SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın və İstanbulun baş prokurorları Füzuli və Şuşaya səfər edib

Azərbaycanın və İstanbulun baş prokurorları Füzuli və Şuşaya səfər edib
25-11-2021, 12:19

Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər.

Qonaqlar öncə İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə tanış olub, türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyəti qeyd ediblər.

Daha sonra, nümayəndə heyəti “Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılan şərait barədə geniş məlumat verilib.

Qonaqlar həmçinin, Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olub, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması diqqətə çatdırılıb.

İşğala qədər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqları, salamat tikili saxlamadıqları qeyd edilib.
Qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.

Qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş mədəniyyət beşiyimiz Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müstəsna mənəvi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi qayğı və həssaslıqla yanaşılmış, qısa zaman kəsiyində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində işlər aparılıb.

Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan görkəmli sənət xadimləri – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər.

Daha sonra, qonaqlar iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olublar.

Cıdır düzünü ziyarət edən qonaqlara heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

Nümayəndə heyəti sonra bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.

Qonaqlar qısa vaxtda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar.

İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031