SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib - FOTO

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib - FOTO
1-10-2021, 18:26

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilib, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişib. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilib. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz kəndində də geniş quruculuq işləri aparılıb, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub.

Araz kənd məktəbində

hərtərəfli tədris şəraiti yaradılıb

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 1-də - Müəllimlər Günü ərəfəsində Araz kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 88 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana və idman zalı yerləşir. Kitabxana fondunda 1840 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmış, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir. Şagirdlərin hazırladıqları “Təmassız tullantı qutusu” və “Avtomatik suvarma sistemi” layihələri təqdim edilib.

Müəllim Mirvari Qurbanova deyib: “Məktəbimizdə STEAM təlim metodunun tətbiqi, STEAM kabinəsinin yaradılması müəllimlərə müasir metodlarla işləməyi öyrətməklə yanaşı, şagirdlərin yeni texnologiyaları mənimsəməsinə, tədrisdə yeni təlim üsullarının tətbiqinə və inkişafına geniş imkanlar yaradır. Bu, layihə əsaslı öyrənmə və fənlərarası əlaqə yaradan bir təhsil sistemidir. STEAM təhsil metodunda ənənəvi yanaşmadan fərqli olaraq, uşaqlar praktik üsullardan istifadə edərək öyrənirlər. Bu vasitə ilə daha yaxşı qavrayır, robot yaratmaqla, kodlaşdırmaqla və yaxud hər hansı layihəni tətbiq etməklə riyaziyyat, fizika, kimya və biologiya elmlərinin dərinliklərini dərk edirlər. Bu yanaşma ilə yetişən şagirdlər gələcəkdə yeniliklər edə bilir, düşünən, yaradan və sağlam təfəkkürlü bir nəsil kimi formalaşır”.

Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Nizami Gəncəvi-880” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılıb. Şagirdlər keçirilən təcrübələrdə iştirak etməklə bu sahədə biliklərini daha da möhkəmləndirəcəklər.

Gənc nəslin sağlamlığının və fiziki inkişafının təmin edilməsində, vətənin müdafiəsinə hər an hazır olan mərd və cəsur vətəndaş kimi yetişməsində idman dərslərinin mühüm rolu vardır. Məktəbin lazımi əyani vasitələrlə təchiz olunan geniş idman zalı və şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcəkdir. Şahmat otağına baxış zamanı bildirilmişdir ki, ümumtəhsil məktəblərinə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən nəşr olunan “Həvəskardan ustaya qədər”, “Şahmat incilərini tapmaq” və “Naxçıvan şahmat diyarıdır” adlı yeni dərs vəsaitləri verilib.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada 200-dən artıq məktəbin tikintisi, müasir avadanlıqlarla təminatı, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində 50 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Hazırda Babək rayonunda Sirab və Göynük məktəblərində tikinti və yenidənqurma işləri həyata keçirilir. Araz kənd ümumi orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılmış, tədrisin yüksək səviyyədə təşkili üçün müasir şərait yaradılıb. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə keçirilən nümunəvi dərslər, məktəb-muzey, məktəb-akademiya əlaqələri şagirdlərin biliklərinin artırılması ilə yanaşı, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Bu günə qədər 53 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, dərslik və tədris proqramları nəşr edilib, 200-dən çox müəllim STEAM təlimlərinə cəlb olunub. Muxtar respublikada müəllim əməyinə verilən dəyərdən danışan təhsil naziri bildirib ki, son üç ildə 726 gənc kadr ümumtəhsil məktəblərində müəllim və müxtəlif vəzifələrə təyin olunub, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunmuş, 505 müəllim şahmat sertifikatı ilə təmin edilmiş, müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiyası aparılıb. Müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər muxtar respublikanın təhsil müəssisələrində çalışan 400-dən çox müəllim fəxri ad və medalla təltif edilib, 24 ümumtəhsil məktəbi “Ən yaxşı məktəb”, 40 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Nazlı Nəcəfova minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Araz kəndində kompleks quruculuq və abadlıq işləri aparılıb. Bu gün Araz kənd ümumi orta məktəbi yeni binada fəaliyyətə başlayır. Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlərimiz üçün bundan böyük hədiyyə ola bilməz. Muxtar respublikada gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların işlə təminatı da diqqətdə saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, orta təhsilimi 580 balla başa vuraraq Ali Məclis Sədrinin mükafatına layiq görülmüş, Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını bitirmişəm. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək Araz kənd ümumi orta məktəbində tarix müəllimi kimi çalışıram. Mənimlə bərabər 3 gənc kadr da müsabiqədən yüksək nəticə əldə edərək bu məktəbdə fəaliyyətə başlamışdır. Bu cür möhtəşəm, müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə işləmək böyük arzumuz idi. Arzumuz reallığa çevrildi”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd ümumi orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün Araz kəndinin həyatında əlamətdar gündür. Çünki kənd yenidən qurulub. Yeni məktəb binası müasir tədrisin tələblərinə tam cavab verir. Bu təhsil ocağında yaradılan təminat mərkəzlərdəki məktəblər ilə eyni səviyyədədir. Məktəb ümumxalq işidir. Ona görə ki, məktəblərdə ölkənin gələcəyi hazırlanır. Dövlət lazımi şəraiti yaradır. Kollektiv bu imkanlardan səmərəli istifadə etməli, müəllimlər tələbkar, şagirdlər çalışqan olmalı, məktəblə ailə arasında sıx əlaqə yaradılmalıdır. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2020-2021-ci tədris ilində ali və orta ixtisas məktəblərinə qəbulun nəticələrinə görə muxtar respublika liderdir. Yəni 72 faizdən artıq gənc ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb.

Ali Məclisin Sədri bu münasibətlə muxtar respublika müəllimlərinə təşəkkürünü bildirərək deyib: Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin günün tələbləri səviyyəsində yetişməsinə imkan verir. XXI əsr yeni texnologiyalar əsridir. Ona görə də məktəblərdə lazımi şərait yaradılmalı, tədris yeni texnologiyalar əsasında qurulmalıdır. Araz kənd ümumi orta məktəbində də bu amil nəzərə alınıb, kompüter sinfi, laboratoriyalar, elektron lövhələr, STEAM kabinəsi və digər avadanlıqlar qurulmuşdur. Kollektiv bunlardan istifadə etməklə şagirdləri gələcəyə hərtərəfli hazırlamalıdırlar.

Ali Məclisin Sədri təhsil ocağının muxtar respublika məktəbləri arasında özünəlayiq yer tutacağına və tam orta məktəbə çevriləcəyinə əminliyini bildirib, kollektivə uğurlar arzulayıb.

Binanın həyətində bufet, fərdi qazanxana, açıq idman qurğuları qoyulub, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31