SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni yolların salınması rahatlığa xidmət edir - FOTO

Yeni yolların salınması rahatlığa xidmət edir - FOTO
1-10-2021, 18:39

Yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi muxtar respublikada əsas diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Araz kənd avtomobil yolu yenidən qurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, ümumi uzunluğu 8,7 kilometr olan yola asfalt örtük salınıb, 600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib, 38 metal boru su keçidi qoyulub, 370 metr beton su kanalı çəkilib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün şəhərtipli kənd qurularaq sakinlərin istifadəsinə verilir. Kəndə 9 kilometrə yaxın yol salınıb, bütün evləri əhatə edən su-kanalizasiya şəbəkəsi qurulub, kənd və xidmət mərkəzləri, məktəb, poçt, rabitə, internet xidmətləri müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib. Görülən işlər insanların rahat yaşamasına və kəndin inkişafına xidmət edir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli Qanunu ilə Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Araz kənd inzibati ərazi dairəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il iyunun 29-da imzaladığı digər Qanunla isə Araz kənd bələdiyyəsi yaradılıb. Ötən dövrdə kəndin inkişafı təmin edilib, məskunlaşma artıb, yeni evlər tikilib. Bu gün qurulanlar, istifadəyə verilənlər də kəndin bundan sonrakı inkişafını, rahat yaşayışı təmin edəcəkdir.

“Qurulanlar işin bir tərəfidirsə, bunlardan səmərəli istifadə etmək isə əsas məsələdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, sakinlər kəndin inkişafını təmin etməli, məskunlaşma daha da artmalı, torpaqlardan səmərəli istifadə olunmalı, yaşıllıqlar salınmalı, ailə təsərrüfatları inkişaf etdirilməli, bir sözlə, yaradılan şərait kəndin bundan sonrakı inkişafını sürətləndirməlidir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bu gün Araz kəndinin timsalında görünür. Həyata keçirilən işlər ölkəmizdəki inkişaf, sabitlik, dövlət-xalq birliyi və ulu öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Bu gün Azərbaycan aparılan uğurlu siyasət nəticəsində dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Ali Məclisin Sədri aparılan kompleks quruculuq işləri münasibətilə sakinləri təbrik edib.

Araz kənd sakinləri adından minnətdarlıq edən Əqil Sadiqov deyib: “Kənddə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan, uyğunlaşdırılmış binada əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə kəndimizdə böyük quruculuq işləri görülüb. Bu gün müasir məktəb binası, kənd və xidmət mərkəzləri, həmçinin içməli su və kanalizasiya şəbəkəsi qurularaq kənd sakinlərinin istifadəsinə verilib. Evlərimizə təmiz içməli su xətti çəkilib, kanalizasiya sistemleri qurulub. Hər cür şəraiti olan kənd mərkəzində dövlət qurumları əhaliyə yüksək səviyyədə xidmət edəcəklər. Məktəbdə tədrisin günün tələbləri səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılıb. Vaxtilə kənddə əhali ehtiyaclarını ödəmək üçün qonşu kəndlərə, ya da Naxçıvan şəhərinə üz tuturdu. İstifadəmizə verilən xidmət mərkəzi həm sakinlərin zəruri ehtiyaclarının ödənilməsinə köməklik edəcək, həm də vaxt itkisinin qarşısını alacaq. Yollarımız asfaltlanıb, kənddə müasir tipli ATS quraşdırılıb, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunub. Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.

***

Araz kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 2150 metr yeni fiberoptik kabel, 2610 metr rabitə xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 71 yeni dirək basdırılıb, müxtəlif diametrli 4515 metr kabel xətti, 6710 metr məftil naqillər çəkilib, 2 transformator yarımstansiyası təmir olunub. Bundan başqa 173 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 1135 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031