SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müasir Azərbaycan dilinin tədrisinə yeni töhfə

Müasir Azərbaycan dilinin tədrisinə yeni töhfə
8-06-2022, 08:30

Respublikamız müstəqillik dövrünə qədəm qoyduqdan sonra, xüsusilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, bir ucu Qərbdən, digər ucu Şərqdən gələn tarixi və strateji əhəmiyyətli Naxçıvan Muxtar Respublikasında sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlərimizə, elm və təhsil sahəsinə, ədəbi yaradıcılığa qayğı artmışdır. Naxçıvan həmişə sözün, sənətin, ədəbiyyatın beşiyi kimi şöhrət qazanmış, bu doğma diyar dünya mədəniyyətinə nadir incilər bəxş etmişdir. Dil və üslub baxımından Naxçıvan şairlərinin əsərləri az araşdırıldığından onların tədqiq olunmasına ciddi ehtiyac vardır. 

Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru Elburus Vəliyevin bu günlərdə işıq üzü görən “Qrammatik məfhumların tədrisində bədii ədəbiyyatlardan istifadə” (naxçıvanlı yazarların əsərləri üzrə) adlı dərs vəsaiti məxsusi olaraq diqqəti cəlb edir və bu sahədə mövcud olan boşluğu doldurmaq baxımından ciddi əhəmiyyət kəsb edir. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov, rəyçiləri filologiya elmləri doktoru, professor Sədaqət Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyevadır. Azərbaycan dilindəki qrammatik kateqoriyaların mənimsədilməsində, xüsusən nəzəriyyə ilə təcrübənin uzlaşmasında mühüm əhəmiyyətə malik olan dərslik Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 2021-ci il 3 aprel tarixli qərarı ilə çap olunmuşdur.
Dərs vəsaiti “Ön söz”, 9 bölmə, “Nəticə” və “İstifadə edilmiş ədəbiyyatların siyahısı”ndan ibarətdir. Əsərdə məxsusi olaraq Azərbaycan dilində formadüzəldən şəkilçi morfemlərin təsnifi, şəkilçi morfemlərin dilin qrammatik quruluşunda tutduğu mövqe, onların yerinə yetirdiyi funksiyalar və bir sıra məsələlər araşdırılmışdır. Əsərin ərsəyə gəlməsinin aktuallığını şərtləndirən, zəruriliyi haqqında geniş bəhs edən  müəllif ön sözdə yazır: “Bu vəsaitin hazırlanmasında əsas obyekt olaraq məhz Naxçıvan ədəbi mühitinə məxsus şairlərin əsərləri seçilmişdir. Çünki Azərbaycan yazarlarının əsərlərinin dil xüsusiyyətləri istənilən qədər araşdırılıb, təhlilə cəlb olunub, yüzlərlə məqalə yazılıb, onlarla kitab çap olunub. Ancaq Naxçıvan ədəbi mühitində formalaşmış, püxtələşmiş orta və cavan, yaşlı şairlərin şeirləri ya az tədqiq olunub, ya da heç araşdırılmayıb”.
Məlumdur ki, ötən əsrin 70-ci illərindən üzü bəri Naxçıvan ədəbi mühitində formalaşmış şairlərin əsərləri dil materialları ilə zəngin bir xəzinədir. Buna görə də müəllif sarsılmaz özülə malik olan bu xəzinədə Azərbaycan ədəbi dilinin bütün sahələrinə: fonetik, leksik, morfoloji, sintaktik və digər şöbələrinə aid nümunələri toplamış və təhlil süzgəcindən keçirmişdir. Naxçıvan ədəbi mühitinin yetirmələrinin şeir dilində morfoloji və sintaktik yolla yaranan sözlər arasında leksik morfemlərlə düzələn yeni sözlər geniş şəkildə araşdırmaya cəlb edilmişdir.
“Hüseyn Razinin şeir dilində şəkilçi morfemsiz predikativlik və seqment cümlələr” adlı ilk bölmədə müəllifin qənaətincə, şairin şeir yaradıcılığı forma və üslub baxımından, həmçinin söz düzümünə görə digər sənətkarlardan fərqlənir. Hüseyn Razinin dil xüsusiyyətlərini, xüsusən sintaksisini araşdıran tədqiqatçının fikrincə, şairin baza ixtisası Azərbaycan dili və ədəbiyyat müəllimliyi olduğu üçün o, əsərlərində real dil faktlarından istifadə etmişdir.
“Asim Yadigarın şeirlərində işlənmiş elliptik hadisəli söz birləşmələri və cümlələrin işlənmə məqamları” adlı növbəti bölmədə tanınmış şairin çoxşaxəli yaradıcılığının müxtəlif istiqamətlərinə müraciət olunur. Onun yaradıcılığında, əsasən, elliptik cümlələr təhlil edilir. Müəllifin araşdırmasının nəticəsi olaraq Asim Yadigarın şeirlərində elliptik hadisəli yarımçıq və ya bütün üzvlərini itirmiş söz cümlələrə rast gəlinmir.
Əsərin “Vaqif Məmmədovun şeirlərində morfoloji yolla sözyaradıcılığı” adlı bölməsi də dil faktlarının zənginliyi və intensivliyi cəhətdən diqqəti özünə cəlb edir. Unudulmaz sənətkarın şeirlərinin dili zəngindir və dil materialları ilə yoğrulmuş bir xəzinədir.  Şairin yaradıcılığında əsas nitq hissələrinə aid maraqlı dil vahidləri kifayət qədərdir ki, bütün bu dil faktlarını da Elburus Vəliyev təhlil edir və fikirlərini şairdən gətirdiyi nümunələrlə möhkəmləndirir.
“Xanəli Kərimlinin yaradıcılığında işlənmiş söz birləşmələri və onların sintaktik xüsusiyyətləri” bölməsi də maraqlı bölmələrdəndir. Xanəli Kərimlinin şeirlərində və digər deyimlərində ismi birləşmələr feili birləşmələrdən daha çox istifadə olunub. Maraqlıdır ki, şairin  şeirlərində işlənmiş təyini söz birləşmələri içərisində III növ təyini söz birləşmələri daha çox diqqəti cəlb edir və onların əksəriyyəti elliptik formalıdır. Bu da, çox şübhəsiz ki, şeirin lakonikliyini daha çox artırır və nitqimizin daha da çox sadələşməsinə, axıcılığına, emosionallığına xidmət edir.
Əsərin “Əbülfəz Muxtaroğlunun şeirlərində morfoloji və sintaktik yolla söz yaratmaq imkanları” bölməsi sanki Əbülfəz Muxtaroğlunun dilçilik görüşlərinin araşdırılması təsiri bağışlayır. Təbii ki, Muxtaroğlunun şeirləri dil vahidləri ilə çox zəngin olan bədii məxəzdir. Şairin dilində həssas, dərin müşahidələrin nəticəsi olan maraqlı bədii tapıntılar orijinal biçimdə mənalandırılaraq məna tutumu ifadə edir. Bütün bu məqamlar gənc tədqiqatçının diqqətindən yayınmamış və geniş şəkildə tədqiq olunmuşdur.
“Elxan Yurdoğlunun şeirlərində işlənmiş isim və feillərin morfoloji xüsusiyyətləri” başlıqlı paraqrafda əsas nitq hissələri olan isim və feillərin işlənmə tezliyi və məqamları, həmçinin bədii tutumu araşdırılmışdır. Müəllifin fikrincə, Elxan Yurdoğlu şeirlərində ən çox isimlərdən və isimlərin təkrarı ilə yaranan təriflərdən, bir də elliptik formalı cümlələrdən – misralardan istifadə etmişdir. Maraqlıdır ki, şair isimlərin təkrarı ilə defislə yaranan mürəkkəb zərflər əmələ gətirib. Məsələn: gül-gül darıxdım, küçə-küçə vərəqlədim, yarpaq-yarpaq sevdim, ürək-ürək açdım, ocaq-ocaq sevdim, könül-könül vuruldum, dodaq-dodaq sevdim, həsəd-həsəd baxdım, adam-adam yaşadım, şeir-şeir yazdım və sair.
Əsərdəki “Qafar Qəribin şeirlərinin sintaktik xüsusiyyətləri” adlı bölmə də maraqdoğuran tədqiqatlardandır. Elburus Vəliyev Qafar Qəribin şeirlərində Azərbaycan dilinin bütün fonetik, leksik, morfoloji, sintaktik xüsusiyyətlərinə aid nümunələr kifayət qədər olduğunu əminliklə qeyd edir. Habelə tədqiqat zamanı onun şeirlərində xeyli dialektizmlərə, onomastik vahidlərə, neologizmlərə, köhnəlmiş sözlərə və digər dil vahidlərinə rast gəldiyini və bu dil vahidlərinin ədəbi dilin zənginləşməsindəki rolundan geniş söz açır. 
“Rahil Tahirlinin şeirlərində morfoloji və sintaktik yolla sözyaradıcılığı” adlı bölmədə Rahil Tahirlinin şeirlərinin dilində şəkilçi morfemlərlə düzəlmiş yeni vahidlər, habelə sintaktik yolla sözyaratma üsulları ilə düzələn, bədii tutumu ağır olan söz və ifadələr seçilib nümunə kimi təhlil olunmuşdur. Və nəhayət, dərsliyin “Qanun Ümmanın şeirlərində işlənmiş leksik morfemlərlə düzəlmiş leksemlər” adlı sonuncu bölməsində şairin şeirlərində saysız-hesabsız düzəltmə sözlər araşdırılmışdır. 
Müəllif əsərin yazılması zamanı qarşıya qoyduğu məqsədə uğurla nail olmuşdur.  Elbrus Vəliyev son qənaətini əsərin sonundakı ümumiləşdirilmiş nəticədə vermişdir. Qeyd edək ki, bu vəsait tam qətiyyətlə deməyə imkan verir ki, Naxçıvan ədəbi mühitinin görkəmli sənətkarlarının yaradıcılığı ədəbi-bədii xüsusiyyətləri ilə ümumazərbaycan ədəbiyyatını zənginləşdirən nümunələr olduğu kimi, naxçıvanlı şairlərin əsərlərinin dil xüsusiyyətləri ədəbi dilimizi zənginləşdirən dəyərli mənbə kimi də böyük diqqətəlayiqdir və bu qisim şairlərin əsərlərinin dilçilik nöqteyi-nəzərdən araşdırılması çoxsaylı yeni dil faktlarının aşkarlanmasına zəmin yarada bilər. Bolonya sistemində tədris prosesində irili-xırdalı çətinlikləri aradan qaldırmaq üçün, yəni müasir Azərbaycan dilinin bütün şöbələrini ən kiçik detalları ilə mənimsətmək, xüsusən nəzəriyyə ilə praktikanın vəhdətinə nail olmaq üçün haqqında bəhs olunan bu əsər olduqca əhəmiyyətli tədris vəsaitidir. Bu dərs vəsaitinin filologiya fakültələrinin tələbələri üçün dəyərli mənbə rolunu oynayacağına və tədris işinə mühüm töhfə verəcəyinə əminik. 

Zülfiyyə İSMAYIL
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Kasım 2022    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930