SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb - FOTO

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb - FOTO
19-01-2021, 18:51

Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib: "Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər epidemioloji vəziyyətin sabitləşməsinə zəmin yaradıb, insanların sağlamlığı daim diqqətdə saxlanılıb. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsində muxtar respublikada yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınıb. Bu sahədə əsas iş Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin üzərinə düşür. Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən də bu sahədə işlər görülüb, parazitoloji və bakterioloji müayinələr aparılıb, uşaqlar vaksinasiyaya cəlb edilib. Bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır". Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ötən il Ordubad rayon Gigiyena və Epidemiologiya Şöbəsinin istifadəyə verilməsi zamanı Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlasının hazırlanması ilə bağlı tapşırıq verib. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva yeni nəşr olunan atlası Ali Məclisin Sədrinə təqdim edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş otaqları istifadəyə verilir. Şahbuz rayonu 1930-cu ildə yaradılıb. Bu illər ərzində rayon böyük inkişaf yolu keçib, təşkilatlar formalaşıb. Rayonun ötən illərdə inkişafına töhfə verən təşkilatlardan biri də Gigiyena və Epidemiologiya Şöbəsidir. Şöbənin kollektivi tərəfindən rayonda epidemioloji vəziyyətə daim nəzarət olunur, əhali arasında maarifləndirici tədbirlər aparılır. Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə və 22 kənd vardır. Rayonda 25 mindən çox əhali yaşayır. Əhalinin gigiyenik qaydalara əməl etməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, eyni zamanda ərazidə epidemioloji vəziyyətə nəzarət üçün şöbənin iş şəraitinin müasirləşdirilməsinə ciddi ehtiyac vardı. Dünyada baş vermiş epidemioloji vəziyyət gigiyena və epidemiologiya sahəsinin nə qədər vacib olduğunu göstərdi. Bütün bunlar nəzərə alınaraq 2020-ci ildə muxtar respublikada bu sahədə struktur dəyişikliyi edilərək Naxçıvan Muxtar Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi, rayonlarda isə şöbələri yaradıldı. Şahbuz rayonundakı şöbə 26 ştat vahidi ilə fəaliyyətə başladı.

Ali Məclisin Sədri deyib: Dünyadakı epidemioloji vəziyyətlə bağlı olaraq bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə mühüm vəzifələr düşür. Adından da göründüyü kimi, gigiyena və epidemiologiya sahəsi bütün dövrlərdə vacibdir. Dünya Səhiyyə Təşkilatının tövsiyəsi də ondan ibarətdir ki, gigiyenik qaydalara əməl edilsin, təmizlik, sosial məsafə qorunsun, ərazilərin epidemioloji vəziyyətinə nəzarət olunması üçün dezinfeksiya işləri aparılsın və əhali daim maarifləndirilsin. Bu sahə daim diqqət mərkəzində olmalı, maddi-texniki bazası möhkəmləndirilməli, kadr potensialının təkmilləşdirilməsi nəzarətdə saxlanılmalı, maarifləndirici tədbirlər keçirilməlidir. Artıq muxtar respublikanın bir sıra rayonlarında Gigiyena və Epidemiologiya şöbələri müasir iş şəraiti ilə təmin olunmuşdur. Bu işlər cari ildə də davam etdiriləcəkdir. Gigiyena və epidemiologiya sahəsində vaxtında görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada epidemiya pandemiyaya çevrilmədi.

Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsinin həkim köməkçisi Mehriban İmanquliyeva rayonun səhiyyə işçiləri adından minnətdarlıq edərək deyib: "Kollektivimiz əvvəllər uyğunlaşdırıl binada fəaliyyət göstərirdi ki, bu da işin keyfiyyətinə təsir edirdi. Artıq bizim üçün müasir iş şəraiti yaradılmışdır. Bu, daha yaxşı işləməyimizə, əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunmasına təminat verir".

Gigiyena və Epidemiologiya Şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, şöbədə müdir, epidemioloq, sterilizasiya və dezinfektor otaqları, epidemioloji, bakterioloji, parazitaloji, ümumi sanitariya laboratoriyaları, bufet və anbar vardır. Şöbə nitratometr, dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, avtoklav, distilyator, sentrifuqa, analitik tərəzi, quruducu və soyuducu şkaflar, həmçinin köməkçi tibbi ləvazimatlarla təmin edilmişdir. Ötən il Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən rayonda 1620 obyektdə 813 min kvadratmetr sahədə dezinfeksiya, 167 obyektdə 172 min kvadratmetr sahədə isə dezinseksiya işləri aparılıb.

Ali Məclisin Sədri bölgədəki turistik ərazilərdə və yaylaqlarda dezinfeksiya işlərinin aparılması, su hövzələrindən nümunələrin götürülərək yoxlanılması, ailə təsərrüfatlarında istehsal olunan konservləşdirilmiş məhsullara nəzarət olunması barədə tapşırıqlar verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728