SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qəhrəmanlıq və şərəf tariximiz - FOTO

Qəhrəmanlıq və şərəf tariximiz - FOTO
20-01-2021, 15:00

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib.

Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Sonra Dövlət Himni səslənib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edərək güllər qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tarixmizin ən şanlı səhifəsi, qürur və şərəf tariximizdir. Vətən naminə, müstəqillik naminə şəhid olanlar insan mənəviyyatının ən yüksək zirvəsinə ucalırlar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb.

Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək  idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.

Ümummilli liderimiz yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.  Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırmışdır.

Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başladı və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazıldı.

Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq dövrüdür. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışıb, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunub, müstəqil dövlətçiliyimizin bünövrəsi qoyulub.

Ulu öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinə ilk dəfə Naxçıvanda siyasi qiymət verib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1990-cı il 21 noyabr tarixli “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edib, həmin Qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faicələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan böyük tarixi qələbə qazandı. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik".

Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır. 

Həmin gün saat 12:00-da muxtar respublikada şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031