
Almaniya prezidentinin Azərbaycana səfəri – Ermənistanla bağlı həqiqətlərin beynəlxalq müzakirəsi
Aprel ayının 2-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri baş tutdu. Bu səfər, xüsusilə də onun Ermənistandan sonra gerçəkləşməsi, Azərbaycan-Almaniya münasibətləri fonunda mühüm siyasi əhəmiyyət daşıyır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer arasında aparılan danışıqlarda bir sıra mühüm məsələlər müzakirə edildi. Görüşdə COP29 kimi beynəlxalq əhəmiyyətə malik iqlim konfransının Azərbaycanda keçirilməsi, iki ölkə arasındakı strateji münasibətlər və regiondakı geosiyasi reallıqlar əsas müzakirə mövzularından biri oldu.
Səfər çərçivəsində əsas diqqətçəkən məqamlardan biri də Azərbaycan-Ermənistan münaqişəsi və onun nəticələrinin müzakirə edilməsi idi. Azərbaycan Prezidenti İlham Əliyev bumövzuda açıq və qətiyyətli mövqe sərgilədi. O, Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qaldığını vurğuladı. Prezident Əliyev beynəlxalq təşkilatların vaxtilə Qarabağın işğalına qarşı təsirli tədbirlər görmədiyini qeyd edərək Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə öz haqqını bərpa etdiyini bildirdi. Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi qələbənin sülh prosesinə yol açdığını vurğulayan Prezident Əliyev hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımların atıldığını və tərəflərin mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını bəyan etdi.
Azərbaycan və Almaniya prezidentlərinin görüşü təkcə regional deyil, qlobal siyasi kontekstdə də önəmli idi. Görüş zamanı Prezident İlham Əliyev beynəlxalq arenada baş verən mühüm hadisələrə də toxundu. Xüsusilə ABŞ-Avropa İttifaqı münasibətləri, Rusiya-Qərb gərginliyi kimi aktual məsələlər müzakirə olundu. Prezident Əliyev bu məsələlərin bütün dünyaya təsir etdiyini vurğuladı və səmimi fikir mübadiləsinin əhəmiyyətini qeyd etdi.
Almaniya, Avropa İttifaqının aparıcı dövlətlərindən biri olaraq Cənubi Qafqaz regionuna xüsusi maraq göstərir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, enerji və infrastruktur layihələrində də mühüm rol oynayır. Xüsusilə, Azərbaycanın Avropaya enerji təchizatında mühüm aktor kimi çıxış etməsi Almaniyanın bu regiona marağını artırır.
Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu görüş təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Cənubi Qafqaz regionunun gələcəyi və beynəlxalq münasibətlər kontekstində mühüm əhəmiyyət daşıyır. COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və qlobal geosiyasi məsələlərin müzakirəsi bu səfərin önəmli nəticələri sırasındadır. Əminliklə demək olar ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərini daha da gücləndirəcək və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı