COP29 çərçivəsində Culfa Rayonunda xüsusi qərargah yaradılıb -

COP29 çərçivəsində Culfa Rayonunda xüsusi qərargah yaradılıb - FOTO

04 Noyabr 2024

11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Bu qərargaha hüquq-mühafizə orqanlarının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliklərinin, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının rəhbərləri daxildir. Rayon ərazisində yarana biləcək hər hansı çatışmazlıqların operativ aradan qaldırılması üçün icra hakimiyyətində, inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə və xidmət təşkilatlarında “qaynar xətt” və fasiləsiz növbətçilik sistemi təşkil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu gün Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini və başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə qərargahın iclası keçirilib. Sara Hüseynova elektrik, qaz, su, yol infrastrukturu, mühəndis-kommunikasiya sistemləri, tibb müəssisələri və digər qurumların fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması barədə müvafiq tapşırıqlar verib.