, nübarı idi. Bir qadına analıq, bir kişiyə atalıq adı qazandırmışdı Canpolad. Özündən sonra gələcək olan bacı və qardaşlarına arxa-dayaq olacqdı o. Ona ata-ananın ümidi böyük idi. Gələcəyi üçün planlar, saysız hesabsız arzular var idi. O böyüdükcə ümidləri doğruldurdu. Yaxşı övlad və yaxşı qardaş idi Canpolad. Hələ uşaq vaxtından özünün ağır təbiəti ilə seçilərdi. Məktəbdə yoldaşlarından fərqlənərdi böyüyüb kiçilmiş ağlı ilə. Qayğıkeş, mehriban, özünü-sözünü bilən, yardımsevər biri idi. Sanki yaradan onu yaxşılıq üçün xəlq eləmişdi.
Birinci Qarabağ Müharibəsi şəhidi Əsgərov Canpolad Ağaverdi oğlu 1973-cü ildə dekabr ayının 10-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. 1980-ci ildə Naxçıvan şəhər 39 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi orta qiymətlərlə bitirmişdir. Məktəbdə oxuduğu dövrlərdə nümunəvi şagird olmuş müəllim və şagird yoldaşlarının hörmət və rəğbətini qazanmışdır. Vətənpərvər ruhlu bu Azərbaycan balası yurdumuzun ən ağır dönəmlərini yaşayırdı hamı kimi. Qarabağda baş verən hadisələr, Sədərəkdə vəziyyətin gərginliyi bütün oğullarımız kimi onu da narahat edir, hərbi xidmət üçün vaxtının çatmasını səbirsizliklə gözləyirdi. 1991-ci ilin sonlarında nəhayət ki, arzusna çatır. Hərbi xidmət üçün çağırış vərəqəsini alan gün sanki dünyanın ən gözəl hədiyyəsini alıbmış kimi sevinirmiş. Səbəbi bəlli idi. Yağı düşməndən yurdu qorumağa gedəcək, həlak olan 20 yanvar, Sədərək döyüşlərinin qurbanlarının qisasını alacaqdı artıq. Cəsarətli və mətin idi. Heç nədən qorxmazmış, ölümdən belə...
Hərbi xidmətini ilk olaraq Naxçıvan şəhərində, Sədərəkdə vəziyyət gərginləşdikdən sonra isə Mili Ordunun Sədərək bölgəsində yerinə yetirməyə başlamışdır. 1992-ci ilin may ayının 18-də ermənilərin Sədərək üzərinə ağır zirehli texnikalarla hücumu zamanı Sədərəyin müdafiəsində mərdlliklə iştirak etmiş, döyüşlərdə şücaəti ilə şeçilmişdir. Az danışıb cox iş görməyi üstün tutar, hərəkətləri ilə örnək olarmış. May və iyun aylarında Qarağac, Əjdəkan, Cin təndiri, Beşbarmaq postları tərəfindən Sədərək üzərinə olan düşmən hücumlarının qarşısının alınmasında fəal döyüşcü kimi tanınmışdır. Ölkənin ən ağır günlərində və ən çətin şəraitdə vətəni müdafiə etmək onu nə yorur, nə də qorxudurdu. Tam əksinə əzminə, hünərinə güc qatırdı torpaqlarımızın müdafiəsi və şəhidlərimizin intiqamının alınması hissi. Dinc və güclü vücudu, damarında coşan qanı, dəlisov cavanlığı yalnız canını qurban verdiyi vətən üçün səfərbər olmuşdu. Bütün sevdaları bitmiş, sanki ortada Vətən adlı bir yar qalmışdı onun gözündə. Ata, ana, qardaş, bacı, gözaltı etdiyi qız belə nə qədər əziz olsalar da, uğruna həyatını qurban verdiyi torpağı, Azərbyaycan adlı sevdası hamını və hər şeyi üstələdi. Həyata keçməyən saysız hesabsız arzular əbədi olaraq o gün həyata gözlərini yumdu. 1992-ci il iyul ayının 21 də Canpolad Qaraağac uğrunda gedən döyüşlərdə şəhadəti ilə əbədiyyətə qovuşdu. O gün onun cismani köçü maddi həyatının sonu olsa da, mənəvi həyatının başlanğıcı oldu. Yaşarkən az insan tərəfindən tanınıb, sevilən digər şəhidlərimiz kimi, o da bütün xalq tərəfindən tanındı, sevildi, qəlblərdə məskən saldı. Onu dünyaya bir ana amansız sancılarla gətirmiş, bir ata böyütmüşdü min əzabla. Şəhadətə yetdikdən sonra isə minlərlə ata, analar onun üçün öz balsı kimi ağladı. O minlərlə insana qardaş oldu. Ola bilmədiyi iki sey qalmışdı, sevdiyinə yuva, dünyaya gətirmək qisməti olmayan övladlarına ata. Canpolad Naxçıvanda Şəhidlər xiyabanında dəfn olundu. Onu son mənzilinə minlərlə insan yola saldı. O, öz arzusuna çatmış olsa da onun haqqında neçə-neçə arzu və istəkləri olan valideyinlərinin arzuları gözündə qalmışdı. Günlər keçdikcə həsrəti artır, intizarı ananı yıxırdı.
O zaman məni hamı kimi kədərləndirən şəhidimin dərdi eyni zamanda onunla eyni məktəbdə oxuduğum üçün qürurlandırırdı. Əvvəllər sadəcə bir məktəbin şagirdi kimi tanıdığım bu ağır təbiətli məktəbli uşaq indi əbədi qəhrəmanıma çevrilib. Onun haqqında ilk yazımı da elə 1992-ci ildə onuncu sinifdə oxuyanda yazmışdım (ki, bu da onun haqqında yazılan ilk yazı idi) Zeynəb ana ilə ilk görüşüm də evlərinə getdiyim zaman oldu. Yaxşı yadımdadır bir saatdan artıq bir arada olduq. Canpolad haqqında danışan ananın titrək səsinin altında fəğan edən ana fəryadı dayanırdı. Elə o yazımda şəhidimizin adının oxuduğumuz məktəbə verilməsini istəmişdim bir məktəbli və mənfur erməni qonşularımız ilə haqq savaşı aparan bir Azərbaycan vətəndaşı olaraq. 1996-2004-cü illər Naxçıvan şəhər 13 saylı tam orta məktəb onun adını daşımış, oxuduğu məktəbdə isə ona aid guşə yaradılmışdır.
Bizim Zeynəb ana ilə ilk və son görüşümüzdən düz otuz il keçib. Naxçıvan xatirə muzeyində ötən il 27 sentyabr-Anım Günü ilə əlaqədar keçirilən tədbirdə Zeynəb ana və qızı Ramilə xanım ilə yenidən qarşılaşdıq. O hislərimi heç bir söz ilə ifadə edə bilmərəm amma bir onu deyə bilərəm ki, otuz il əvvələ döndüm acı dolu xatirələrə. Və mütləq ki, bu görüşdə bir kəramət var dedim. Yenə yazmalı idim vətənin can deyərək bağrına basdığı cənnət qoxulu şəhidimiz Canpoladdan. Bu dəfə də bir uyğun gün alıb ana ilə görüşə getdim. Çox mehriban qarşılanma, isti münasibət məni kövrəltdi və sevindirdi. Qayıtdıq yenə o amansız 1992-ci ilə. Balaca vücudun böyük ürək sahibi idi bu əsl Azərbaycan qadını. Məni özünə, əzminə heyran etdi təkrar Zeynəb ana. Danışır arada kövrəlsə də məğrur duruşunu qorumağa çalışırdı. Oğlu ilə bağlı xatirələri çözələnir, hər şey dünən olmuş kimi yaddaşının ən qorunaqlı yerindən süzülərək gəlirdi.
Yaşasaydı bu il 51 yaşı olacaqdı. Kim bilir oğul-uşağının, nəvə-nəticəsinin, bacı və qardaşlarının əhatəsində yaxşı bir yubiley də keçirəcəkdi bəlkə. Anasını öz yerinə oturdub, onun yanına qısılaraq bir uşağa dönəcəkdi Canpolad. Amma olmadı, ananın onun nişanı, toyu üçün tədarük etdiyi cehizləri evdə qalmasın deyə zaman-zaman ehtiyacı olanlara paylanıb.
Deyilənə görə elə sevdiyi qız da Canpoladın evinə ilk və son dəfə vida üçün gəlibmiş o gün. Qəlbində Canpolad adlı bir eşqi əbədi basdıraraq ayrılıb oradan. Xatirələrin təzələnməsi bacısı Ramilə xanımı və qardaşı Cəfər bəyi də kədər içərisində buraxdı. Oğul həsrətinə tab gətirməyən Ağaverdi atanın ocağında indi oğlu Ramin bəy oturub bütün bacı və qardaşına atalıq etməyə çalışır, şəhid dərdli anasına bacardığı qədər dəstək olurdu. İndi onların hamısı şəhadət adlı uca bir zirvənin sakini olan Canpoladın ruhundan doğan nurun ətrafına toplaşıblar.
Dəyişməyən yaşın mübürək cənnət qoxulu, nur üzlü şəhidim. Sən bir xalqın əbədi qəhramanısan. Az yaşı ilə tarix yazan qəhramanı. Başladığın haqq savaşını sənin yolunu davam etdirən oğullarımız ZƏFƏRLƏ bitirdi. Rahat uyu, sənin və sənin kimi minlərlə igid oğullarımızın, vəhşicəsinə qətl edilmiş günahsız insanlarımızın intiqamı alındı. Siz qanınızla torpağımızı vətən yoğurdunuz. Biz və bizdən sonrakı nəsillər o vətənə canı, son damla qanı bahasına sahib çıxacayıq nəyin bahasına olursa olsun.
Bu il sənin doğum günün tam fərqli qeyd olundu, bilirsən şəhidim?! Milli Qəhramanımız Mirəsgər Seyidovun adını daşıyan 15 saylı tam orta məktəbin diektoru Sevda Cabbarova xanımın dəstəyi və birincilərin sinif rəhbəri Günay Kərimova xanımın səyi ilə adını oxuduğun məktəbin 1/ç sinifi daşımağa başladı. Əvvəlcə müəllimləri, valideyinləri, bizə əmanət qoyub getdiyin ailən və digər qonaqlarla birlikdə məzarını ziyarət etdi o gül balalar. Şəninə yazılan şeirləri qürurla səsləndirdilər. Məzarın önündə ruhuna salam verib, təzim etdilər. Siniflərində Günay xanım və valideyinlərinin birgə hazırladığı guşənin önündə and içib adını daima uca tutacaqlarına söz verdilər. Tədbir boyunca ürəklə hazırladıqları şeir və mahnıları, məktəbin beşinci və doqquzuncu sinif şagirdləri ilə birlikdə layiqli şəkildə təqdim etdilər. Tədbirdə iştirak edən ailənlə bərabər digər şəhid analarının, qazilərimizin, müəllim və başqa qonaqlarımızın önündə sənə olan sevgilərini yüksək səviyyədə təqdim etdilər. Hamımızın qəlbi kədərlə bərabər qürur hissi ilə dolub-daşdı. Balaca vücudlarında böyük ürək sahibi olan bu körpələr artıq hər gün səninlə sabaha başlayıb, səninlə günü başa vuracaqlar. Onlarda bu vətənpərvərlik ruhunu aşılamaqda böyük rol oynayan Günay xanıma ailən və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Sizlər bizə vətən əmanət etmisiniz biz də sizlərin ruhuna sahib çıxacağıq nə qədər ki, varıq. Əbədiyyətinə əbədi eşq olsun Şəhidim!
(Şəhid Canpolad Əsgərovun anası Zeynəb ananınn dilindən)
Yaşın mübarək
Tabutu bayraqlı, a dar otaqlı,
Bu aylı, ulduzlu daşın mübarək.
Bağrımın başına dağ çəkən oğul,
İllərdir artmayan yaşın mübarək.
Dur oğul qolumu salım boynuna,
Dur bala ananı al öz qoynuna,
Məni həsrət qoydun övlad toyuna,
O dənsiz saqqalın, qaşın mübarək.
Alındı torpaqlar, döndü kənd, şəhər,
İndi bambaşqadır, açılan səhər,
Olmuşdu yediyim içdiyim zəhər,
Qələbə ləzzətli aşın mübarək.
A cənnət mələyim, a qara gözlüm,
Dilindən bal daman a şirin sözlüm,
Mən necə səbr etdim, dözdüm nur üzlüm,
Sənə yorğan olan qışın mübarək.
Sevinc Səbzəliyeva Azadlı.
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi