SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanın dövlətçilik tarixi” kitabı çapdan çıxıb

“Naxçıvanın dövlətçilik tarixi” kitabı çapdan çıxıb
23-11-2022, 17:42

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın dövlətçilik tarixi” adlı yeni kitabı nəşr olunub. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

“Naxçıvanın dövlətçilik tarixi” giriş, 15 başlıq, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, əsərdə Azərbaycanın zəngin dövlətçilik tarixinə, Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salınmış, Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi, coğrafi amillərin tarixi inkişafa təsiri, Naxçıvan diyarının təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində siyasi-mədəni proseslərdə yaxından iştirakı və roluna diqqət yetirilmişdir. Həmçinin aparılan arxeoloji araşdırmalar nəticəsində Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdə burada mövcud olmuş yaşayış məskənləri, şəhərsalma mədəniyyəti, ilkin dövlətçilik ənənələri ilə bağlı əldə olunan faktlar şərh olunmuşdur.

Naxçıvanın etnik və siyasi tarixinin araşdırıldığı kitabda diyarın tarixin müxtəlif dövrlərində tərkibində olduğu dövlətlərin ən inkişaf etmiş əyalətlərindən biri olması faktına diqqət çəkilmiş, bölgənin sahib olduğu dövlətçilik ənənələrinə nəzər salınmışdır.

Müəllif X əsrdən başlayaraq xronoloji ardıcıllıq əsasında bölgədə mövcud olmuş Naxçıvanşahlıq, Azərbaycan Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan qəzası, Araz-Türk Cümhuriyyəti, Naxçıvan MSSR, Naxçıvan Muxtar Respublikası kimi qurumların yaranması və fəaliyyətini tədqiq etmişdir. Naxçıvan bölgəsinin Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri, habelə muxtariyyət statusunun dövrün tələbi ilə gündəmə gəlməsi, əhəmiyyəti kimi  məsələlər araşdırmaların əsasını təşkil edir.

Yenicə işıq üzü görmüş kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və tarix elmləri doktoru, dosent Emin Şıxəliyevdir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031