SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb - FOTO

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb - FOTO
16-01-2020, 19:01

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini yüksəltmişdir. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinə başlanmışdır. 2019-cu ilin dekabr ayından isə Culfa rayonunda icbarı tibbi sığortaya keçidlə bağlı işlərə başlanılmışdır. Mərkəzi xəstəxanada yenidənqurma işləri görülmüş, müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Bu sahədə tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilmişdir. Ötən dövrdə rayon mərkəzi xəstəxanalarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə, ümumilikdə, 292 adda 462 ən müasir tibbi cihaz və avadanlıq, 25 yeni təcili tibbi yardım avtomobili alınmışdır. Agentliyin Culfa rayonunda yaradılmış qeydiyyat məntəqəsinin də fəaliyyəti təmin edilmiş, məlumat bazaları hazırlanmış, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə tibb işçilərinə təlim və seminarlar keçirilmişdir. Samiq Sadıxov icbari tibbi sığortanın tətbiqi sahəsində qarşıya qoyulan vəzifələrin icrasında səylərin daha da atırılacağını bildirmişdir.

Tibb bacısı Nəsibə Hacıyeva Culfa Rayon Mərkəzi Xəsətəxanasının kollektivi adından minnətdarlıq edərək demişdir: Muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğı göz önündədir. Culfa Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi üçün hər cür şəraitin yaradılması səhiyyə sahəsinə göstərilən diqqətin bariz nümunəsidir. Tətbiq olunan icbari tibbi sığorta həm kollektiv, həm də əhali tərəfindən məmnunluqla qarşılanır. Nəsibə Hacıyeva yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın ən qiymətli sərvəti onun insanlarıdır”, fikrini xatırladaraq demişdir: İnsanların sağlamlığının keşiyində durmaq səhiyyə işçilərinin vəzifəsidir. Keyfiyyətli səhiyyə xidməti üçünsə lazımi şərait yaradılmalıdır. Culfa Rayon Mərkəzi Xəstəxanasında görülən işlər onu deməyə əsas verir ki, sakinlərə hərtərəfli tibbi xidmət göstəriləcəkdir. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxanada 31 adda 57 müasir tibbi avadanlıq və ləvazimat alınaraq quraşdırılmışdır. Yeni avadanlıqlar müayinə və müalicələrin dəqiq aparılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri demişdir: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi tibbi heyətin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına və əhalinin keyfiyyətli səhiyyə xidməti ilə təmin olunmasına hesablanmışdır. Culfa rayonunda 47 mindən artıq əhali yaşayır. Əhaliyə Rayon Mərkəzi Xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Culfa Rayon Mərkəzi Xəstəxanasının ötən bir il ərzindəki fəaliyyəti təhlil edilərkən aydın olur ki, burada əhalinin sağlamlığı keşiyində dayanan peşəkar tibbi heyət formalaşmışdır. Bu da icbari tibbi sığortanın uğurlu tətbiqinə şərait yaradacaqdır.

Ali Məclisin Sədri xəstəxananın kollektivinə təşəkkür edərək demişdir: Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər icbari tibbi sığortanın tətbiqinə tam imkan verir. Çünki lazımi səhiyyə infrastrukturu yaratmadan icbari tibbi sığortanı tətbiq etmək mümkün deyil. Artıq muxtar respublikanın səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqi üçün hər cür şərait vardır. İcbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətin 638-i Culfa Rayon Mərkəzi Xəstəxanasında tətbiq olunacaqdır. Gələcəkdə digər tibbi xidmətlərin də tətbiq olması üçün imkanlar mövcuddur.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına və əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirmiş, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə Culfa Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılmış, Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilmiş, Hemodializ zalı genişləndirilmişdir. Xəstəxananın Poliklinika şöbəsində, Burun-qulaq-boğaz, Oftalmoloji, Stomatoloji və Fizioterapiya kabinələrində, Təcili və təxirə­salınmaz tibbi yardım şöbəsində, reanimasiya palatalarında, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 31 adda 57 yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılmış, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilmişdir.

Xəstəxanada sürətli internet şəbəkəsi yaradılmış, 46 kompüter və 5 printer alınmış, icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə yaradılmışdır. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə həyata keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Culfa Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi və elektron məlumat bazası yaradılmış, mərkəzi server və digər avadanlıqlar vasitəsi ilə dünyanın qabaqcıl səhiyyə məlumatlarının idarəetmə sistemi olan “Medisoft” və “Fonet” Səhiyyə İnformasiya İdarəetmə Sisteminin fəaliyyəti təmin edilmişdir.



Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb - FOTOCulfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb - FOTO
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb - FOTO
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031