SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır - FOTO

Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır - FOTO
30-06-2021, 19:04

Torpaq və su ehtiyatlarından səmərəli istifadə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli "Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən bu sahədə mühüm tədbirlər görülür. Qapalı suvarma şəbəkələrinin qurulması uzun illər əkilməyən torpaqların əkin dövriyyəsinə qatılmasına şərait yaradıb. Bu da kənd təsərrüfatının, xüsusilə strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına imkan verir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində olub, muxtar respublikada taxıl biçininin gedişi ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, bu ilin məhsulu üçün muxtar respublikada 32 min 721 hektar sahədə taxıl biçini aparılacaqdır ki, onun da 20 min 930 hektarı buğda, 11 min 791 hektarı isə arpa əkinləridir. Əkinlərin 3040 hektarı dəmyə sahələrdir. Bu günə qədər muxtar respublika üzrə 16 min 100 hektar sahədə biçin aparılıb. Məhsuldarlıq 30 sentnerdir. Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 45, arpa və qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 99 taxılbiçən kombayn, 276 qoşqu, 308 kipvuran, 85 özüboşaldan avtomaşın, 653 traktor, 43 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilib. Taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi təmin edilib, zəruri ehtiyat hissələri alınıb, texniki xidmət təşkil olunub. Həmçinin taxıl zəmilərində Fövqəladə Hallar Nazirliyinin 12 yanğınsöndürmə qrupu xidmət aparır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada ötən ilin payız əkinlərində əsas yeri taxılçılıq tutub. Çünki taxılçılıq ölkənin sabitliyinə birbaşa xidmət edən ən vacib sahədir. Bu sahəyə hər il diqqət artırılır, muxtar respublikaya yeni buğda sortları, texnikalar gətirilir, qapalı suvarma sistemləri qurulur, əhaliyə subsidiyalar verilir. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada taxılçılıq sahəsində ciddi irəliləyiş vardır. Muxtar respublika üzrə əkilən 32 min hektara yaxın taxıl sahəsinin bu günə qədər 50 faizi biçilmişdir. Məhsuldarlıq 30 sentner təşkil edir.

"Torpağın quruluşu, eyni zamanda gübrə, toxum, su təminatı eyni olan ərazilərdə məhsuldarlığın fərqli olması aqrotexniki qaydalara düzgün əməl olunmamasının və məsuliyyətsizliyin nəticəsidir", - deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməli, məhsuldarlıq artırılmalı, əkin zamanı aqrotexniki qaydalara əməl olunmalı, məhsuldar toxumlardan istifadə edilməlidir. Biçində iştirak edən kombaynların iş əmsalı yüksəkdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti taxılçılıq rayonlarının texnika təminatını bundan sonra da diqqətdə saxlamalı, müvafiq tədbirlər həyata keçirilməli, əhali maarifləndirilməlidir. Muxtar respublikada rayonlaşmış toxum sortlarından bir neçə ildir istifadə olunur və nəticələri də vardır. Çalışıb ona nail olmaq lazımdır ki, taxıl sahələrinin hektarı yox, məhsuldarlığı artırılsın. Bunun üçün də imkanlar mövcuddur. Hətta 15-20 il bundan sonra üçün də muxtar respublikanın texnika problemi həll olunub.

Ali Məclisin Sədri kənd təsərrüfatı işçilərinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb, birgə fəaliyyətin yaxşı nəticə verdiyini, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edildiyini, bu işləri daha da genişləndirməklə ixrac imkanlarını da artırmağın mümkün olduğunu bildirib.

Baxış zamanı məlumat verilib ki, “Araz” Elm-İstehsalat Birliyi üçün 87 hektar əkin sahəsi ayrılıb. Bu ilin məhsulu üçün 55 hektar sahədə taxıl  əkini keçirilib ki, bunun da 45 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir. Birliyin əkin sahələrində "Qobustan", "Əhmədağa", "Konya", “Fatimə” və "Bayraqdar" buğda, "Qarabağ-22", "Qarabağ-33" arpa toxum sortlarından istifadə olunub.

Ali Məclisin Sədri  biçin zamanı yanğın təhlükəsizliyinə ciddi nəzarət olunması, əkin kvotasının hazırlanması, muxtar respublikanın iqlim şəraitinə uyğun toxumların alınması və toxum bankının yaradılması  ilə bağlı tapşırıqlar verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930