Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün müraciətin vaxtı uzadılıb

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün müraciətin vaxtı uzadılıb

14 Oktyabr 2024

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq, oktyabrın 31-i saat 23:59-dək uzadılıb.

Nazirliyin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, namizədlər həmin tarixədək ərizələrini nazirliyin rəsmi saytında (www.justice.gov.az) "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya "http://e-erize.justice.gov.az:8080/" linkinə daxil olmaqla, eləcə də QR kodu skan etməklə təqdim edə bilərlər.

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında (www.dim.gov.az) qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə əvvəlcədən məlumat veriləcək. Qeyd edək ki, test imtahanı sənəd qəbulu bitəndən sonra 1 aydan tez olmayaraq keçiriləcək.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri həmin mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verənlər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.