SON DƏQQƏ

naxcivanxeberleri.com

Ali Məclisin Sədri Fərman imzalayıb

Ali Məclisin Sədri Fərman imzalayıb
17-04-2020, 16:47

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Fərmanda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 oktyabr tarixli 39-II FR nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikasının

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Naxçıvan Muxtar Respublikasının ərazisində və Araz çayı və su anbarının Naxçıvan Muxtar Respublikasına aid olan hissəsində bioloji sərvətlərdən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Naxçıvan Muxtar Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ov yerlərinin və ov obyektlərinin mühafizəsi, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət Gerbinin təsviri, öz adı həkk olunmuş möhürü,  müvafiq ştampı və blankı vardır.

1.5. Nazirliyin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.0. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

2.0.4. aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahəyə investisiyaların cəlb olunması üçün tədbirlər görmək, investisiya layihələrinin hazırlanmasını, həyata keçirilməsini təmin etmək;

2.0.5. qanunla müəyyən olunmuş hallarda və qaydada müvafiq sahədə təbiətdən istifadə ilə bağlı icazələrin verilməsini təşkil etmək, lisenziya və icazələrin şərtlərinə riayət olunmasına nəzarət etmək;

2.0.6. aidiyyəti dövlət qurumları ilə birlikdə tullantısız və ya aztullantılı istehsalın inkişafının təşviqi ilə bağlı tədbirləri həyata keçirmək;

2.0.7. aidiyyəti dövlət qurumları ilə birlikdə ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.8. müvafiq sahədə aparılan elmi tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə əlaqələndirmək;

2.0.9. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət maraqlarının qorunmasını təmin etmək;

2.0.10. müvafiq sahədə normayaratma fəaliyyətində iştirak etmək;

2.0.11. müvafiq sahənin inkişafını təmin etmək.

 

3. Nazirliyin əsas vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.0.1. muxtar respublikada müvafiq sahənin inkişafına dair prioritetləri müəyyən etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə dövlət proqramlarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

3.0.2. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;

3.0.3. qabaqcıl təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə fəaliyyət istiqamətlərinin tədqiqi və təkmilləşdirilməsi üzrə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək və birgə zəruri tədbirlər görmək, innovativ fəaliyyəti dəstəkləmək;

3.0.4. müvafiq sahədə dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək;

3.0.5. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini təmin etmək;

3.0.6. müvafiq sahədə müəyyən edilmiş qaydada dövlətin maraqlarını təmsil etmək;

3.0.7. müvafiq sahədə müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;

3.0.8. qanunvericiliyə əsasən, Nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlar vasitəsilə icazələr, o cümlədən rəylər, hüquqmüəyyənedici sənədlər vermək, habelə lisenziya və icazələrin şərtlərinə əməl olunmasını yoxlamaq, icazələrin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi barədə qərar qəbul etmək;

3.0.9. dövlət ekoloji ekspertizasının təşkilinə, həyata keçirilməsinə, habelə ekoloji ekspertiza rəyinin verilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti təmin etmək;

3.0.10. ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatı vermək, attestatın qüvvədəolma müddətini dayandırmaq və ya onu ləğv etmək;

3.0.11. ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək, bu istiqamətdə məlumatları Nazirliyin rəsmi internet səhifəsində yerləşdirmək;

3.0.12. transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün ekspert komissiyası təşkil etmək;

3.0.13. strukturuna daxil olan qurum vasitəsilə atmosfer havasının mühafizəsi sahəsində normativlərə, qaydalara və digər tələblərə əməl olunmasına fasiləsiz nəzarət etmək;

3.0.14. atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini, habelə atmosfer havasına atılan zərərli maddələrin mənbəyi olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsi mümkün olmadığı halda zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılması limitini müəyyən etmək;

3.0.15. dövlət uçotuna alınaraq normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və atmosfer havasına fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısını müəyyən etmək, onların ekoloji təhlükəlilik dərəcəsini müəyyənləşdirmək;

3.0.16. strukturuna daxil olan qurum vasitəsilə təbiətdəki çirklənmə mənbələrinin uçotunu aparmaq, onların və təhlükə potensiallı obyektlərin ekoloji zərərlilik dərəcəsini müəyyənləşdirmək, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərini müəyyən etmək və ona nəzarəti həyata keçirmək;

3.0.17. ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün müvafiq qurğuların istismara verilməsinə, bu qurğuların vəziyyətinə, habelə çirkləndirmə mənbələrinin nəzarət cihazları ilə və tənzimləyici cihazlarla təchiz edilməsinə dair qayda və normativlərə, çirkab suların atılması qayda və şərtlərinə əməl olunmasına nəzarət etmək;

3.0.18. torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək;

3.0.19. qanunvericiliyə əsasən aidiyyəti qurumlarla birlikdə torpaqların münbitliyinin bərpasına və artırılmasına dair kompleks tədbirlər həyata keçirmək;

3.0.20. aidiyyəti qurumlarla birlikdə dövriyyədən çıxmış torpaqların kənd, meşə, balıqçılıq (o cümlədən akvakultura) və ya digər təsərrüfatlarda istifadə üçün yararlı vəziyyətə, yaxud bu torpaqların ayrılması şərtlərinə uyğun olaraq, regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi şərtlərini müəyyən etmək;

3.0.21. aidiyyəti dövlət orqanı ilə birlikdə torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatların əks olunduğu xəritələri hazırlamaq, geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbiət hadisələrinin proqnozlaşdırılması məqsədilə tədbirlər görmək, bu barədə digər aidiyyəti icra hakimiyyəti orqanlarına məlumat vermək;

3.0.22. fəaliyyət istiqamətləri üzrə yerüstü və yeraltı suların istismar ehtiyatlarını nəzərə almaqla dövlət uçotunu, həmçinin su obyektlərinin monitorinqi əsasında aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə dövlət su kadastrını aparmaq;

3.0.23. aidiyyəti qurumlarla birlikdə su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsi, yerüstü və yeraltı suların çirklənməkdən qorunması məqsədilə fasiləsiz nəzarət tədbirlərini həyata keçirmək;

3.0.24. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su obyektlərinin monitorinqini aparmaq, su ehtiyatlarından kompleks istifadə və onların mühafizəsi sxemlərini, su təsərrüfatı balanslarını hazırlamaq;

3.0.25. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su mühafizə zonalarında təbii ehtiyatlardan istifadə və onların mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə nəzarət etmək;

3.0.26. qanunvericiliyə uyğun olaraq tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;

3.0.27. ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq, təhlükəli tullantıları təhlükəlilik dərəcələrinə bölmək, aidiyyəti qurumlarla birlikdə sənaye, məişət tullantılarının, başqa tullantıların atılması qaydasının, onların anbara vurulması və basdırılması həcmlərinin, normalarının və limitlərinin müəyyənləşdirilməsində, ilkin uçotunun aparılması qaydalarının hazırlamasında iştirak etmək;

3.0.28. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları toplayaraq, Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etmək, yaşıllıqların kadastrını aparmaq, yaşıllıqların müfəssəl siyahısını tərtib etmək;

3.0.29. yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, yaşıllıqların salınması üçün faydalı bitki cinslərini və növlərini müəyyən etmək;

3.0.30. ekoloji təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.31. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat fəaliyyəti və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görmək;

3.0.32. strukturuna daxil olan qurum vasitəsilə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji kəşfiyyat və axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq tədbirlər görmək;

3.0.33. qanunvericiliyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının ərazisində fasiləsiz geoloji tədqiqatlar aparmaq, yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat) ilə əlaqədar işləri həyata keçirmək, mineral xammal bazası haqqında informasiyanı toplamaq, sistemləşdirmək, saxlamaq, yerin dərinlik quruluşunu, seysmohidrogeodinamik şəraiti və digər təbiət hadisələrini öyrənmək;

3.0.34. yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə rəylərin verilməsini, həmçinin geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsini qanunvericiliyə uyğun olaraq həyata keçirmək, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri barədə müvafiq işləri dövlət uçotuna və qeydiyyatına almaq, faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrını aparmaq;

3.0.35. Geologiya Muzeyini zənginləşdirmək, geoloji materialların mühafizəsini və onlardan məqsədyönlü istifadəni təmin etmək;

3.0.36. istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatını və dövlət uçotunu təmin etmək, kəşf edilmiş faydalı qazıntı və proqnoz ehtiyatlarının hesabatları əsasında faydalı qazıntı ehtiyatlarının dövlət balansını və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrını aparmaq, bu sahədə xidmətlər göstərmək;

3.0.37. tabeliyindəki qurum vasitəsilə müvafiq qaydada  muxtar respublika ərazisində geoloji kəşfiyyat işlərinin aparılması üçün tədbirlər görmək;

3.0.38. milli parkların, təbiət abidələrinin, xüsusi mühafizə olunan digər ərazilərin və təbii obyektlərin təşkili və ləğvi barədə aidiyyəti üzrə təkliflər vermək;

3.0.39. qanunvericiliyə uyğun olaraq ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması, müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətlərin dayandırılması, yaxud qadağan edilməsi barədə tədbirlər görmək;

3.0.40. fəaliyyət istiqamətlərinə uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparmasını həyata keçirmək;

3.0.41. xüsusi mühafizə olunan təbiət ərazilərində xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq edilən fəaliyyət zonalarını müəyyənləşdirmək, sanitariya-mühafizə zonalarının müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdimat vermək və bu zonalardan istifadə qaydalarına nəzarət tədbirlərini həyata keçirmək;

3.0.42. qanunvericiliyə uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini dövlət qeydiyyatına almaq, onlar üçün pasport hazırlamaq;

3.0.43. yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması üçün rəy vermək, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin pasportunu qeydiyyata almaq;

3.0.44. heyvanlar aləminin (o cümlədən balıq və digər su bioresurslarının) mühafizəsini və istifadəsini, Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”nın aparılmasını təşkil etmək, Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilməmiş, lakin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərini xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini aparmaq;

3.0.45. strukturuna daxil olan qurum vasitəsilə heyvanların tələf olmasının və yaşayış mühitinin pisləşməsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatların elmi-praktiki dəstəyi ilə bitki mühafizəsi vasitələrinin tətbiqi məhdudlaşdırılan və ya qadağan edilən ayrı-ayrı əraziləri müəyyən etmək;

3.0.46. Naxçıvan Muxtar Respublikasının ərazisində beynəlxalq әhәmiyyәtli su-bataqlıq yerlərində UNESCO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq әhәmiyyәtli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyasının tələblərinin yerinə yetirilməsini təmin etmək;

3.0.47. zooloji, mineroloji və bitki kolleksiyaları ilə ticarətə, habelə zooloji, mineroloji və bitki kolleksiyalarının Naxçıvan Muxtar Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara aparılmasına icazə vermək, onları dövlət uçotuna almaq və dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə vermək;

3.0.48. zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanların yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən ovlanmasına (tutulmasına) razılıq vermək;

3.0.49. qanunvericiliyin tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejimini müəyyən etmək, balıqçılıq subyektlərinin uçotunu aparmaq;

3.0.50. muxtar respublikanın daxili sularında suyun bioloji sərvətlərinin istismarı həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək;

3.0.51. balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görmək;

3.0.52. ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla müəyyən etmək;

3.0.53. dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi məqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq, aidiyyəti qurumlarla birgə balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirmək;

3.0.54. qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görmək;

3.0.55. dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısını almaq məqsədilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak etmək, istifadəsi məhdudlaşdırılmış xüsusi mühafizə olunan meşə sahələrinin siyahısını müəyyən etmək;

3.0.56. strukturuna daxil olan qurum vasitəsilə meşə sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin mühafizəsi, yeni meşə sahələrinin salınması, onların suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin saxlanılması, meşə ehtiyatlarından səmərəli istifadə olunması, meşələrin bərpası, təkrar istehsalı və meşə təsərrüfatının aparılması istiqamətində, habelə onların yanğınlardan, zərərvericilərdən və xəstəliklərdən qorunması məqsədilə tədbirlər həyata keçirmək;

3.0.57. meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi və meşə quruluşu işlərini strukturuna daxil olan qurum vasitəsilə aparmaq;

3.0.58. meşəsalma məqsədilə qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq üçün tədbirlər görmək;

3.0.59. meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə meşə istifadəçisinə (icarəçisinə) verildikdə müqavilədə sahənin sərhədlərini meşənin xəritələrinə əsasən müəyyənləşdirməklə naturada nişanlanmasına və istifadə (icarə) müddəti dövründə sərhədlərinin qorunmasına fasiləsiz nəzarəti strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;

3.0.60. hidrometeorologiya, aeronaviqasiya meteoroloji xidmətini, ətraf mühitin və təbii sərvətlərin dövlət monitorinqi sistemini yaratmaq, hidrometeorologiya və ətraf mühitin monitorinqi üzrə müşahidələrlə, tədqiqatlarla bağlı tədbirləri həyata keçirmək;

3.0.61. strukturuna daxil olan qurum vasitəsilə hidrometeoroloji müşahidə şəbəkəsini uçota almaq, onların köçürülməsinə, yerinin dəyişdirilməsinə, yenilərinin quraşdırılmasına, bərpa edilməsinə və fəaliyyətlərinin dayandırılmasına razılıq vermək, habelə müşahidə şəbəkələrinin ətrafında ayrılmış mühafizə zonalarının qorunmasına nəzarət etmək;

3.0.62. yerüstü suların dövlət uçotunun aparılmasını təmin etmək, regional iqlim dəyişmələrinin və digər qlobal ətraf mühit problemlərinin muxtar respublika əhalisinə və iqtisadiyyatına təsirini araşdırmaq;

3.0.63. transsərhəd və daxili səth sularının (çaylar, göllər, su anbarları) kəmiyyət və keyfiyyət məlumatlarının təhlili əsasında aidiyyəti orqanlarla (qurumlarla) birlikdə su təsərrüfatı balanslarının və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərini tərtib etmək, eləcə də hövzə idarəetmə planlarını hazırlamaq və həyata keçirmək;

3.0.64. strukturuna daxil olan qurum vasitəsilə qanunvericiliyə uyğun olaraq əhalini, dövlət orqanlarını, müəssisə və təşkilatları, kütləvi informasiya vasitələrini mövcud və gözlənilən meteoroloji, aqrometeoroloji və hidrometeoroloji, ətraf mühitin çirklənmə səviyyəsi, təhlükəli təbii hidrometeoroloji hadisələr barədə, habelə muxtar respublika ərazisində fövqəladə halların meydana çıxmasına yol açan ətraf mühitin ekstremal şəkildə çirklənməsi barədə məlumatlarla və xəbərdarlıqlarla fasiləsiz təmin etmək;

3.0.65. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə texniki tələblərə, norma və qaydalara əməl edilməsinə nəzarət etmək;

3.0.66. hidrometeorologiya fəaliyyəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişli və ödənişsiz xidmət göstərilməsini strukturuna daxil olan qurum vasitəsilə təşkil etmək;

3.0.67. təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət standartlarının hazırlanmasında iştirak etmək, təbii mühit obyektlərinin çirklənməsinə nəzarət sahəsində metodoloji rəhbərliyi həyata keçirmək;

3.0.68. Nazirliyə həvalə edilən hallarda ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması məqsədilə investisiyaların cəlb edilməsi sahəsində tədbirlər görmək və onların təyinatı üzrə istifadəsinə nəzarət etmək;

3.0.69. fəaliyyət istiqaməti üzrə tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitinin, kredit, qrant və digər maliyyə vəsaitinin cəlb olunması üçün tədbirlər görmək, ayrılan vəsaitdən səmərəli istifadəni təmin etmək;

3.0.70. müvafiq sahədə dövlət sifarişçisi funksiyasının həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

3.0.71. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi şəxslər istisna olmaqla) vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə vəsaitinin, digər vəsaitin xərclər smetalarını təsdiq etmək, onlardan təyinatına uyğun istifadəyə nəzarət etmək;

3.0.72. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;

3.0.73. işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək;

3.0.74. müvafiq sahədə elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;

3.0.75. müvafiq sahə üzrə proqramlar, layihələr, digər sənədlər hazırlamaq, aidiyyəti üzrə təqdim etmək, yaxud həyata keçirmək;

3.0.76. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.77. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.0.78. müvafiq sahədə yüksəkixtisaslı kadrlara tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.79. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.80. müvafiq sahədə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.81. ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək;

3.0.82. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, qanunvericiliyə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri aşkarlandıqda isə aidiyyəti üzrə məlumat vermək;

3.0.83. fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatlar aparılmasını təşkil etmək;

3.0.84. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.85. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

3.0.86. Nazirlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.87. Nazirliyə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

3.0.88. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirmək.

4. Nazirliyin hüquqları

4.0. Öz vəzifələrini həyata keçirmək üçün Nazirliyin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) əldə etmək;

4.0.3. müvafiq sahə ilə bağlı rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, metodiki və analitik materiallar, tövsiyələr hazırlamaq, qarşıya çıxan problemlərin və qüsurların həlli yollarını prioritetləşdirmək;

4.0.4. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;

4.0.5. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək, həmçinin belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.0.6. müvafiq sahədə qabaqcıl təcrübəni öyrənmək, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, danışıqların aparılmasında iştirak etmək,  müvafiq sahə üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin icrası məqsədilə tədbirlər görmək;

4.0.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, genişləndirilməsi və müvafiq sahənin təkmilləşdirilməsi barədə təkliflər təqdim etmək;

4.0.8. ekologiyanın və təbii sərvətlərin mühafizəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında bilikləri təbliğ etmək, müvafiq sahə üzrə innovativ təşəbbüslərə dəstək vermək, müsabiqələr, sərgilər, konfranslar, digər tədbirlər keçirmək;

4.0.9. aidiyyəti dövlət qurumları ilə birgə ətraf mühitin və təbii ehtiyatların monitorinqini aparmaq, bu sahədə laborator analizləri həyata keçirmək;

4.0.10. torpaq mülkiyyətçilərindən, istifadəçilərindən, icarəçilərindən torpaqların münbitliyinin bərpası və mühafizəsi barədə məlumatlar almaq, onları təhlil etmək, müvafiq təkliflərlə aidiyyəti orqanlar qarşısında vəsatət qaldırmaq;

4.0.11. müəyyən olunmuş qaydada, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, işçiləri dövlət mükafatlarına, fəxri adlara və digər təltiflərə təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

4.0.12. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi digər hüquqları həyata keçirmək.

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən  müavini vardır. Nazir müavini, nazirin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Nazir:

5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinin, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri (əsasnamələri) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;

5.5.4. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların (strukturu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.5.6. Nazirliyin Aparatının, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.7. Nazirliyin dövlət qulluqçusu olan işçilərinə qanunvericiliyə uyğun ixtisas dərəcələri verir;

5.5.8. müvafiq sahədə yüksək xidmətləri olan şəxslərə fəxri adların verilməsi və ya onların dövlət mükafatları ilə təltif edilməsi üçün təqdimat verir;

5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.10. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.11. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir;

5.5.12. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.13. dövlət büdcəsindən ayrılan vəsaitin, həmçinin büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, səmərəli və təyinatı üzrə xərclənməsini, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.14. Nazirliyin səlahiyyətinə aid olan məsələlər ilə bağlı zəruri normativ hüquqi aktları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə, yaxud Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

5.5.15. səlahiyyətləri daxilində dövlət sirrinə aid olan məlumatların mühafizəsini təmin edir.

5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavininə həvalə edə bilər.

5.8. Nazirlikdə nazirdən (Kollegiyanın sədrindən), nazirin müavinindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Nazirliyin Kollegiyasının üzvlərinin sayını və tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.10. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirəyə çıxarır və müvafiq qərarlar qəbul edir.

5.11. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və ya Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi barədə hüquqi aktlar.

5.12. Nazirliyin Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının şəxsi fikirləri (xüsusi rəyi) olan üzvləri bu barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Nazirliyin Kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Nazirlikdə müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura, habelə digər ictimai şuralar yaradıla bilər.

5.16. Nazirlik ətraf mühitin mühafizəsinə, o cümlədən meşə təsərrüfatı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsinə və onlardan istifadəyə, balıq ovunun tənzimlənməsinə dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyimlə, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələrlə, habelə qanuna uyğun olaraq xidməti silahla təmin edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930