SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müasir Naxçıvanın memarı...

Müasir Naxçıvanın memarı...
14-01-2019, 17:07

Naxçıvan uzun illər blokadada olmuş, sakinlər çətin, məşəqqətli günlər keçirmişdir. Əhalinin şaxtalı qış günlərində yandırıb isinməyə yanacağı olmamış, günlərlə ərzaq çatışmazlığı olmuşdur. Amma heç zaman düşmən qarşısında sınmamış, mübarizəyə ən kəskin şəkildə davam etmişdir. Artıq həmin çətin, əziyyətli günlər geridə qalmış və Naxçıvan bütün sahələrdə davamlı inkişaf etməkdədir. Ötən ilki Günnüt zəfəri də Naxçıvanda düşmənə nifrətin bariz nümunəsi idi və düşmənə heç zaman unuda bilməyəcəyi ağır zərbə vuruldu. Uzun illərdir ki, Bakıda yaşadığım üçün ildə bir dəfə, yalnız məzuniyyət vaxtı Naxçıvana istirahətə gedirəm. Təyyarə enir, öncə gözəl, təmiz havanı acgözlüklə ciyərlərimizə çəkirik. Hava limanının çıxışında taksilər nizamla düzülərək, müştəriləri gözləyir. Digər hava limanlarından fərqli olaraq burada müştərinin qolundan yapışıb dartan, qışqırıb müştəri səsləyən taksi sürücülərinə rast gəlinmir. Hava limanından şəhərə tərəf hərəkət edəndə yolboyu səliqə ilə salınan meyvə bağları, ağaclıqlar, təmiz və geniş yollar, səkilər göz oxşayır. Bütün yaşayış binaları təmir edilmiş, binaların həyətində uşaqların və ahılların istirahəti üçün şərait yaradılmışdır. Dövlət idarələrinin, özəl müəssisələrin hər birinin qarşısındakı güllük, təmizlik diqqəti cəlb edir. Naxçıvanda təmizliyə, səliqə-səhmana çox böyük önəm verilir. Ölkənin ən təmiz şəhəridir.
Naxçıvan daha bir təqdirəlayiq işlə tez-tez haqqında söz etdirir. Burada yas mərasimləri bir müddət əvvəl tənzimlənmişdir. Qəbiristanlıqlar ümumi şəkildə çəpərlənmiş, bütün məzarüstü abidələrin standart formada düzəldilməsi üçün göstəriş verilmişdir. Məzar yeri və dəfnetmə pulsuz, yas mərasimində ehsan üçün açılan çay və yemək süfrəsində izafi xərclərin qarşısı tam alınmışdır. Başqa regionlardan fərqli olaraq burada ehsan süfrəsi mərhumun birindən üçünə kimi yalnız çay, qənd, limon, üçündə isə çay, qənd, xurma, limon, halva və plovdan ibarətdir. İzafi xərclərin qarşısı alındıqdan sonra insanlar əzizlərinin yas mərasimində çarəsiz qalmır, borca-xərcə düşmürlər.
Naxçıvanda şəhid ailələrinə diqqət və qayğı da yüksək şəkildədir. Şəhidlərin yaxınları daima diqqətdə saxlanılır, problemləri qısa zamanda həll edilir. Onların ailələrinə ev və maddi yardımlar verilir.
Şəhərin mərkəzindən ucqar dağ kəndlərinə qədər çəkilmiş yeni yollar, körpülər, su xəttləri, təmir edilmiş, yeni tikilmiş yaşayış binaları və təhsil ocaqları, yaşıllıqların qorunması və yüzlərlə saymaqla bitməyən gözəl işlər Naxçıvanı digər regionlardan fərqləndirən xüsusiyyətlərdəndir. Burada təbiətin qorunması xüsusilə nəzarətdə saxlanılır və ilboyu iməciliklər keçirilərək meyvə bağları, meşəliklər salınır.
Vətəni qoruyan əsgərlərə də Naxçıvanda xüsusi qayğı var. Həm toxuculuq fabrikləri, həm də sadə insanların ilboyu toxuduğu isti geyimlər və iməciliklər zamanı salınan meyvə bağlarından yığılan meyvələr onlara göndərilir.
Sadaladığım bütün bu təqdirəlayiq işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun fədakar əməyinin, xüsusi nəzarətinin sayəsində həyata keçirilir. Hazırda Naxçıvan ölkənin ən inkişaf etmiş, təmiz və abad regionlarından birincisidir. Biz paytaxtda yaşasaq da, daima Naxçıvanda gedən prosesləri, aparılan quruculuq işlərini izləyir, Naxçıvana ilk dəfə gedən dostlarımızın xoş təssüratlarını eşitdikcə qürur duyuruq.
...və bugün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov cənablarının doğum günüdür. Naxçıvanımızı gözəlləşdirən cənab Sədri təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm !

Əpoş İslam oğlu Vəliyev (Elyar İslam)
Filologiya üzrə fəlsəfə doktoru

Elyar İslam

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30