SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət qurumları sakinlərə vahid mərkəzdən xidmət göstərəcək - FOTO

Dövlət qurumları sakinlərə vahid mərkəzdən xidmət göstərəcək - FOTO
22-11-2021, 19:16

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, noyabrın 22-də Göynük kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, birmərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 26 yerlik zal yerləşir. Kitabxana fondunda 6587 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb, telekommunikasiya şəbəkəsi yaradılıb və ilk dəfə stasionar telefon rabitə xidməti istifadəyə verilib.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 58 üzvü vardır ki, onlardan da 17-si gənc, 26-sı isə qadındır. Ərazi ilk təşkilatının sədri Füzuli Məmmədov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Göynük kəndi bayram əhval-ruhiyyəsindədir. Ali Məclis Sədrinin gəlişi sakinlərin böyük sevincinə səbəb olub, həyata keçirilən geniş quruculuq işləri ruh yüksəkliyi yaradıb. Diqqət və qayğı sayəsində Göynük kəndi muxtar respublikanın müasir kəndlərindən birinə çevrilib. Bütün sahələr üzrə yaradılan nümunəvi şərait insanların rahat yaşamasına xidmət edir. Həyata keçirilən quruculuq işlərindən bizim ilk partiya təşkilatına da pay düşüb, nümunəvi iş şəraiti yaradılıb. Bundan sonra da kəndimizin yaşıllaşdırılmasında və abadlaşdırılmasında partiya üzvləri daha böyük fəallıq göstərəcəklər”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Yaqub Xudatov deyib: “Bu gün kəndimiz kompleks şəkildə abadlaşdırılıb. Sovet hakimiyyəti illərində Göynükdə heç bir tikili inşa olunmayıb. 2004-cü ildə Ali Məclis Sədrinin tapşırığı ilə kəndimizdə yeni məktəb binası tikilib, bir il sonra 7 kilomter məsafədən kəndimizə içməli su xətti çəkilib, ötən il həmin xətt 1 kilometrə yaxın uzadılıb. Bu gün Göynük kəndi üçün tarixi və əlamətdar bir gündür. Çünki Babək rayonunun ucqar dağ kəndi olan Göynük müasir görkəmə qovuşur. Kənd sakinləri, əsasən, əkinçilik, arıçılıq, heyvandarlıq və maldarlıqla məşğul olurlar. Dövlətimizin diqqət və qayğısı sayəsində ailə təsərrüfatları yaradılmış şəraitdən istifadə edərək məhsul istehsalını ilbəil artırırlar. İstehsal etdikləri məhsulların bazarlarda rahat satışını təşkil edərək dolanışıqlarını təmin edirlər. Biz də qurulanları qoruyacaq, göstərilən diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik”.

Ali Məclisin Sədri iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi insan amilinə verilən yüksək qiymətin əyani göstəricisidir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və ehtiyac olan digər köməkçi tibbi ləvazimatlarla təmin edilib.

Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: 2004-cü ildə ilk dəfə kənddə məktəb binası tikilib istifadəyə verildi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradıldı. 2014-cü ildə Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verildi, kəndin inkişafı üçün lazım olan bütün işlər həyata keçirildi.

Ali Məclisin Sədri deyib: Göynük kəndinin eramızdan əvvəl başlayan qədim tarixi vardır. Kənd tarixi karvan yolu üzərində yerləşmiş, zaman-zaman göynüklülər digər bölgələrə köçərək məskunlaşmışlar. Hazırda Türkiyə ərazisində 3 yerdə, Azərbaycanda isə Şəki rayonunda Göynük adlı yaşayış məntəqəsi vardır. Ehtimal olunur ki, onlar da buradan vaxtilə karvan yolu ilə gedib o yerlərdə məskunlaşan sakinlərdir. Göynük səfalı və geniş imkanlara malik olan kənddir. Bu gün həm bələdiyyə və dövlət, həm də şəxsi mülkiyyətdə olan torpaqlar imkan verir ki, kəndin inkişafı bundan sonra da təmin olunsun. Göynükdə əsasən heyvandarlıq və maldarlıq inkişaf edib, məskunlaşma artıb, yeni evlər tikilib. Bu da inkişafın göstəricisidir. Yaradılan şəraitdən sonra məskunlaşma daha da artacaq və ərazidən səmərəli istifadə olunacaq, maldarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, bitkiçilik inkişaf etdiriləcəkdir. Bunun üçün isə lazım olan hər bir şərait var. Sakinlərin rayon mərkəzinə, Naxçıvan şəhərinə gediş-gəlişinin rahat olması üçün yol da abadlaşdırılıb. Yolda işlər hələ davam etdiriləcək. Bütün bunlar insanların rahat yaşaması üçündür. Kənd tamamilə qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub, rabitə, internet, poçt və tibb xidməti yaradılıb.

Ali Məclisin Sədri görülən işlər münasibətilə sakinləri təbrik edib və əminliyini bildirib ki, kənd bundan sonra da abadlaşacaq, məskunlaşma artacaqdır. 

Göynük kənd sakinləri adından minnətdarlıq edən Təmleyxa İsayev deyib: “Kəndimizdə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan vəziyyətdə əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə burada böyük quruculuq işləri görülüb. Bu gün müasir tipli məktəb, kənd və xidmət mərkəzləri kənd sakinlərinin istifadəsinə verilir. Artıq hər bir şəraiti olan kənd mərkəzində həm inzibati ərazi dairəsi üzrə nümayəndəlik, həm də digər təşkilatlar əhaliyə yüksək səviyyədə xidmət göstərəcəklər. Məktəbdə tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Vaxtilə kəndimizdə əhalinin zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir şərait olmadığından kənd sakinləri qonşu kəndlərə və yaxud Naxçıvan şəhərinə getməli olurdular. Lakin bu gün istifadəmizə verilən müasir xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarının ödənilməsini tam təmin edəcəkdir. Kəndimizdə müasir poçt-rabitə və internet xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Yollarımız asfaltlanıb, körpü tikilib, kənddə müasir tipli ATS quraşdırılıb, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunub. Kəndimizin istər suvarma, istərsə də içməli su təminatı öz həllini tapıb Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.

* * *

Göynük kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 2480 metr yeni fiber-optik, 650 metr yeraltı kabel, 1280 metr hava rabitə xətti çəkilib, 55 rabitə dirəyi basdırılıb. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 2076 metr məsafədə məftil naqillər kabel xətti ilə əvəz edilib, 1200 metr hava elektrik verilişi xətti çəkilib. Bundan başqa 340 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 11 min poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031