SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidenti: Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var

Azərbaycan Prezidenti: Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var
15-05-2020, 22:41

Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin təşəbbüsü əsasında bu şirkətin rəhbərləri ilə keçirilən videokonfransda çıxışı zamanı deyib.

Dövlət başçısı COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı və Qoşulmama Hərəkatının görüşünə diqqət çəkərək qeyd edib:

"Texniki nöqteyi-nəzərdən deyə bilərəm ki, hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar var idi. Yeri gəlmişkən, ilk dəfə idi ki, Qoşulmama Hərəkatı və Avropa İttifaqı eyni tədbirdə iştirak edirdi. Əvvəllər, bu, heç zaman baş verməmişdir. Azərbaycan həmin iki mühüm beynəlxalq tədbiri başladı. Təbii ki, onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla idi. Mən bu fürsətə görə minnətdaram. Hazırda bu imkanlardan sizinlə söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla, yəni, dövlət başçıları ilə artıq bir neçə söhbətim olub. Lakin bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri ilə bu cür söhbət edirəm. Fikrimcə, xoş təsadüfdür ki, bu, CISCO-dur.

Bu, ölkələrimiz arasında çox sıx və deyərdim ki, strateji tərəfdaşlığı nümayiş etdirir. İlk bu cür söhbət apardığım şirkət Birləşmiş Ştatları təmsil edən şirkətdir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür.

Qeyd etdiyiniz məsələlərə gəldikdə, biz onları əvvəllər müzakirə etmişik. Şadam ki, Davosda keçirdiyimiz görüşdən sonra böyük irəliləyişə nail olmuşuq. Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni “Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal “Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik. Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz kimi, əlavə edərdim ki, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasını əhatə edir. Mən buna sonradan qayıdacağam. Lakin ilk olaraq mənə sizin “Quantela” şirkəti ilə əməkdaşlığınız haqqında məlumat verildi. Əlbəttə ki, biz bunu tam dəstəkləyirik. “Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ “yol xəritəsi”nin hazırlanması da fikrimcə, çox faydalı olardı.

Bundan sonra, qarşımızda tam mənzərə aydınlaşacaq. Atacağımız addımların planı hazır olacaq və yekun nəticə çıxacaq və bu nəticəyə nail olmaq üçün hansı növ ehtiyatların toplanmasına ehtiyac duyulduğunu da biləcəyik. Hazırkı vəziyyətdə “bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq. Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq.

Kibertəhlükəsizliklə bağlı məsələyə gəldikdə, biz bunu, həmçinin əvvəllər müzakirə etmişik. Əvvəlcə müzakirə etdiyimiz kimi və mən də qeyd etdiyim kimi, həmin yeni islahatlar gündəliyində əsas məqsəd ümumi daxili məhsulu artırmaq, iş yerlərini açmaq və bunun üçün innovativ texnologiyalardan istifadə etməkdən ibarətdir.

Hazırkı koronavirus şəraitində, əvvəlcə qeyd etdiyim kimi, bu məsələlər daha da vacibdir. Çünki demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik.

İndicə danışdığımız məsələlərdən başqa, fikrimcə, biz digər sahələrdə də işləyə bilərik. Bilirəm ki, siz kənd təsərrüfatının rəqəmsallaşdırılması ilə bağlı artıq təmasdasınız. Bu sektor hazırkı vəziyyətdə neft qiymətlərinin tənəzzülü ilə aparıcı sektorlardan biri olacaq. Buna görə kənd təsərrüfatı məşğulluq, ərzaq təhlükəsizliyi və ixrac deməkdir. Gözəçarpan nəticələrə nail olmaq üçün bizim su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemimiz olmalıdır. Elə bu yaxınlarda mən Baş Nazirin müavininin rəhbərliyi altında xüsusi dövlət komissiyasının yaradılması ilə bağlı Sərəncam imzalamışam. Onlar artıq işə başlayıblar. Bir çox nazirlər həmin komissiyanın üzvləridir, çünki bizim çoxlu itkilərimiz olub. Ötən il isə bizdə çox ciddi quraqlıq oldu. Bu il, həmçinin gözlənilir. Düzdür, daha yüngül olsa da, amma yenə də proqnozlaşdırılmayan haldır. Hava şəraiti gözlənilməz şəkildə dəyişir.

Beləliklə, su ehtiyatlarımızın düzgün qiymətləndirilməsi, layihənin prioritetlərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi qarşıdan gələn illərdə bizim üçün ən vacib məsələdir.

Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq tamamlandığını nəzərə alsaq, bu, infrastruktur layihələri sırasında bir nömrəli layihə olacaqdır ki, onun icrası nəticəsində su ehtiyatlarına nəzarət, idarəedilmə və bərabər bölgü təmin olunacaq. Çünki burada narahatlıq doğuran məsələlərdən biri odur ki, bəzən su ehtiyatlarının paylanılması zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə edirlər və nəticədə müəyyən şirkətlər qrupu əsassız üstünlük əldə edir. Bu ədalətsizlik isə öz növbəsində, ciddi çətinliklər yaradır. Bu səbəbdən hesab edirəm ki, bu məsələ də bizim gündəliyimizə əlavə edilə bilər və beləliklə, biz gələcəkdə hansı işlərin görüləcəyi ilə bağlı geniş mənzərəyə malik olacağıq".

Prezident İlham Əliyev bugünkü müzakirələri olduqca vacib və ümidverici hesab etdiyini deyib:

"Bu təşəbbüslərin tərəfinizdən dəstəklənməsinə görə sizə bir daha təşəkkür edirəm. Biz ölkəni müasirləşdirmək arzusunda olduğumuzla bağlı çoxlu müzakirələr aparmışıq və hər kəs anlayır ki, müasir texnologiyalar olmadan bu, mümkün deyil. Bu səbəbdən, zənnimcə, bu gün müzakirə etdiklərimiz icra olunacaq, çünki əvvəl planlaşdırdığımız bütün təşəbbüslər artıq həyata keçirilib.

Su ehtiyatlarının idarə edilməsi məsələsinə qayıdaraq, siz su itkisi məsələsini düzgün qeyd etdiniz və bizdə də belə problem var. Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir. Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik.

Bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür".

Azərbaycan Prezidenti daha sonra bildirib:

"Hesab edirəm ki, yeni əməkdaşlıq formatımızın strukturu rəsmi müəyyən edildikdən sonra bizim qısamüddətli icra planımız olmalıdır, çünki bizim bu məsələlərə ciddi ehtiyacımız var. Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq. Bu yaxınlarda, pandemiya vaxtı mən “Azərenerji”nin əməliyyat mərkəzinin açılışında iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat sistemləri çalışır. Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var. Mövcud elektrik stansiyalarında yenidənqurma və təmir işləri aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600 meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalniz resursların optimallaşdırılması sayəsində biz səmərəliliyi artıraraq böyük generasiya gücü əldə etmişik. Beləliklə, bu, əlbəttə, bizim üçün prioritet təşkil edən məsələ olacaq. Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır. Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930