SON DƏQQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir

Prezident İlham Əliyev: Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir
9-06-2020, 21:14

Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışından sonra həkim kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.

Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır.

Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Bununla paralel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir.

Ona görə bütövlükdə baxanda bizim iqtisadi fəaliyyətimiz də bu müddət ərzində çox uğurlu olub. Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Artan dinamika, xəstələrin, yoluxanların artan dinamikası göstərir ki, yumşalma tendensiyası buna gətirib çıxarıb. Amma yenə də vəziyyət nəzarət altındadır. Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Bu günə qədər nisbət elədir ki, bizim səhiyyə sistemimiz bunu qəbul edə bilir. Bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi odur ki, o ölkələrdə səhiyyə sistemi çöküb. Yəni, xəstələri qəbul edə bilmirlər və beləliklə, kütləvi ölüm halları müşahidə edilir. Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930