SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
16-08-2022, 11:00

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti avqust ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-un verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın və “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin yeni Nizamnaməsi və strukturu təsdiq edilib.

Eyni zamanda Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli digər bir Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Qərarında dəyişiklik edilib. Müvafiq dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digər səhiyyə müəssisələrinin tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti sentyabr ayının 1-dək uzadılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Nazirlər Kabinetinin 2022-ci il 12 avqust tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilib, Naxçıvan Dövlət Xalça Muzeyinin adı dəyişdirilərək Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi adlandırılıb.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasında “Elektrik enerjisindən istifadə Qaydaları” təsdiq edilib.

Qaydalara əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti muxtar respublikada tabeliyindəki vahid mərkəzdən idarə olunan müəssisələr, yüksəkgərginlikli ötürücü elektrik şəbəkələri, onların dispetçer idarəetmə vasitələrilə elektrik enerjisinin istehsalını, ötürülməsini, paylanmasını, əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatını yerinə yetirən və müvafiq sahədə dövlət nəzarətini, idarəetməni, tənzimləməni həyata keçirən dövlət orqanıdır

Xidmət tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçılar elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər.

Qaydalara görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi xidmətin hesabına həyata keçirilir. Yaşayış binalarının mənzilində, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

Xidmətin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir.

İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

Eyni zamanda bu qaydalar Energetika Xidməti ilə müstəqil enerji istehsalçıları arasında qarşılıqlı münasibətləri tənzimləyir.

İnzibati xətalar qanunvericiliyinə uyğun olaraq pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı xidmət tərəfindən inzibati tənbeh növləri tətbiq edilir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930