SON DƏQİQƏ

naxcivanxeberleri.com

VƏTƏN TORPAĞINA AND İÇƏN ŞAİR-Ramiz Qasımov yazır...

VƏTƏN TORPAĞINA AND İÇƏN ŞAİR-Ramiz Qasımov yazır...
3-09-2019, 10:10

Çoxəsrlik inkişaf yolu keçən və zəngin ənənələrə malik olan Naxçıvan ədəbi mühitində onun özünəməxsus adı, şöhrəti və yeri var. Onu Naxçıvan ədəbi mühitinin görkəmli yetirmələrindən biri kimi tanıyırlar. Naxçıvanda poeziyanın inkişafında imzası və sənəti ona xüsusi yer və nüfuz qazandırıb. Sənətinin kamilliyi ilə sevilib və seçilib həmişə. Ona vətəndaş şair də deyiblər, poeziyanın qızıl əsgəri də. Həqiqətən, şeirlərindən vətənə məhəbbət od kimi püskürür. Söhbət o şairdən gedir ki, sənətində də muxtardı, elə özü də Muxtardır. Bəli, söhbət istedadlı qələm sahibi şair Muxtar Qasımzadədən gedir.
İstedadlı bir şair olan Muxtar Qasımzadə yaradıcılığında müxtəlif mövzulara müraciət etsə də, vətənə məhəbbət və ana yurdun vəsfi, tərənnümü onun yaradıcılığında daha başlıca yer tutub. Bir neçə kitabla oxucularının sevimlisinə çevrilən Muxtar Qasımzadə, sözün əsl mənasında, kütləvi olaraq oxunan və oxucuların qəlbində taxt quran, sevilən bir sənətkardır. Vaxtilə Xalq yazıçısı Hüseyn İbrahimov da onun haqqında demişdir ki: “Muxtar Qasımzadə az yazır, ancaq yaxşı yazır. Deyilməmiş, necə deyərlər, əl dəyməmiş mövzular tapır”. Bu “əl dəyməmiş” mövzular arasında Vətənin tərənnümü və vətənə məhəbbət qırmızı bir xətlə keçir. Görkəmli elm adamı, akademik İsa Həbibbəyli Muxtar Qasımzadə haqqında yazırdı: “Şair Muxtar Qasımzadənin şeirləri göstərir ki, sənətin vəzifəsini düzgün başa düşür, müəllif mövzu dairəsinin genişliyi ilə nəzəri cəlb edə bilir”. Müasir şeir janrlarının tələbləri çərçivəsində yazıb-yaradan şair yaradıcılığında daha çox vətəndən, vətənə məhəbbət və ona bağlılıqdan söhbət açır. Onu şairləşdirən və yaradıcılığa səsləyən də elə ana yurda məhəbbət və vətənpərvərlikdir. Vətən mülkünün qarşılıqsız sevilməsi onun yaradıcılığının özünəməxsusluğu, tale qisməti, şeirlərinin alın yazısıdır. Necə ki şeirlərindən birində gözəl şair bu hisləri poetik şəkildə bu cür ifadə edərək deyirdi:

And içdim torpağa, and içdim göyə,
Andım çörək haqqı, duz haqqı oldu.
Allahın verdiyi nemətdi deyə
Ən müqəddəs andım “söz haqqı” oldu.

“Vətən müqəddəsdir oğullar üçün, ucaldır adını şərəfli adla”, - deyən şair Muxtar Qasımzadənin öz ürəyini yeddinci qitə adlandırması (“Yeddinci qitə”) həm də ona görə öz həqiqətini yüksək poetik ifadə ilə ortaya qoya bilir ki, onun yaradıcılığının hər sözündən vətənə məhəbbət hissi vulkanik bir eşq kimi püskürür. Bu qəlbin – bu qitənin öz dünyası, öz xasiyyəti, öz sakinləri, öz kəndləri, şəhərləri, dağları, daşları və s. var. Amma etiraf edək ki, bu qitənin – bu qəlbin paytaxtı, baş yurdu Naxçıvandır, Azərbaycanın alınmaz qalası kimi dünya mədəniyyətinə beşiklik edən, görkəmli şəxsiyyətlər yurdu olan Naxçıvan:

Canım, gözüm, torpağım,
Laylam, nəğməm, beşiyim.
Yurdum, yuvam, ocağım,
Salam, evim-eşiyim.
Haçadağ, kürsüm olsun,
İlqarından söz deyim
Atam Naxçıvanımın,
Anam Naxçıvanımın.

Vətən torpağı şair üçün bir mədfəndir, məskəndir, çaylarının, bulaqlarının şırıltısı, küləklərinin vıyıltısı, torpağının rayihəsi, ətri, təbiətinin nəğməsi ilə şair üçün bir ana laylasıdır, ana zümzüməsidir, ata məhəbbəti, ana qoynudur. Naxçıvan şairin gözünü açıb gördüyü ilk yer, ilk torpaq kimi müqəddəs bir məkan, canına, qəlbinə istilik bəxş edən bir Günəşdir. Bir sözlə, “Atam Naxçıvan, Anam Naxçıvan”dır.
Ustadı Xalq şairi Məmməd Araz kimi Muxtar Qasımzadənin də vətəndaş poeziyasında vətəndaşlığı poetik biçimdə ifadə edən tutumlu misraları diqqəti cəlb edir və vətəndaşlıq poeziyamızın rəhninə çevrilir, ona zənginlik qatır. Məsələn:
Vətəndaş olursan, vətəndaşlığa,
Sənə zəmanətdir Vətən sevgisi.
Və ya:
Ürəyin məhəbbət xəritəsində,
Ən böyük dövlətdir Vətən sevgisi.
Və yaxud:
Vətən müqəddəsdir oğullar üçün
Ucaldar adını şərəfli adla.
Həmçinin:
Sərhədləri götürək
Vətən iki olmasın və b.

Bu cəhətdən prof. Yavuz Axundlu şair Muxtar Qasmzadənin yaradıcılığındakı vətəndaşlıq motivlərini müşahidə edərək yazırdı: “Çağdaş şeirimizdə vətəndaşlıq lirikasının xüsusi əhəmiyyət kəsb etməsi zamanın diqtəsidir. Muxtar Qasımzadə şeirində biz bunun parlaq ifadəsini görürük. Bu şeirlərin arxasında yurdun torpağına, daşına, onun tarixinə möhkəm tellərlə bağlı olan şair dayanır”. Ümumiyyətlə, şair Muxtar Qasımzadənin yaradıcılığında vətənə məhəbbət nəğmələrini ümumiləşdirən “Nuhçıxandan gəlirəm” kitabına toplanan, demək olar, bütün şeirləri vətənə sevgi nəğməsi deyən sənət nümunələrini xatırladır. Burada “Vətən desəm”, “Vətən sevgisi”, “Olmasın”, “Dağlar da vətəndir”, “Naxçıvanımın” və digər şeirlərində vətənə məhəbbətin ən gözəl sözləri öz ifadəsini tapıb. Şair Şuşaya həsr etdiyi, onu bütün gözəlliyi, mədəniyyəti ilə vəsf edərkən bütün torpaqlarımıza, Araza həsr olunan şeirlərilə didərgin düşən vətən torpaqlarına kədərli sözlər qoşur, dərddən, həsrətdən boy biçir, bir azərbaycanlı olaraq öz kədərini, həsrətini, nisgilini ifadə edir. Bu mənada şairin bütün təbi eninə və uzununa Azərbaycana qoyun açır, bağrına basaraq məhəbbət və vəfa sərhədi cızır. Olduqca poetik bir biçimdə şair özünü “ayaq üstündə gəzən torpaq” deyə adlandırır. Bu mənada lirik bir planda şair “vətən eşqindən çöllərə düşən dəli bir aşiqi”, “vətənləşmiş, torpaqlaşmış bir vətəndaş-insanı” xatırladır. Təsadüfi deyildi ki, şeirlərini qruplaşdırdığı bir bölmənin adını müəllif “Mən ayaq üstündə gəzən torpağam” deyə adlandırmışdı. Bu, həm də müəllifin şeirlərindən birinin adı idi:

Mən ayaq üstündə gəzən torpağam,
Topanam, kotanam, dözən torpağam.
Günəş məndən yana özün yandırır,
Mən göylərə görə hələ ki sağam.

Bütün bunlara görədir ki, şairin yaradıcılığı haqqında bəhs edənlər onun haqqında “Ən böyük dövlətdir, vətən sevgisi” başlığı da qoşurlar. Doğrudan da, şairin ən böyük sərvəti vətənə olan sevgisidir, necə deyərlər: “Ən böyük dövlətdir Vətən sevgisi”.
Şair Muxtar Qasımzadə Naxçıvan sevgisinin hərtərəfli poetik səciyyəsini yaradarkən onun tarix-mədəniyyət şöhrətinə, məşhur abidələri və yurd yerlərinə diqqət kəsilir. Gəmiqaya, Əshabi-Kəhf, Əlincə qalası, Haça dağ, Nuh türbəsi, Mömünə xatın, Qarabağlar türbəsi və s. neçə-neçə dünya-bəşər mədəniyyətinin inciləri, böyük tarix danışan abidələri haqda da məlumat verir, ya onlara söz qoşur, ya da onların dilindən danışır. Şair “Nuhçıxandan gəlirəm” (Göründüyü kimi, şair kitabının adını da özünəməxsus bir adla müəyyən edib: Nuhun ilk qədəm basdığı quru-torpaq kimi müqəddəs Naxçıvanın bəşəri bir ad aldığı Nuhçıxan adlandıraraq burdan gələn bir qocaman yolçunun dili ilə oxucusuna min bir tarix danışmaq istəyir – R.Q.) kitabında bölmələrdən birini “Yaddaş çırağı” adlandıraraq məhz burada Naxçıvanın ulu mədəniyyət, tarix kitabını poetik bir şəkildə ortaya qoyur. Bu əsərlərin məğzi ilə Naxçıvan tarixin başlanğıcına, poetik şəkildə desək, danışan bir tarixə çevrilir. A.Bağırovun müşahidəsi doğru idi ki: “Onun “Nuhçıxandan gəlirəm” silsilə şeirlərində Naxçıvanın topoqrafik adlarını poetik dilə gətirir”. Hər daş, hər qaya, hər qarış torpaq, hər abidə, yer, yurd bir qədim tarix, bir sirr, bir əhvalat danışır. Maraqlıdır ki, Naxçıvanda çox maraqlı adlarla adlandırılmış yer adları, abidələr var. Və bu da maraq doğurur ki, bu yer adları Naxçıvanın müqəddəs bir torpaq olduğunu tamamlayır. Naxçıvanda Gəmiqaya var: o Gəmiqaya ki, dünya tufanından xilas olmaq üçün baş götürüb gəmiyə minən Nuh əhli məhz ilk dəfə bu torpaqda yerə enmişdi. Gəmiqaya, Qaranquş oylağı, Nuhdaban və nəhayət Nuhun məzarı. Bütövlükdə, Nuhun adı ilə bağlanan qədim bir tarixi bütün incəliyi ilə Naxçıvan – Nuhçıxan öz üzərinə götürür, bu gizli sirri, tarixi məhz o danışır. Əshabi-Kəhf məhz o mağaradır ki, Tək Tanrıya iman gətirən yeddi kimsənə zalım və imansız hökmdarın zülmündən buraya sığınmışdı, Allahın kəramətilə neçə illər yuxuya getmiş, yeni dünya zamanında ayılmış, qeybə çəkilmişdilər. İmamzadalar və Xanəgahlar da bu torpağı müqəddəsləşdirir, burada müqəddəs peyğəmbər övladlarının yaşadığına inanılır. Və bu da maraq doğurmaya, diqqəti cəlb edə bilməz ki, Peyğəmbərlər adını yaşadan, İmamzadaların xatirəsini özündə qoruyan, neçə-neçə pirlərə sahiblik edən Naxçıvan həm də “Allahın evi” olaraq tanınır. Kirna kəndində olan Allah evi buna ən yaxşı nümunədir ki, şair Muxtar Qasımzadə məhz bunları nəzərə alaraq onların şərəfinə söz qoşur, dastan söyləyir. Mömünə xatın müqəddəs bir anaya ucaldılan ən qiymətli xatirə nümunəsi olaraq yüz illərdir yaşayır və insanları hörmətə, məhəbbətə, sədaqət və vəfaya çağırır. Eləcə də Qarbağlar türbəsi məhz qadına məhəbbət və vəfanın bir nümunəsi olaraq yüz illərdir sirr danışır. Xaraba Gilan, Oğlanqala, Qız qalası və b. yerlər min illərin tarixini dilə gətirir. Şair Muxtar Qasımzadə məhz bu vasitələrlə böyük tarix erasından bəhs aça, onu oxucularına pıçıldaya bilir. Şairin yaradıcılığı haqqında söz açan akademik İsmayıl Hacıyev də haqlı olaraq yazırdı ki, “hər şeir sanki poetik bir bələdçidir. Şeiri oxuduqdan sonra sözü gedən qala, yaxud türbə haqqında səndə böyük təsəvvür və məhəbbət yaranır”. Alim bunu da tamamilə doğru müşahidə edir və haqlı deyir ki: “Misralar boyunbağı kimi qatarlanan Naxçıvan abidələrinə körpü salır elə bil. Hər şeirin özünəməxsus vəzifəsi, xasiyyəti vardır”. Şair Duzdağ möcüzəsinə də iki əsər – “Yaddaş çırağı” silsiləsindən “Duz saray” və “Duzdağın Fərhadları” əsərlərini həsr etmişdir.
Doğrudan da, Naxçıvan Duzdağını tədqiq edən zaman xüsusi bir otağa rast gəlinmişdir ki, burada xüsusi bir dizayn, memarlıq, sənət işi özünü göstərmişdir. Xüsusi memarlıqla yonulmuş bu otaq elə el arasında da “Duz saray” deyə adlanmışdır. Şair də məhz həmin Duz saraya müraciətlə əsərini yaratmışdır. Şair bunu təbiətin deyil, insan əməyi, zəkası və qabiliyyətinin nəticəsi olaraq bir memarlıq incisi, sənət tarixi və nümunəsi olaraq səciyyələndirir:

Daş aləti, duz aləti yerində,
Şaxtalarda əmanətdir Duz saray.
Dünəninmdən bu günümə xatirə,
Otaq-otaq həqiqətdir Duz saray.

Qoy hər yanda eşitsinlər adını
Günbatanda, gündoğanda desinlər.
Sarayların ən gözəli, xatını
Naxçıvanda Duz dağında desinlər.

Şair Muxtar Qasımzadənin “Duzdağın Fərhadları” poeması da maraq doğurur. Poemanın girişində Duzdağı “yeraltı yeni dünya” adlandıran şair adamları bu qəribə, ecazkar yerin seyrinə, tamaşasına çağırır. Şair Duzdağı insan zəkası və əməyinin əzəmətli nümunəsi kimi təqdim edir. Şair: “Orda əmək ulduz olub şan-şöhrəttək adamların döşündədir” misrası ilə həm Duzdağı möcüzəyə çevirən insan zəkası və onun qırılmaz əməyindən bəhs edir, həm də insanlara əməyi müqabilində verilən qiymətləndirici mükafat-Ulduzları, nişanlara işarə edir. Şair çox məharətlə “duz” sözünün təkrarını yaratmaqla həm də maraq doğuran məna çalarları da ifadə edir.

O elə bir dünyadır ki,
Havası duz, səması duz,
Hər yanı duz.
Sərvəti də elə duzdur,
Şöhrəti də elə duzdur –

deyən şair diqqəti Duzdağa cəlb edərək “yeri, göyü, altı, üstü, ha¬vası, rəngi, qoxusu” duz olan bir dünyadan – Duzdağ mağara¬sın¬dan söhbət açır. Adiliyə bir qeyri-adilik qatır, möcüzəvilik ve¬rir. Duzdağın sözdən qurulmuş möcüzəsini təqdim və təcəs¬süm etdirir.
Əsrlərdən qalıb Duzdağ.
Daş kahalar deyir bunu.
Uçqunlardan beli sınan
Duz zağalar deyir bunu.
...Kişilərin axırıncı zərbəsindən
Yerə girən
daş alətlər deyir bunu.

Bədii ədəbiyyat nümunələrində Duzdağ qəhrəmanlarına – mədənin qəhrəman, zəhmətkeş işçilərinə tərənnüm, vəsf, alqış bu əsərlərin başlıca yer tutan məsələlərdəndir. Təsadüfi deyil ki, şairlər Duzdağ əfsanəsinə diqqəti çəkən zaman onu bir abidə olaraq “yonub-düzəldən” insan əməyi və əqlinə də nəzərləri cəlb edirlər. Bu mədənin zəhmətkeş, əməksevər insanlarını da oxuculara tanıtmağı yaddan çıxarmırlar. Şair Muxtar Qasımzadə də əsərlərində məhz bu qəhrəmanlardan bəhs edir, onların faydalı əməyi və qəhrəmanlığından ağızdolusu danışır. Təsadüfi deyil ki, Muxtar Qasımzadə poemasında “Duzdağın Fərhadları” hissəsində Duzdağın qəhrəman fəhlələrindən söz açır, “Sevindik” adlanan hissəni isə xüsusi olaraq Duzdağın adı ilə tanınan qəhrəmanı Sevindikdən bəhs edir, onun zəhmətkeşlik və əməksevərliyindən ağızdolusu danışır.
Əlincə qalasının tarixi şöhrəti, onun əzəmət və vüqarı bir çox şair və yazıçılarımızdan biri kimi Muxtar Qasımzadənin də diqqətini cəlb etmiş, “Əlincə” əsərində Əlincə qalası özünün tarixi və əhəmiyyətli möyqeyi, əzəməti və möhtəşəmliyi ilə sənətə gətirilmiş, vəsf və tərənnüm edilmişdir. İstedadlı şair Muxtar Qasımzadənin yaradıcılığında bu mövzu daha çox aparıcı, daha çox qabarıq yer alıb. Şairin “Nuhçıxandan gəlirəm” başlıqlı kitabına toplanmış müxtəlif səpkili əsərlərində Naxçıvan abidələrinin tərənnümü də başlıca yerdə gəlir. Şairin bir sıra şeirləri var ki, konkret tarixi abidələrə həsr olunub. Şairin “Gəmiqaya”, “Fərhad evi”, “Əshabi-Kəhf”, “Oğlan qala – Qız qala”, “Duz saray”, “Çalxanqala”, “Əlincə”, “Köhnə qala haqqında ballada”, “Xaraba Gilan”, “Gülüstan”, “Xanəgah”, “Şərq hamamı”, “Buzxana”, “Qarabağlar türbəsi”, “Babək qalası”, “İmamzada” və başqaları məhz bu əsərlərdəndir. Bu əsərlərin hər birində bir abidə söhbət mövzusu təşkil edir. Şairin “Gəmiqaya” tarixi-əfsanəvi poemasından:
Nuh çıxandan gəlirəm,
Bura Nuhun öz eli.
Köhnəqala – məzarı,
Gəmiqaya – heykəli! –
misralarını Naxçıvanın tarixi emblemi adlandrmaq olar. Şair Nuhun tufanı ilə bağlı mövcud olan və eləcə də Naxçıvanda geniş yayılmış əfsanələri diqqətlə gözdən keçirərək Gəmiqaya əfsanəsinin poetik salnaməsini yaratmışdır. Nuh peyğəmbərin dünya tufanı ilə bağlı Allahdan aldığı xəbər, gördüyü hazırlıqlar, başına gələn əhvalatlar, nəhayət, sonunda gəmisinin Naxçıvandakı Gəmiqayada dayanması və bu ətrafda yerləşməsi əsərin əsas mövzusudur. Şair Gəmiqaya haqqında:
Qədim, doğma Qobustanın
atasıdır, anasıdır
Gəmiqaya.
Nuh babamın nicat yeri,
Xilasıdır Gəmiqaya, -
deyə yazır.
Şairin maraq doğuran digər şeirlərindən biri “Əshabi-Kəhf” adlanır. Qədim dini kitablarda adı keçən, haqqında çoxsaylı əfsanə və rəvayətlər dolaşan Əshabi-Kəhf və yeddi kimsənə haqqında Naxçıvanda da yetərincə sözlü ədəbiyyat, bilgi və məlumatlar vardır. Dağyunus haqqında rəvayətlər, əfsanələrdə qeyb olduqları deyilən yeddi kimsənə və onların qeyb olduqları müqəddəs məkan Əshabi-Kəhf Naxçıvan folkloru üçün çox doğmadır. Şair də bu müqəddəs məkana şeir qoşaraq digər başlıqlı əsərlərilə Naxçıvanı dinin yeri, imanın bütöv olduğu məkan, imam yurdu kimi səciyyələndirmişdir. Təsadüfi deyil ki, Naxçıvanda mövcud olan bir çox pir məhz İmamzada adlanır və imam övladlarının dəfn olunduqları müqəddəs yer kimi inanılır. Şairin söz qoşduğu pirlər arasında bu abidələrin də yer alması naxçıvanlıların iman və inam bütövlüyünə sahib olduqlarına işıq tutur.
Yaxşı haldır ki, şair Naxçıvanın böyük mədəniyyət abidələrindən olan və dünyada nadir incilərdən birini təşkil edən Mömünə xatun türbəsi haqqında Əcəmi Əbubəkr oğluna həsr etdiyi “Əbubəkrin oğlu Əcəmi” əsərində də bəhs edir. Şair Böyük Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvanın bu abidənin tikintisi ilə bağlı məşhur memar Əcəmiyə verdiyi tapşırığı bu cür poetik şəkildə təsvir edir:
Əyan-əşrəflə
Qəbul eylədi
Bəkir oğlunu
Cahan pəhləvan.
Söylədi ona:
...bir türbə yarat, -
Ana türbəsi.
Üzündə olsun
ismət pərdəsi.
Memar Əcəmi isə “Yüz on beş aya türbə ucaltdı, Anaya layiq qiblə yaratdı”, - deyə cavab verir.
Beləliklə, Naxçıvan ədəbi mühitinin qəlbində Muxtar Qasımzadə poeziyası özünəməxsus bir söyləmdir. İnsanın və insanlığın ən böyük səciyyəsini yaradan poeziya kimi onun yaradıcılığı humanizm zirvəsində bir taxt qurur. Bu mənada şair Muxtar Qasımzadə zəngin yaradıcılığı ilə İnsanın ən böyük obrazını yaratmış, onun dərin mənəviyyatını poetikləşdirmişdir. Şair hər şeydən əvvəl özünü aşiq kimi tanıtmışdır – bir İnsan aşiqi kimi, Vətən aşiqi kimi, bəşər aşiqi kimi, dünya-dəyər aşiqi kimi. Buna görə də onun ən böyük sərvəti, var-dövləti humanist-bəşəri məhəbbət, milli-vətənpərvər sədaqətdir. Onun ən böyük sərvəti, dövləti Vətənə məhəbbətdir!..


Ramiz QASIMOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent



Ramiz Qasımov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30