SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin xəstəxanasında yeni kabinələr istifadəyə verilib-FOTO

Naxçıvan Dövlət Universitetinin xəstəxanasında yeni kabinələr istifadəyə  verilib-FOTO
2-12-2022, 14:00

Ali təhsil müəssisəsinin xəstəxənasında “Ürək və qan təzyiqi monitorinqi mərkəzi”, “Panoram rentgen”, “Allerqoloji və İmmunoloji” və “İnqalyasiya” kabinələrinin açılış mərasimi baş tutub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Universitetin rektoru Elbrus İsayev xəstəxanada yaradılan  şəraitin muxtar respublika səhiyyəsinə və bu sahədə aparılan kadr hazırılığına böyük töhvələr verəcəyini diqqətə çatdırıb. Universitet xəstəxanasında bundan sonra da professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı yaradılacağını vurğulayan rektor yeni kabinələrin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.

Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının baş həkimi Elmar Rzayev  “Ürək və qan təzyiqi monitorinqi mərkəzi”nin  təqdimatı zamanı diqqətə çatdırıb ki, mərkəzin əsas vəzifəsi insanlar arasında geniş yayılan ürək və qan təzyiqi xəstəliklərinin düzgün diaqnozlaşdırılması və müalicəsinin aparılmasıdır. Bildirilib ki, bütün bunlar nəzərə alınaraq xəstəxanada fəaliyyətə başlayan mərkəz bu sahədə əziyyət çəkən insanların müayinə və müalicəsində əvəzsiz rol oynayacaq. Mərkəzdəki cihazlar haqqında danışan baş həkim vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq universitet xəstəxənasında “Stres EKQ” cihazı istifadəyə verilib. Bu cihaz vasitəsilə sakitlik vəziyyətindəki EKQ müayinəsində aşkar olunmayan gizli patalogiyaları TREDMİL testinin aşkarlaya biləcəyi, eyni zamanda cihazın ürək əzələsinin qan dövranının vəziyyəti haqqında mükəmməl məlumat verdiyi diqqətə çatdırılıb.

EKQ və Holter müayinəsi haqqında  geniş izah verən Elmar Rzayev bildirib ki, EKQ müayinəsi ürəyin həmin andakı elektrik sistemi haqqında məlumat verir və mərkəzdə müayinələr 12 kanallı tam avtoanaliz xüsusiyyəti olan cihazla aparılır. Ürəyin fərqli ritm pozulmalarında Holter müayinəsi düzgün diaqnoz üçün vacib müayinələrdən sayılır - deyə baş həkim çıxışında vurğulayıb. Diqqətə çatdırılıb ki, 24, 48, 72 saat kimi uzun müddətə ürəyə bağlı olan dəyişiklikləri cihaz qeyd edə bilər. Buna görə də Holter gün ərzində xəstədə baş verən bütün şikayətləri aşkar edərək, düzgün diaqnoz qoyulması üçün şərait yaradır.

Baş həkim həmçinin mərkəzdə “Exokardioqrafiya”, “Speckle Tracking exokardioqrafiya”, “Elastoqrafiya”, yuxu, böyrək və tiroid vəzin (zob) arteriyalarının doppler müayinəsinin həyata keçirildiyini deyib.

Sonra Elmar Rzayev “İnqalyasiya” kabinəsi haqqında iştirakçıları məlumatlandırıb. Cihazlarla tanışlıq zamanı bildirilib ki, inqalyasiya metodu bir sıra xəstəliklər, o cümlədən xronit, allergik, asmatik bronxit və peşə xəstəliklərinin əsas müalicə metodlarından biridir. Proseduranın zərərli təsirlərinin çox aşağı olduğunu deyən baş həkim qeyd edib ki, 8-10 dəqiqə ərzində aparılan müalicə metodu hətta ən kiçik yaşlı uşaqlara belə uyğun qaydada tətbiq oluna bilər.

“Panoram rentgen kabinəsi” barədə məlumat verən Stomatologiya kafedrasının müəllimi, universitet xəstəxanasının həkim-stomatoloqu Zaur Hüseynov qeyd edib ki, Panoram rentgen bütün dişlərin, alt və üst çənənin şəkli, buradakı patologiyaların tək bir şəkildə görülməsini təmin edən üsuldur. Panoram rentgen müalicənin planlaşdırmasının aparılmasına, çənə və dişlərdə gözlə görünməyən kista, çürük və şiş kimi törəmələrin diaqnostikasında xüsusi rol oynayır. Vurğulanıb ki, çənə və dişlərlə bağlı cərrahi müdaxilələrdən öncə bu üsuldan mütləq istifadə olunmalıdır. Çünki bu rentgenlər müalicə aparılacaq sahəni geniş bir şəkildə göstərir, bütün dişlərin görüntüsü tək bir rentgen şəklində öz əksini tapır.

“Allerqoloji və İmmunoloji” kabinəni təqdim edən Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının həkim-pediatrı Mətləb İbrahimov son illər astma, allergik rinit, atopik dermatit və qida allergiyaları kimi xəstəliklərin artdığını bildirib. Buna paralel olaraq allergik testlərə olan ehtiyacın artdığını deyən həkim, allergenlərdən qorunmaq, allergik xəstəliklərin farmakoterapiyası və immunoterapiyası kimi uyğun müalicə metodunun seçilməsi üçün erkən diaqnostikanın önəmini vurğulayıb. Bildirilib ki, artıq universitet xəstəxanasında   Allergik  Dəri Prick testləri aparılır. Dəri Prick testi aparmaq üçün ilk növbədə anamnestik məlumatlar və müayinə tələb olunur. Xüsusilə astma, allergik rinit, ev tozu gənəsi, çiçək tozcuq polenləri, ev heyvanlarının tükləri, qida allergiyası, arı zəhəri allergiyası, dərman və peşə allergiyaları kimi hava yolu ilə yoluxan allergenlərdən qaynaqlanan vəziyyətlərdə Dəri Prick testinin aparılması məqsədəuyğundur.

Test nümunəsini  əyani olaraq nümayiş edən həkim bildirib ki, 15-20 dəqiqə gözlədikdən sonra  müəyyən miqdarda qızartı-şişkinlik yaranarsa test müsbət sayılır.

Daha sonra iştirakçılar tələbələrin müstəqil olaraq xəstələri müayinə etmə prosesi, onların elmi tədqiqat işlərini hazırlamaları üçün xüsusi olaraq ayrılan otaqlarla tanış olublar.

Sonda Türkiyənin “TUS Time” şirkəti tərəfindən Tibb fakültəsinin kitabxanasına hədiyyə olunan TUS ( Tibb Uzmanlıq Sınavı) və DUS (Diş Uzmanlıq Sınavı) hazırlıq vəsaitlərinin təqdimatı olub.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031