SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib - FOTO
9-10-2019, 19:10

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülmüş, elmi potensial formalaşdırılmışdır. Elm adamlarına qayğı göstərilir, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması, 3 ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, internet resurslarının və elmi kitabxanaların formalaşdırılması, təhsil və elm müəssisələri arasında interaktiv əlaqələrin qurulması, nümunəvi dərslərin keçirilməsi və müasir nəşriyyatların istifadəyə verilməsi elmin inkişafı üçün geniş imkanlar açmışdır. Ötən dövrdə muxtar respublikada elmi tədqiqatların nəticəsi olan mühüm kitab və ensiklopediyalar çap olunmuş, beynəlxalq konfrans və simpoziumlar keçirilmiş, ekspedisiyalar təşkil edilmişdir.

Ali Məclisin Sədri elmin inkişafı sahəsindəki səmərəli fəaliyyətlərinə görə muxtar respublikanın elm adamlarına təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirmişdir ki, 1997-ci ildə muxtar respublikanın ixtisaslı və elmi dərəcəli kadrlara olan tələbatını ödəyən, Naxçıvanda gələcək elmi potensialın əsasını qoyan ilk dissertasiya şurasının yaradılması elmin inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmuşdur. Hazırda muxtar respublikada təhsil sahəsində qazanılan uğurlar gələcək elmi inkişafı şərtləndirən başlıca amildir. Yaradılmış müasir infrastruktur, müəllim hazırlığı işinə qoyulan tələblər kadr təminatına kompleks yanaşmanın nəticəsidir. Elm ocaqlarında fəaliyyət göstərən dissertasiya şuralarında ədəbiyyatşünaslıq, dilçilik, iqtisadiyyat, pedaqogika, sənətşünaslıq, vətən tarixi, arxeologiya, etnoqrafiya ixtisaslaşmaları üzrə doktorluq və fəlsəfə doktoru proqramları üzrə dissertasiyalar müdafiə olunmuş, aparılmış elmi tədqiqatların nəticələri ölkəmizin və dünyanın aparıcı elmi jurnallarında nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanları ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının mükafatlar Komissiyasının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, bu il isə Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmin inkişafı sahəsində yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev demişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi işçilərinin 68 faizinin elmi dərəcəsi, 48 faizinin isə elmi adı vardır. Bugünə qədər əməkdaşların 208 monoqrafiyası, 210 kitabı, 5 dərsliyi, 26 tədris və metodik vəsaiti, 8034 elmi məqaləsi və konfrans materialı, 209 tezisi, 21 xəritəsi çap olunmuşdur. Alimlər 28 patent almış, 23 qrant layihəsinin qalibi olmuşlar. Elm adamları və ziyalıları adından minnətdarlıq edən İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatlarının, biomüxtəlifliyinin və torpaq örtüyünün öyrənilməsi, xarici ölkələrin arxivlərində Naxçıvanla bağlı sənəd və materialların aşkar edilməsi, Naxçıvanın maddi və mənəvi mədəniyyətinin tədqiq olunması, muxtar respublikada beynəlxalq simpozium və konfransların keçirilməsi, vacib elmi əsərlərin nəşri və gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması barədə təkliflər vermişdir.

Ali Məclisin Sədri təkliflərin Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən müzakirə olunması, aidiyyatı üzrə məlumat verilməsi və tədqiqat qruplarının yaradılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada elmi potensialı da gücləndirmiş, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksək ixtisaslı professor-müəllim heyəti formalaşmış, mövcud elmi potensialdan səmərəli istifadə olunması diqqətdə saxlanılmışdır. Ötən tədris ilində ümumtəhsil məktəblərində 1358 saat nümunəvi dərs, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən isə 9 interaktiv dərs keçirilmişdir. Bu isə elm və təhsil müəssisələri arasındakı əlaqələri möhkəmləndirməklə yanaşı, şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və ixtisas seçimlərində mühüm rol oynayır.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov minnətdarlıq edərək demişdir ki, Naxçıvan Dövlət Universiteti 43 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Kafedraların əməkdaşları Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən Texnika, Riyaziyyat, Fizika, Biologiya, Coğrafiya, Tibb, Fəlsəfə, Tarix, İqtisad, Siyasət, Hüquq, Pedaqogika, Filologiya, Sənətşünaslıq, Şəhərsalma və Memarlıq elmi istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər. Elmi-tədqiqat işlərinin 60 faizi muxtar respublika ilə bağlı olan mövzulardır. Həmçinin universitetin dörd seriyadan ibarət “Elmi əsərlər” jurnalı nəşr olunur. Son 10 ildə universitet əməkdaşlarının 187 monoqrafiyası, 41 dərsliyi, 282 dərs vəsaiti, 522 metodik vəsait və proqramı, 7762 elmi məqaləsi və 1033 tezisi çap olunmuşdur. Elmi məqalələrdən 1099-u, tezislərdən isə 322-si xaricdə dərc olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev muxtar respublikada elmə göstərilən dövlət qayğısına görə minnətdarlıq etmiş, Elmin İnkişaf Fondunun elmi nəticələrin tətbiqi üçün geniş imkanlar açdığını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov elmi layihələrin maliyyələşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. "İqtisadiyyat hansı vəziyyətdə olursa olsun, elm inkişaf etməlidir", - deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili əsas götürmüş, ümumi inkişafın aparıcı qüvvəsi kimi elmə və elm adamlarına böyük qayğı göstərmiş, Azərbaycan elm məktəbi mühüm təşkilatlanma yolu keçmiş, elmi tədqiqatların həcmi və keyfiyyəti xeyli artmışdır. Ulu öndərimizin ölkəmizdə elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması barədə 2002-ci il 7 avqust tarixli Sərəncamıdır.

Ali Məclisin Sədri demişdir: Ümummilli liderin müdrik qərarından sonra muxtar respublikada elm yeni inkişaf mərhələsinə yüksəlmiş, elmi-tədqiqatların səmərəliliyi xeyli artırılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respubikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində və ali təhsil müəssisələrində alim və tədqiqatçıların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması sahəsində çoxsaylı tədqiqatlar aparılmış, Naxçıvanşünaslıq mühüm elmi istiqamət kimi müəyyənləşdirilmişdir. Elmə qayğı alim və tədqiqatçıların yetişməsi üçün də geniş imkanlar açmışdır. Hazırda muxtar respublikada 34 elmlər doktoru, 260 fəlsəfə doktoru fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasına Naxçıvandan olan elm adamlarından 3-ü həqiqi, 7-si müxbir üzv seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması da elmin inkişafı və mövcud potensialdan daha səmərəli istifadə sahəsində mühüm vəzifələr müəyyənləşdirir.

Ali Məclisin Sədri muxtar respublikada elmin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin elmin inkişafı sahəsində qarşıya qoyduğu vəzifələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun əsas fəaliyyət istiqaməti olmalıdır. Fond muxtar respublikada elmin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında yaxından iştirak etməli, bu məsələ ilə bağlı təkliflər irəli sürməli, layihələr hazırlamalı və həyata keçirməlidir. Naxçıvan Muxtar Respublikasında elmi müəssisələrin fəaliyyəti və aparılan elmi tədqiqatlar stimullaşdırılmalı, təbii resursların, mədəni və tarixi irsin öyrənilməsi sahəsindəki fəaliyyət gücləndirilməli, elmi araşdırmaların səmərəliliyi artırılmalıdır.

"Naxçıvanın qədim və müasir dövlətçilik tarixi alimlərimiz üçün əsas tədqiqat predmeti olmalıdır", -deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi tamam olur. Ötən illlərdə muxtariyyət tarixi ilə bağlı mühüm elmi araşdırmalar aparılmışdır. Lakin düşünürük ki, bu məsələ daim diqqətdə saxlanılmalı, Naxçıvanın muxtariyyət tarixi ilə bağlı tədqiqatlar davam etdirilməli, əsassız iddiaların qarşısı mühüm elmi sübut və arqumentlərlə alınmalıdır. Bu gün Naxçıvanşünaslıq mühüm elm sahəsi kimi daha geniş tədqiqatların aparılması zərurətini ortaya qoyur. Ona görə də Naxçıvanşünaslığın elmi-nəzəri əsaslarla öyrənilməsi, xüsusilə muxtar respublikanın müasir ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər elmi tədqiqatlara cəlb olunmalıdır.

Qeyd olunmuşdur ki, dövlət orqanları ilə elmi müəssisə və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi qarşıda duran əsas vəzifədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu fəaliyyətində bu amili əsas götürməli, müvafiq layihələr reallaşdırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə elm və ali təhsil müəssisələri arasında əlaqələr gücləndirilməli, təkmilləşdirmə kursları keçirilməlidir. Vaxtilə Naxçıvanla bağlı elmi tədqiqatlar məhdud çərçivədə aparılırdı. Lakin bu gün elmi araşdırmalar mövzu və əhatə baxımından xeyli genişlənmiş, xarici ölkələrin tanınmış mütəxəssisləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Bu sahədəki fəaliyyət davam etdirilməli, muxtar respublikada əldə edilmiş elmi nəticələr ölkə və dünya elmi məkanında layiqincə tanıdılmalı, birgə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə konfrans, simpozium və seminarlar keçirilməlidir.

Ali Məclisin Sədri demişdir: Cəmiyyət həyatının bütün sahələri üzrə elmi potensialdan səmərəli istifadə təmin edilməli, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə elmin inkişaf strategiyası bir-biri ilə əlaqələndirilməli, prioritet elmi istiqamətlər müəyyənləşdirilməli, iqtisadi təhlillər aparılmalı, muxtar respublikanın zəngin təbii sərvətləri elmi şəkildə araşdırılmalı, onların əhəmiyyəti və istehsalatda tətbiqi imkanları öyrənilməlidir. Elmin muxtar respublikanın iqtisadi inkişafında rolunu artırmaq əsas hədəf kimi götürülməli, fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, onların nəticələrinin praktikada tətbiqinə çalışılmalı, muxtar respublikanın elmi-texniki potensialı inkişaf etdirilməli, elmtutumlu istehsal sahələrinin yaradılmasına dəstək verilməlidir. Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi "Araz" Elm İstehsalat Birliyi ilə birlikdə muxtar respublikanın iqlim və torpaq xüsusiyyətləri barədə araşdırmaları davam etdirməli, aqrar sahədə elmi təcrübələrin aparılması və toxum genefondunun formalaşdırılması, mütərəqqi metodların və aqrotexniki qaydaların tətbiqi diqqətdə saxlanmalıdır.

Müşavirədə diqqətə çatdırılmışdır ki, Naxçıvan tarixilik, müqəddəslik və yeni həyatın başlandığı yer kimi mühüm elmi tədqiqatların mövzusudur. Ötən dövrdə hər üç istiqamətdə geniş tədqiqatlar aparılmış, mühüm elmi nəticələr əldə olunmuşdur. Lakin bu son hədd deyil. Elmi tədqiqatlarda bu məsələyə yenidən qayıdılmalı, geniş araşdırmalar aparılmalı, əldə olunan elmi nəticələr beynəlxalq səviyyədə tanıdılmalıdır. Elmi fəaliyyətin əsas daşıyıcıları yüksəkixtisaslı kadrlardır. Bu səbəbdən də tədqiqatçı-mütəxəssislərin hazırlanması diqqətdə saxlanılmalı, hər bir elm adamının öz məktəbi olmalı, varislik təmin edilməli, gənc alimlərin fəaliyyətinə dəstək verilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə muxtar respublikanın ali təhsil müəssisələri arasında əlaqələr gücləndirilməli, alim və mütəxəssislərin elmi fəaliyyətləri əlaqələndirilməli, yeni istiqamətlər müəyyənləşdirilməli, qarşılıqlı elmi müzakirələr aparılmalıdır.

Ali Məclisin Sədri demişdir: Elmi araşdırmalarda arxiv materiallarına və digər mötəbər mənbələrə istinad edilməli, təhlil və müqayisələr aparılmalı, tədqiq olunan mövzu barədə geniş informasiya ehtiyatı yaradılmalıdır. Himayədarlar Şurası elmi müəssisə və təşkilatların, hüquqi və fiziki şəxslərin layihələrinin qiymətləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının, elmi-tədqiqat müəssisələrinin nümayəndələrindən və digər mütəxəssislərdən ibarət ekspert komissiyalarının yaradılmasına dair tövsiyələr verməlidir. Fondun Himayədarlar Şurasının Tədbirlər Planı hazırlanmalı, ümumi fəaliyyətlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mütəmadi məlumat verilməlidir.

Bildirilmişdir ki, müasir dövrdə elmin informasiya təminatını gücləndirmədən onun səmərəsindən danışmaq olmaz. Qısa müddətdə fondun yeni internet saytı və elektron məlumat bankı yaradılmalı, qanunvericiliklə açıqlanmalı olan ictimai informasiyalar həmin saytda yerləşdirilməli və təbliğ olunmalı, elm müəssisələrinin saytları və elektron kitabxanaları zənginləşdirilməlidir. Naxçıvanda mühüm elmi nailiyyətləri, elmi nəşrləri və elmi tərəqqiyə xidmət edən startap layihələrini əhatə edən “Elm Festivalı” keçirilməlidir.

"Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir", - deyən Ali Məclisin Sədri çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması isə elmin inkişafı olmadan mümkün deyildir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031