SON DƏQİQƏ

naxcivanxeberleri.com

Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib-FOTO

Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib-FOTO
20-11-2020, 18:00

Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzidir. Eyni zamanda Naxçıvanın şəhər kimi formalaşması Duzdağ mədəniyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb”.

Bu gün Naxçıvan Duzdağı iqtisadi və tarixi-mədəni əhəmiyyətini qorumaqla yanaşı, həm də müalicəvi xüsusiyyətləri ilə də məşhurdur. Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə mərkəzi kimi dünyada şöhrətə malikdir. Naxçıvan Muxtar Respublikasında aparılan böyük abadlıq və quruculuq işləri bu nadir səhiyyə ocağını da əhatə edib, müalicə turizminin inkişafı üçün hərtərəfli şərait yaradılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Mərkəzin baş həkimi Heyran Qazıbəyova minnətdarlıq edərək deyib: “Muxtar respublikada əhalinin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər Naxçıvan Muxtar Respublikasında bütün səhiyyə müəssisələri müasir standartlara uyğun qurulub, yeni tibbi avadanlıqlarla təchiz edilib. Həyata keçirilən yenidənqurma işlərindən Duzdağ Fizioterapiya Mərkəzinə də pay düşüb. Yaradılan şəraitin nəticəsidir ki, son illər müəssisəyə müraciət edənlərin sayı artıb. Yeni inzibati binanın istifadəyə verilməsi məsuliyyətimizi daha da artırır. Söz veririk ki, bundan sonra da işimizi göstərilən yüksək qayğıya uyğun quracaq, xəstələrin bu şəfa ocağında sağalmaları üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi bu gün 500-ə yaxın yataq yeri və 50 tibbi heyət ilə dünyanın bir çox ölkələrindən gələn xəstələrə xidmət göstərir. Müstəqillik dövründə Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikasının rəmzinə çevrilmişdir. Çünki müxtəlif ölkələrdən gələn xəstələr mərkəzdə şəfa tapır, digər insanlara da buranı tövsiyə edirlər. Bu da mərkəzin daha da inkişafına, muxtar respublikanın tanınmasına, turizm potensialının genişlənməsinə imkan verir. Bu illər ərzində səhiyyə müəssisəsində yaxşı kollektiv də formalaşmışdır. Mərkəzdə bu sahə üzrə ixtisaslaşmış həkimlər fəaliyyət göstərir və onların yaxşı işlərinin nəticəsidir ki, müraciət edənlərin sayı ilbəil artır.

“Duzdağ Fizioterapiya Mərkəzi 40 illik yol keçmişdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, 2019-cu ildə müəssisənin yaradılmasının 40 illiyi qeyd olundu, kollektivin fəaliyyəti qiymətləndirildi. Bu gün istifadəyə verilən inzibati bina da 40 illik fəaliyyətə verilən töhfədir. Kollektivin üzərinə düşən vəzifə isə xəstələrə yüksək xidmət göstərməkdir. Təkcə ötən il mərkəzə 3 min 900-ə yaxın xəstə müraciət etmişdir. Onlardan 520-yə yaxını muxtar respublika sakinləri, digərləri isə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələnlər olmuşdur. Bu il dünyada baş verən epidemiya mərkəzin də işini müəyyən qədər zəiflətmişdir. Ona görə də post-epidemiya dövrünə hazırlaşmaq lazımdır. Əvvəllər xəstəxana ilə xəstə qəbulu bir yerdə olduğuna görə müəyyən çətinliklər yaranırdı. Artıq xəstə qəbulu və xəstəxana ayrı-ayrı binalarda yerləşir. Mərkəzdə nəyə ehtiyac varsa, onlar müəyyən olunmalı və bütün çatışmazlıqlar aradan qaldırılmalıdır. Mərkəz publik hüquqi şəxs olduğuna görə burada bütün işlər dəqiqliklə hesablanmalı, vəsaitdən qənaətlə istifadə olunmalı və fəaliyyət üçün lazım olan bütün səylər göstərilməlidir.

Ali Məclisin Sədri deyib: Əvvəllər burada həm duz çıxarılırdı, həm də xəstəxana yerləşirdi. Lakin yaxın vaxtlarda yeni duz şaxtasının istifadəyə verilməsi bu problemi də aradan qaldıracaqdır. Bununla duz şaxtası ayrı bir əraziyə köçürüləcək, bura tamamilə xəstəxanaya aid olacaqdır. Ona görə də ərazi təmiz saxlanılmalı, qaydalara ciddi əməl olunmalıdır. Çünki xəstəni, ilk növbədə ərazinin təmizliyi və göstərilən xidmət, sonra isə aldığı müalicənin nəticəsi maraqlandırır. İlin bütün fəsillərində şaxtada temperaturun eyni dərəcədə olması müalicənin səmərəli təşkilinə imkan verir. Bütün bunlar kompleks şəkildə həyata keçirilməlidir. Bir neçə ölkədə duz şaxtaları, eləcə də süni şəkildə yaradılan şaxtaların olmasına baxmayaraq onlar Naxçıvan Duzdağı kimi təsir gücünə malik deyil. Ona görə də bu sərvəti qorumalı, tanıtmalı və yaşatmalıyıq. Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri maarifləndirmə işləri apararaq yerli xəstələri mərkəzə cəlb etməli, internet resurslarından istifadə etməklə mərkəz tanıdılmalı, sorğular düzgün və vaxtında cavablandırılmalı, mərkəzlə bağlı məlumatlar daim yenilənməlidir.

Ali Məclisin Sədri kollektivə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi, mərkəzin tibb bacısı Darçın Eyvazova minnətdarlıq edirək deyib: “Yaşlı nəsil yaxşı xatırlayır ki, Duzdağ Fizioterapiya Mərkəzi vaxtilə hansı şəraitdə fəaliyyətə başlayıb. Havada bir az külək olan kimi burada elektrik enerjisi kəsilir, saatlarla şam işığında çalışmalı olurduq. Qaranlıq tunellər yüksək səviyyədə müasirləşdirilib, işıqlandırılıb istifadəmizə verilib. Mərkəzə ölkəmizin, eləcə də dünyanın bir çox ölkələrindən xəstələr gəlir. Onlar dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən bu dağın altında yaradılan şərait qarşısında heyrətlərini gizlədə bilmirlər. Bura müraciət edənlər həm sağlamlıqlarına qovuşur, həm də bu tarixi yerdən zövq alırlar. Bu gün istifadəyə verilən inzibati bina isə iş şəraitinin daha da yaxşılaşmasına xidmət edir”.

Sonra binaya baxış olub.

Bildirilib ki, mərkəzin inzibati binasının tikintisinə 2019-cu ilin iyun ayında başlanılıb. Binanın birinci mərtəbəsində qeydiyyat, müayinə, təsərrüfat otaqları, bufet, ikinci mərtəbəsində isə baş həkim, tibb bacısı, 2 ordinator otağı, mühasibatlıq, təsərrüfat müdiri və texniki işçilər üçün otaqlar vardır. Yeraltı şöbənin girişində fizioterapiya kabinəsi və laboratoriya yerləşir. Fizioterapiya kabinəsi ultrasəs-elektroterapiya və yüksəktezlikli cərəyanla müalicə cihazları, solyuks və parafinəritmə qazanı ilə təchiz edilib. Mərkəzə müraciət edən xəstələrin qeydiyyatının daha çevik və dəqiq aparılması üçün binaya internet xətti çəkilib.

Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada bütün fəsillərdə havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.

Mərkəzə gedən avtomobil yolunun 1600 metrinə asfalt örtük verilib, 1980 metr uzunluğunda beton kanal çəkilib, ərazi işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib, yaşıllıqlar salınıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031