SON DƏQİQƏ

naxcivanxeberleri.com

NAXÇIVAN MÖCÜZƏSİNİ YARADAN ZƏKA

NAXÇIVAN MÖCÜZƏSİNİ YARADAN ZƏKA
17-12-2018, 23:56



Əməlləri insanları xoşbəxtliyə, ölkəsini inkişafa, xalqını səadətə aparan insanların mənəviyyatı da, düşüncəsi və zəkası da işıqlı olur. Çünki xeyir düşünmək, xeyir əməl etmək, xeyir söz danışmaq min illərcə ədalət və xeyir uğrunda mübarizə aparıb ideallar quran xalqımızın əxlaqi meyarına çevrilib. Yaşadığımız diyar da bu illər ərzində inkişaf edib intibaha qovuşduqca bu inkişafın təməlində dayanan işıqlı idealları, xoşbəxtlik gətirən fikirləri, yaradıcı əmək və səadət doğuran zəkanı təzahür etdirir. Necə ki şərq filosofları yaradıcı zəkalı şəxsiyyətləri xalqın məşəli hesab edirdilər. Bu gün tarixiliklə müasirliyi özündə müvəffəqiyyətlə qovuşdurub yeni intibah hadisəsi kimi ortaya çıxan Naxçıvan da yaşadığı və əks etdirdiyi işığın nüvəsində insan zəkasının ziyasını daşıyır.

Naxçıvan düzgün yol, peşəkar idarəçilik və xalqın ehtiyaclarını hədəfə alan siyasi xətlə inkişaf edir

Naxçıvan qoyulmuş möhkəm təməllər üzərində öz mövcudluğunu təkcə qorumağa müvəffəq olmamış, həm də böyük inkişafın görünməmiş bir tarixini yazmışdır. Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətlə və özünəməxsus yaradıcılıqla idarəçilik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbovun müdrik siyasəti nəticəsində 23 ildə əsrlərə bərabər inkişaf yolu keçmiş, böyük uğurlara nail olunmuşdur. Ulu öndərimiz Heydər Əliyevin: “İstəyirəm ki, mənim arzum, istəklərim, ...Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” arzularına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Heydər Əliyev siyasi məktəbinin bacarıqlı və yaradıcı olan uğurlu məzunu Ali Məclis Sədri çox hörmətli Vasif Talıbovun özünəməxsus idarəçilik nailiyyətləri sayəsində böyük bir intibaha nail olmuş, qısa vaxt ərzində dirçəlmə və misilsiz inkişaf yolu keçmiş, möhtəşəm bir əzəmətə, nəhəng bir qüdrətə sahib olmuşdur. 23 illik bir zaman çərçivəsində Naxçıvan Muxtar Respublikası hər sahədə az qala əsrlərə bərabər inkişaf yolu qət etmişdir. Bizim fikrimizcə, Naxçıvan Muxtar Respublikası elə bir yenilənmə və inkişafa nail olmuşdur ki, dəyişmə və yenilənmənin sürəti bir çox baxımdan insanların təfəkkür və uyğunlaşma sürətini aşıb keçmişdir. Təfəkkür dəyişmənin arxasınca təngənəfəs qalmalı olmuş, yeniləşmə təfəkkürü dəyişdirmiş və onu zənginləşdirmişdir.

Ölkəmizdə milli müstəqillik əldə edildikdən və xalqın təkidli tələbi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra hərtərəfli inkişaf, quruculuq və dirçəliş özünün göstərməyə başlamışdır. Müdrik liderin həyata keçirdiyi uzaqgörən tədbirlər sayəsində ölkəmiz hərtərəfli inkişaf və dirçəliş yoluna qədəm qoymuş, sürətlə inkişafa nail olmuşdur. Dahi liderin müdrikliklə həyata keçirdiyi və müəyyənləşdirdiyi taleyüklü məsələlər ölkəmizin inkişaf və dövlətçilik yoluna çevrilmiş, Heydər Əliyev siyasi kursunu müəyyənləşdirmişdir. Bu gün dahi liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin yaradıcı və uğurlu fəaliyyəti ölkəmizi daha da böyük inkişafa çatdırmışdır. Həm daxili, həm də xarici siyasətdə əldə olunan uğurlar, hərtərəfli inkişaf və sürətli dəyişmə, intibah ölkəmizin Heydər Əliyev siyasi kursunun uğurla davamı nəticəsində əldə etdiyi əvəzolunmaz nailiyyətdir. Bu mənada uğurlu siyasi varis kimi ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi müdrik rəhbərlik sayəsində bütün bölgələrdə və bütün sahələrdə ciddi inkişaf və nailiyyətlər özünü göstərmişdir. Naxçıvan Muxtar Respublikasında da dahi liderin siyasi məktəbinin uğurlu davamçılarından biri kimi muxtar dövlətimizin başçısı hörmətli Vasif Talıbovun dönmədən həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada, sözün əsl mənasında, inkişafa, intibah və çiçəklənməyə nail olunmuşdur. Naxçıvan özünün yüksək inkişafı, sürətli iqtisadi dirçəlişi və nailiyyətləri, hərtərəfli quruculuq və abadlıq işləri, dövlətçiliyin möhkəmləndirilməsi və vətəndaş həmrəyliyi və sair istiqamətdə həyata keçirilən tədbirlərlə idarəçiliyin Naxçıvan modeli və məktəbini formalaşdırmışdır. Hər bir rayonda, kənddə, şəhərdə və ya qəsəbədə aparılan balanslı quruculuq tədbirləri bütün muxtar respublikanın simasının, sosial-iqtisadi həyatının və əhalinin yaşayış tərzinin müasir tələblər səviyyəsində müəyyənləşməsinə imkanlar açmışdır.

Bir həqiqət var ki, Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürmüşdür. Ona görə ki, bu sessiyada “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, - deyə ümummilli lider Heydər Əliyev proqramını özünə yeganə proqram olaraq elan edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1969-cu ildən başlanan quruculuq və inkişaf yolunu özünün əzmkar, yaradıcı və xalqa qayğılı fəaliyyəti ilə yeni inkişaf səviyyəsinə çatdırmışdır.

Naxçıvan Muxtar Respublikasının 23 ildə keçdiyi uğurlu yol təkcə onun paytaxtında, mərkəzi şəhər və qəsəbələrində deyil, bütün ərazilərində, ən ucqar kəndlərində belə özünü göstərir. Mərkəz kimi ucqarlara da qayğı həmin ərazilərdə müxtəlif sahələrdə, xüsusilə sosial yönümlü sahələrdə yeniləşmə və müasirləşmənin həyata keçirilməsini daha bariz nümayiş etdirir. Nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi, ən əsası sosial yönlü infrastrukturların – yol, səhiyyə, təhsil, inzibati idarəçilik və sair sahələrin yenilənməsi və müasir standartlara uyğun yenidən qurulması əhaliyə dövlət qayğısının ən bariz ifadəsidir.
Naxçıvanın muxtariyyətində son 23 il sanki ayrıca bir eranı müəyyənləşdirir. Bu era quruculuq, yenilənmə, bir sözlə intibah erasıdır. Muxtariyyətin əvvəlki illərində muxtariyyətə nail olunmuş və muxtariyyətin təməli atılmışdırsa, bu 23 ildə Naxçıvan muxtariyyəti əsl muxtar dövlətçiliyə nail olmuş, muxtar idarəçilikdə yeni və özünəməxsus yol müəyyənləşdirmişdir. Dünyada Naxçıvana bənzər muxtar dövlət qurumları çoxdur. Amma muxtar dövlətçilikdə Naxçıvanın nümayiş etdirdiyi nailiyyətlər və muxtar dövlət təzahürü bənzərsiz və təkrarolunmazdır. Özünəməxsusluğun bir cəhəti də ondadır ki, Naxçıvan Muxtar Respublikası istər siyasət, istər iqtisadiyyat, istərsə də beynəlxalq münasibətlər sahəsində müqayisə edilməz uğurlar nümayiş etdirmişdir. İran, Türkiyə və Azərbaycan Prezidentlərinin görüşlərinin Naxçıvanda keçirilməsi, Türk Dünyası Başçılarının sammitinin Naxçıvanda baş tutması, hörmətli Ali Məclis Sədrinin İran və Türkiyəyə səfərləri, beynəlxalq münasibətlər sahəsində danışıqlar müvəffəqiyyəti və sair məhz Naxçıvan Muxtar Respublikasının siyasi məkan və önəmli region statusunun yaratdığı gerçəkliklər və zəfərlərdir. Naxçıvan hərtərəfli inkişafı və dirçəlişi ilə Azərbaycanın inkişaf strategiyasının uğur ifadəsidir. Naxçıvan muxtar dövlətçiliyi sübut etdi ki, nailiyyət siyasəti müəyyənləşdirmir, siyasət, düzgün idarəçilik nailiyyəti müəyyənləşdirir. Yalnız düzgün siyasi yol, peşəkar dövlətçilik idarəsi, yaradıcı diplomatiya və bacarıq, ən əsası, xalqına, vətəninə sədaqət və bağlılıq dövlətçilik müvəffəqiyyətinin düsturudur. Naxçıvan Muxtar Respublikasının nailiyyətləri ilə Ali Məclis Sədri hörmətli Vasif Talıbov məhz bu yolu, bu düsturu yaratdı, eyni zamanda onun müvəffəqiyyət və təntənəsini nümayiş etdirdi.

Təhlillər və müqayisələr göstərir ki, Naxçıvan Muxtar Respublikasının 23 ildə əldə etdiyi uğurları Naxçıvanın muxtar respublika kimi təsis olunduğu 1924-cü ildən 1995-ci ilə qədərki dövründən müqayisə olunmaz dərəcədə çoxdur. Naxçıvan bu gün ikinci intibah dövrünü yaşayır. Maraqlıdır ki, Naxçıvan Azərbaycan atabəyləri dövründə - Atabəylər dövlətinin paytaxtı olduğu 19 illik bir zaman daxilində məhz Naxçıvandan başlanan, boy atıb bütün Şərq intibahını təyin edən bir çiçəklənməyə nail olmuşdu. Maraqlıdır, məhz muxtariyyətinin 23 ilində də Naxçıvan yenə də böyük bir intibah nümayiş etdirməklə intibah vətəni, mədəniyyət beşiyi və dövlətçilik ənənəsi olduğunu bir daha təzahür etdirdi. Naxçıvanın muxtariyyətinin son 23 ildə yaratdığı intibahın nüvəsində adamların qayğısı və ehtiyaclarına yönəlik fəaliyyət əzmi dayanır. Məhz rəhbər müdrikliyi, vicdanı və xalqa bağlılığı möhtəşəm Naxçıvan möcüzəsinin səbəbində yer alır. Hər bir inkişafa nail olunanda, hər hansı bir layihəyə, proqrama, quruculuq və yenilənmə həyata keçiriləndə xalq mənafeyi, əhalinin yaşayış şəraiti və qayğıları hədəfə alınmışdır. Ucqarlardan tutmuş mərkəzə, sadə kəndlidən tutmuş alimə, fəhlədən tutmuş məmura, körpədən tutmuş ahıla qayğı muxtar dövlətə rəhbərliyin prioritetini təşkil edir. İnsana qayğı, əhaliyə xidmət məqsədi Naxçıvanın quruculuq fəlsəfəsində dayanır. Kəndlinin palçıqlı ayaqları altına asfalt yol döşəmək, damından su damlayan uçuq-sökük məktəblərini yepyeni, müasir, yeni texnologiyalarla təchiz olunmuş məktəblərlə əvəz etmək, sovetin köhnə vaqonlardan ibarət tibb məntəqələrini götürüb yerində səliqəli, müasir avadanlıqlarla təchizatlı səhiyyə ocaqları tikmək hər birimizin gözü qarşısında baş verən Naxçıvan quruculuğunun məqsədini təşkil edir. Həm də Naxçıvanın quruculuq-inkişaf dinamikasını nümayiş etdirən konkret göstəricilər fərəhli bir nəticəyə gəlməyə əsas verir və intibah yaratmanın, bu çiçəklənməyə, misilsiz yenilənmə və qüdrətlənmə müvəffəqiyyətinə nail olmanın sirrini aydınladır ki, Naxçıvanın yeni intibahının müəllifi Ali Məclisin Sədri çox hörmətli Vasif Talıbovun özü də dediyi kimi: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”. Bu idarəçiliyin və düzgün yaradıcı siyasətin yekunu olaraq idarəetmənin Naxçıvan modeli yaranır. Azərbaycanın inkişaf strategiyasının banisi, ümummilli lider Heydər Əliyev və uğurlu siyasi varis, davamçı, dünyaşöhrətli siyasətçi cənab Prezident İlham Əliyev tərəfindən müxtəlif dövrlərdə Naxçıvandakı inkişaf və intibahın böyük diqqətlə qarşılanması, bilavasitə bu uğurların düzgün siyasətin və uğurlu idarəetmənin, xalqa və vətənə məhəbbətlə rəhbərliyin nəticəsi olduğunun qeyd edilməsi, bu rəhbərliyi yaradan hörmətli Ali Məclis Sədrinə minnətdarlıq ifadə olunması da idarəçiliyin Naxçıvan modelinin uğurunu təsdiq edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbov ...sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”- deyə, fikirləri Naxçıvanda ümumi inkişafa səbəb olan amili aydınlığı ilə tərif edir və bəyənildiyini göstərir. Bu təsdiqdən bir az sonra Heydər Əliyev yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev: “Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir. ...Siz Naxçıvanda işlərin düzgün qurulması, Naxçıvanın rəhbərliyinin, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. ...Sizə deyə bilərəm ki, Naxçıvan Azərbaycanda liderdir... Abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir. ..Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir. Mən ...Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm... Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Mən əminəm ki, ...Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır” – deyə, Azərbaycan siyasətinin banisi ilə fikir birliyi təzahür etdirir, beləliklə, Azərbaycan rəhbərliyi Naxçıvana tamamilə düzgün rəhbərlik və idarəçilik edildiyini təsdiq edir.

Ulu öndər Heydər Əliyev zəkasından boy atan Azərbaycan bütün regionları ilə hərtərəfli sürətli inkişaf dövrü keçir. Bu mənada Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətlər Azərbaycan inkişafının konkret bariz nümunəsidir. Xalqa bağlı rəhbərinin ağıl, zəka və müdrikliyi ilə sürətli bir inkişaf və intibah yolu keçən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi kursunun konstruktiv mahiyyətini dünyaya təzahür etdirir. Daha böyük nailiyyətlər uğrunda alınmaz qala kimi dayanan Naxçıvan Muxtar Respublikasında ciddi işlər həyata keçirilir, gərgin əmək sərf olunur. Hörmətli Ali Məclis Sədrinin ölkə başçısı İlham Əliyevin sözlərinə istinadən dediyi kimi: “Növbəti illərdə biz bütün istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti üzrə ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın”.

Ramiz Qasımlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 902
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031